Heftelik.az şair Əşrəf Veysəllinin APA-nın “Əsrin yaşıdı” layihəsi çərçivəsində müsahibəsini təqdim edir

 

Dosye: Şair Əşrəf Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayır. Ötən əsrin 50-ci illərindən ədəbi mühitdədir.

Evin tək oğlu olub Əşrəf Veysəlli. Ona görə də institutu bitirhabitirdə atası Füzulidən durub gəlib Bakıya ki, oğlum, şərqşünaslıq fakültəsini qurtaranların çoxu kimi nə badə xaricə filan gedəsən, sənə kənddə iş tapmışam, qayıt evimizə. İki seçim arasında qalan Əşrəf Veysəlli də heç vaxt doğma Parisindən kənara çıxa bilməyib dünyanı ancaq bənzərsiz romanları ilə gəzən Jül Vern kimi özünə üçüncü yol açır, o dövrdə yenicə təşəkkül tapan Sumqayıta üz tutur. Özü kimi gənc şəhərdə kök salır və bir şeir-söz adamı olaraq təkcə Sumqayıtın yox, bütöv Azərbaycanın ədəbi mühitində seçilir.

Beləcə ölkələri gəzə bilməsə də, taleyin acığına ömrün illərini gəzir.

Gəzir.

Gəzir.

Və gəlib çıxır 88 yaşına…

Hərdən belə də olur: ömür zamanla yox, məsafə ilə ölçülür. Bir də görürsən, ucqar bir kənddən çıxan sadə bir oğlan gəlib 88 yaşlı məntəqədə dayanır.

Biz də Sumqayıtdayıq. Əşrəf Veysəllinin evində. Gəlmişik görək şair ömrünün 88-ci zirvəsindən dünya necə görünür?

…masanın ütündəki kağız-qələmi göstərib soruşuram.


– Əşrəf müəllim, maşallah, deyəsən, bu yaşda da yazı-pozudan qalmırsınız.

– Əvvəlki kimi yaza bilmirəm. Gözlərim görmür, yazanda zülm çəkirəm. Böyüdücüm var, məcburən lupa ilə yazıram. O da məni boğaza yığır, əlimdən düşür.

– Nə əcəb kompüterdə yazmırsınız?

– Kompüterdə yox, telefonda yazıram.

– Mən elə bilirdim yalnız gənclər telefonda yazırlar.

– Şeir də yazıram, o biri yazıları da. “Ömürdən fraqmentlər” adlı böyük əsər yazmaq istəyirdim. Kağızda yazıb redaksiyaya göndərirəm, amma özümdə qalmır. Telefonda yazdıqlarım da bir də görürsən silinir. Əllə yazanda da görürsən ki, bir sətrin üstünə təzədən bir də yazıram. Gözüm görmür. Yazandan sonra oxuya bilmirəm. Şeir axı vəhylə gəlir. Çalışıram yaddaşımda saxlayım, sonra telefona köçürürəm.

Rəsul Rzanın Lenin haqqında yazdığı poema da böyük əsərdir

– Axırıncı yazdığınız şeir hansıdır?

– Şuşanı gedib gəzdik. Şuşa qalası haqqında yazdım. Üç bənddən ibarətdir. Dayan görüm yadımda qalıb?

Fikrə gedir.

Bu da Cıdır düzü… Dayan görüm necədir? Uçuş zolağı (astadan deyir). Nurlu kəhkəşandır yolu-yolağı… (Yadına salmağa çalışır) axırını deyirəm:

Nurlu kəhkəşandır yolu-yolağı,

Canlara dərmandır İsa bulağı.

Bu da Cıdır düzü, uçuş zolağı,

Möhtəşəm laynerdir Şuşa qalası.

– Aerodinamik bənzətmə də işlətmisiniz.

– Hərdən bir şeirə belə elementlər qatıram.

– Həmişə hecada yazmısınız?

– Əruzda da yazmışam, çox azdır, amma var.

– Nə əcəb sərbəstdə yazmamısınız?

– Sərbəstdə də yazmışam, düzdür, əzbər bilmirəm. Əsasən hecada yazmışam.

– Çünki sizin şeirə, ədəbiyyata gəldiyiniz dövrdə, bir tərəfdə Səməd Vurğun xətti var idi. Siz Səməd Vurğunu canlı görməmisiniz.

– Yox, görməmişəm.

– Bir tərəfdə də Rəsul Rza xətti var idi.

– Bəli.

– Özü də deyəsən Rəsul Rza Sumqayıt Poeziya klubunun fəxri sədri olub. Yəqin əlaqəniz varmış.

