Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, 7 yaşlı S.B Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 4-də saat 18 radələrində 7 yaşlı oğlan bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub: “Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

DİN-in mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bıçaqlanan azyaşlının atası Rəşad Bəşirov APA-nın yerli müxbirinə hadisənin evlərinin yaxınlığında baş verdiyi bildirilib:

“Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm. Uşaq mənə dedi ki, evin yanında oynayırmış, çağırıblar, aparıb bu hala salıblar. Uşağa 19 bıçaq xəsarəti yetirilib. Həkimlər sağ olsun, əllərindən gələn hər şeyi etdilər”.

R.Bəşirov onu da deyib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin dayısı ilə dostdurlar.