Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İdarənin (Qafqaz Müsəlmanları İdarəsi – red.) tarixən təsir dairəsinə daxil olan Şimali Qafqaz və Dərbənd müftilərinin, həmçinin bölgə azərbaycanlılarının istəyini nəzərə alaraq, “Dini etiqad azadlığı haqqında Qanun”a uyğun olaraq nümayəndəliklərimizin və qazılıqların fəaliyyəti genişlənib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi və Qərbi Azərbaycan İcmasının birgə tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Qafqaz Müsəlmanları İdarəsinin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir: “Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir – hazırda Vatikanda nümayəndəliyimizin yaradılması məramı ilə danışıqlar aparırıq. Qafqaz Müsəlmanları İdarəsi mərkəzi Bakıda, Azərbaycanda fəaliyyət göstərən, Azərbaycandan başqa Gürcüstan, Ermənistan, Şimali Qafqaz müsəlmanlarını ehtiva edən yeganə regional ictimai-dini təşkilatdır”.