“Kəpəz”in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatları bəlli olub.
Heftelik.az Qafqazinfo-ya istinadla xəbər verir ki, yarımmüdafiəçi dostunu qorumaq üçün özünü irəli verib.
Belə ki, o, dostu və iki xanımla birlikdə Gəncədəki restoranların birində əylənirmiş. Gecə saatlarında isə onlar restoranı tərk ediblər. Təxminən 04:00 radələrində futbolçu, dostu və xanımlarla birgə evə yollanıb.
Yolda isə həmin xanımlardan birinin keçmiş sevgilisi onların qarşısını kəsib. Həmin şəxs Veysəlin dostu ilə mübahisə etdikdən sonra ona bıçaq zərbəsi endirməyə çalışıb. V.Rzayev isə dostunu qorumaq üçün özünü irəli verib və bıçaq ona dəyib.
Nəticədə futbolçu ağır yaralanıb.
Maraqlıdır ki, Veysəlin yanındakı dostu da “Kəpəz”in keçmiş futbolçusu Nihat Fərəcidir. Hazırda o, İkinci liqada mübarizə aparan “Şəki Siti” klubunda çıxış edir.