– Çox yaxşı əlaqələrimiz olub. Özü də mənim yaradıcılığım haqqında çox gözəl fikirlər deyib.

– Siz və o dövrün gəncləri Rəsul Rza yaradıcılığı haqqında nə fikirləşirdiniz?

– Rəsul Rza böyük sənətkar idi. Rəsulu heç kəs dana bilməz. Onun hətta Lenin haqqında yazdığı poema da sənətkarlıq baxımından böyük əsərdir.

– Bəs nə əcəb onun yolunu tutmadınız?

– Ürəyimə ən çox yatan heca vəzni idi. Ona görə hecada yazırdım.

– Deyirəm yəni Rəsul Rza ilə tez-tez görüşürdünüz, nə əcəb təsiri sizə keçməyib, Səməd Vurğun yolu tutmusunuz?

– Bizim Poeziya klubundakı görüşlərimizin hamısı Rəsul Rzanın iştirakı ilə keçirdi. Hər dəfə Sumqayıta gəlirdi. Ora Əli Kərim adını da mən təsdiq elətdirmişəm. Özündən demək olmasın, yoxsa, yaxın qoymurdular.

– Əli Kərim o zaman artıq vəfat etmişdi?

– Hə. Amma Sumqayıtda Poeziya klubunun yaradılması ideyası da Əli Kərimin olmuşdu. Onun Sumqayıtda əsəri oynanılırdı. Həmin vaxtı Əli Kərim Sumqayıtda Poeziya klubu yaratmağı, tədricən onun nəzdində Poeziya teatrı ərsəyə gətirməyi təklif etmişdi. Onun arzusunu gerçəkləşdirən şair Vaqif İbrahim oldu. Allah ona rəhmət eləsin. Bir əli Rəsul Rzanın, o bir əli Bəxtiyar Vahabzadənin qolunda idi. Onların dəstəyi ilə bu klubu yaratdı, mən də Əli Kərimin adının kluba verilməsi üçün çalışdım.

Erməni qadının şeirlərini tərcümə elədim, məni direktor qoydu

– Deməli, Rəsul Rzanın rəhbərliyi ilə burada poeziya gecələri keçirilirdi.

– Hə. Hətta bir yerdə şəkillərimiz də var.

– Əl altındadır? Baxardıq.

– Yox e. Heç bilmirəm haradadır. Kitablarım da dağınıq haldadır.

– Bu evi özünüz almısınız, ya dövlət verib?

– Dövlət verib o vaxtları.

– Neçənci ildə?

– Hardasa 83-cü ildə.

– Şair olduğunuza görə veriblər?

– Yox əşi, şairliyə görə heç nə verməyiblər. Özüm işləyib almışam, yəni növbəyə durmuşam, o vaxt dövlət verib. Hər şeyə görə şairliyə minnətdaram. Burda məni şairliyimə görə işə götürüblər. Mən Sumqayıta təzə gələndə işsiz qalmışdım. Mədəniyyət İdarəsinin də müdiri Tamara Rəsulova adlı bir erməni qadın idi. Atası azərbaycanlı idi. Azərbaycan Həmkarlar İttifaqının sədri Lidiya Xudatovna ilə ata ayrı, ana bir bacı idilər. Tamara rusca şeirlər yazırdı. Vaqif bir gün dedi ki, ay Əşrəf, özün də işsiz qalmısan, Tamaranın bir-iki kuplet şeirini tərcümə elə, görək nə olur. Mən də atüstü onun iki şeirini götürüb Azərbaycan dilinə çevirdim, heç xoşuma da gəlmirdi, day nağayraq.

– Hə də, erməniyə dayı de, işinin xətrinə. Siz xala demisiniz.

Gülüşürük.

– Hə. Məcburən. Tamara oxudu, dedi “Aşraf, spasibo”. Bundan sonra məni Şahmat klubuna direktor göndərdi (qəşş edir). Şahmat oynaya bilmirəm, a kişi. Şahmatdan, şaşkidən başım çıxmır. Nolsun! Bir şeirə görə mən oldum direktor.

– Nə qədər müddət işlədiniz?

– Bir il Şahmat klubunun direktoru oldum. Ondan sonra Poeziya klubunun direktoru oldum, sonra Şəhər Mədəniyyət Evinin direktoru oldum, sonra Sumqayıt Dram Teatrının direktoru oldum. Belə, pillə-pillə gəlmişəm.

– Sizin bioqrafiyanıza baxıram. İlk başdan yüksək vəzifələri tutmusunuz. Amma çoxunda da az qalmısınız, bir il, iki il.

