Fevralın 6-da səhər saatlarında güllələnmə hadisəsi baş verən “İdrak” liseyinin yerləşdiyi bina ilə bağlı iddialar yayılır. Mülkün və liseyin ötən ilin dekabr ayında həbs olunan iş adamı Ruslan Eyyubova məxsus olduğu deyilir.

Heftelik.az xəbər verir ki, bu barədə BAKU.WS məlumat yayıb.

R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Onlar general–polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.
Globalinfo.az-a özəl mənbələrdən daxil olan məlumatda isə bildirilir ki, “İdrak” liseyinin yerləşdiyi bina sabiq baş prokuror Zakir Qaralova və qardaşına məxsusdur. Onların bu liseyi Z.Qaralov baş prokuror vəzifəsində işlədiyi vaxt qurduqları deyilir.
Mənbəmiz bildirir ki, Mönsüm Alışov Zakir Qaralovun yaxından dəstəyi ilə bu liseyə rəhbər gətirilib. Qeyd edək ki, Mönsüm Alışov 1954-cü ildə Qubadlının Çərəli kəndində anadan olub.
Xatırladaq ki, “İdrak” liseyi 2008-ci ildə Sumqayıtda yaradılıb, 2014-cü ildə isə Bakıda filialı açılıb.

***

saat 14.28

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıdakı “İdrak” liseyində şagird müəllimi güllələyib.

Heftelik.az Bakı.vs-yə istinadən xəbər ki, həmin liseyin yerləşdiyi binanın sahibi Ruslan Eyyubovdur.

Xatırladaq ki, Ruslan Eyyubov ötən ilin sonunda beş milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.

Qeyd edək ki, “İdrak” liseyində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Güllə yarası alan 28 yaşlı müəllimə Şəhla Kamilova xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.