“Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bu barədə Heftelik.az Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ilkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilib ki, toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

saat 20.48

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

Heftelik.az  xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə iki həftə öncə mərkəzi tərk edib.

***

saat 12.53

Barəsində cinayət işi başlanılan “Qurtuluş” Reabilitasiya Mərkəzində müalicə alan pasiyentlər istintaqa çağırılıblar.

Heftelik.az oxu.az-a istinadən xəbər verir ki, mərkəzdə müalicə adı ilə saxlanılan 11 nəfər istintaqa şikayət edərək, azadlıqlarının qanunsuz məhdudlaşdırıldığını deyib. Prokurorluğun araşdırmaları zamanı həmin şəxslər evlərinə qayıtmaq istədiklərini bildiriblər.

Həmin şəxslərin ailələrinə qaytarılması təmin edilib.

Qeyd edək ki, Sumqayıt Şəhər Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, mərkəzin rəhbəri Ceyhun Salmanov və digər iki nəfər saxlanılıb.

***

***

saat 10.13

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş saxlanılıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  Salmanov Ceyhun Məzahir oğlu, Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu tutulub.

Qeyd edək ki, Baş Prokurorluq “Qurtuluş” Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı bir müddət əvvəl məlumat yayıb.

Məlumatda bildirilirdi ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.

Nəsimi Nəbizadənin qaçdığı mərkəzə cinayət işi açıldı – YENİLƏNİB