– Az-az işləmişəm. Bilirsən niyə?

Almağım var, verməyim yox,

Vallah, məndən müdir olmaz.

Gülür.

– Orda korlamısız da.

– Gərək aldın, verəsən də. Zarafat bir qırağa, mənə evi də bu cür vəzifələrdə işləməyimə görə veriblər, o işlərdə işləməsəydim, mənə ev verməzdilər.

Xalq şairi adı almaq iddiasında deyiləm

– Elə mədəniyyət xadimləri də var ki, onlara dövlət şairliyinə görə ev, ad verir.

– Şairliyimə görə taleyimə çox minnətdaram. Əməkdar mədəniyyət işçisi adını mənə şairliyimə görə veriblər.

– Nə əcəb könlünüzdən Xalq şairi adını almaq keçmir?

– Mənə Prezidentin fərdi təqaüdünü də veriblər. Düzdür, Xalq şairi adı almaq iddiasında deyiləm, amma versələr, yox da demərəm.

– Əşrəf müəllim, Əli Kərimlə münasibətiniz necə olub?

– Əli Kərimlə yaxın dost olmuşuq. Mənim Əli Kərimə, onun balalarına şeirlərim də var. Rəhmətlik Orxana şeirim var. Paşa mənim burda qonağım olub.

Hamıdan gizliydi kədəri, qəmi

Asta danışardı, xəfif gülərdi.

Xətrinə dəysələr bənövşə kimi

Gedib kol dibində bitə bilərdi.

Əli Kərimə yazdığım şeirdir. Onunla çox yaxın olmuşuq. Elza xanımı da tanıyırdım, evlərinə gedirdim.

– Əşrəf müəllim, bu cür istedadlı şair idi, taleyi niyə belə bəxtsiz şəkildə yekunlaşdı?

– İçkiyə çox qurşandı, bir də ailəsində hiss olunmaz, kənardan bilinməyən narazılıq var idi. Hətta bir şeirində deyirdi ki, əgər məni qovsanız, bir gün övladlarımın toyuna çağırılmamış bir qoca gələr. Sözə bax e.

– Onun şeirində övladlarıyla vidalaşma ovqatı açıq-aydın duyulur. Sanki bu dünyadan tez köçəcəyini hiss edirmiş.

– Sən mənim qədrimi biləsən deyə,

Bu cavan yaşımda ölümmü indi?

Əli Kərimin şeiridir. Özü də o ömrünün son vaxtlarını Sumqayıtda keçirmişdi. Bura tez-tez gəlirdi.

Əli Kərim restoranda ermənilərlə dalaşdı ki, öz vətənimizdə də danışmağa qoymurlar

– Deyəsən, bir dəfə yoldaşı ilə dalaşıblar, qadın başını yarıbmış.

– Mən daha o dərinliyə getmirəm, amma xəstəxanada yatıb. “Vəsiyyət” şeirini də orada yazıb. Onun dəfnini də Rəsul Rza təşkil etmişdi.

Heyf çox içirdi. Bir dəfə soruşdum ki, nə alım? Dedi ölüm. Tez-tez təkrar edərdi ki, bəsləsən atlas olar tut yarpağından. O bekar qaldı, işsiz qaldı, sıxıntılar yaşadı. Bütün bunlar ona təsir elədi. Çox vaxt evdə tapılmırdı, bura qaçıb gəlirdi.

– Yəqin burda da onun şəninə xudmani məclislər qurulardı.

– Sumqayıtda bir “Bahar” restoranı vardı. Orada idik. Qonşu masada da ermənilər əyləşmişdilər. Bu ermənilər elə yüksəkdən danışırdılar ki, imkan vermirdilər söhbət edək. Birdən Əli qalxdı ayağa, qollarını çırmalayıb üstlərinə getdi, davaya girmək istədi, güclə sakitləşdirdik. Deyirdi, ermənilər öz vətənimizdə də bizi danışmağa qoymurlar. Əli bax, elə bir oğlan idi.

Yadıma gəlir, Zuğulbada gənc şairlərlə görüş keçirildi. Biz də ora gedəcəkdik. Yazıçılar İttifaqının qarşısındakı bağda gəzdiyimiz yerdə adını demirəm, bir Xalq şairi qarşımıza çıxdı. Əli tərəfə dönüb dedi ki, o nədir yazmısan, intellektual poeziya nədir? O vaxt intellektual poeziya termini təzə işlənirdi. Əli Kərim də “Azərbaycan gəncləri” qəzetində Camal Yusifzadənin şeirləri haqqında geniş məqalə yazmışdı.

