
Fevralın 8-də saat 16:30 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Heftelik.az xəbər verir ki, bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
1997-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
saat 07.50
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.
Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Sürücü S. Şükürlü və avtomobildə olan digər sərnişinlər – 1994-cü il təvəllüdlü Samir Qurbanov (Quba sakini) və 1997-ci il təvəllüdlü Namiq Əsgərov (Şamaxı sakini) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada həlak olan və xəsarət alanlar hərbi qulluqçulardır. Hadisə xidmətdən kənar vaxtda baş verib.