– Camal da elə intellektual poeziyanın nümayəndəsi idi.

– Bəli, bəli, elədir. Xalq şairi Əliyə dedi ki, sabah Zuğulbada məruzəm var, orada səni tənqid edəcəm. Əli baxdı, baxdı, dedi, neynək, tənqid edərsiniz, cavabını alarsınız. Səhər gəldik, bu kişi qalxdı kürsüyə. Ən çox da Vaqif Səmədoğlunu tənqid elədi, həmin vaxt Vaqifin “Yoldan teleqramlar” adlı kitabı çıxmışdı. Təxminən iki-üç şeir parçası nümunə gətirmişdi ki, qabaq cərgələrdə oturmuş Anar birdən ayağa qalxıb dedi ki, Vaqifdə elə şeir yoxdur. “Nətər yanı yoxdur? Heyf, kitabı özümlə götürməmişəm, yoxsa sizə göstərərdim”, – Xalq şairi qeyzləndi. Anar kitabı cibindən çıxarıb ona uzatdı: “Buyur, göstər”. O da kitabı aldı, ora vərəqlədi, bura vərəqlədi, eynəyini taxdı, dedi, göstərərəm. Anar da israr etdi ki, burda göstər. Bu vaxt Əli Kərim ayağa qalxıb dedi ki, mən getdim, Əşrəf. Soruşdum, xeyir ola? Dedi, ə bu özünü ifşa etmək üçün bir ay hazırlaşıb, mən bunun nəyini biabır edəcəm? Nə isə, durdu getdi. Sonra gedib gördük otaqdadır. İçib, hazırdır. Və həmən gecə səhərə qədər bizə Aleksandr Blokun “Şairlər” şeirini oxuyub tərcümə elədi. Onda orda mən idim, Vaqif İbrahim idi, Füzulidən olan şair Kərəm Hətəmov idi.

– Anar, Elçin, Vaqif Səmədoğlu yox idi?

– Ordaydılar, amma bizim otaqda deyildilər.

– Belə çıxır, o dövrdə də hərənin öz dəstəsi varmış.

– Elədir.

– Bakıda böyümüş Vaqif, Anar, Elçin, Rüstəm-Maqsud İbrahimbəyov qardaşları kimi şair-yazıçıların sizin kimi rayondan gəlmiş şair-yazıçılarla münasibəti necə idi?

– Onlarla elə yaxın olmamışam. Mən yaxın olmuşam rəhmətlik Sərdar Əsədlə. Tanıyırsan?

– Bəli. İntihar eləmişdi.

– Elədi. Gözəl şair idi.

– O niyə intihar eləmişdi?

– Vallah, deyəsən onun da ailəsi ilə problemləri vardı.

– Özünü tüfənglə vurmuşdu.

– Hə. Böyük şair idi. Bax, onunla dostluq eləmişəm. Məmməd Arazla, Tofiq Bayramla yaxın olmuşuq.

– Yəni deməyim odur, şəhər şair-yazıçıları sizə yuxarıdan aşağı baxmırdılar?

– Yox, bizə elə baxmırdılar. Amma öz çevrələri vardı. O vaxtı aparıcı şairlər Xəlil Rza idi, Nəriman Həsənzadə idi, Tofiq Bayram idi – bunlar əsas sevilən şairlər idi.

Sənə deyim ki, ilk dəfə mənə qonorarı Anar yazıb. Bəlkə heç özünün də xəbəri yoxdur. Mən fars dilindən poema tərcümə etmişdim. Anar da onda radioda işləyirdi, həmən poemanı radioda verib mənə 77 manat qonorar yazmışdı.

O Xalq şairindən zəhləmiz gedirdi

– Əşrəf müəllim, bayaq adını çəkmədiyiniz Xalq şairi kim idi?

– Adını demək istəmirəm.

– Tarix üçün…

– Məmməd Rahim.

– Məmməd Rahim Müşfiqin əleyhinə də donos yazıbmış.

– Hə, elə bir şey var.

– Sizin ona münasibətiniz necə idi?

– Mənim onunla elə bir yaxınlığım olmayıb.

– Ədəbi mühiti nəzərdə tuturam.

– Pis baxırdıq.

– Deyirlər Mikayıl Müşfiqin evindəki axtarışda Məmməd Rahim də iştirak edib. Guya əlyazmalarını oğurlayıb, sonra o şeirləri öz adına çıxıb.

– Hətta deyirlər, “Leninqrad göylərində” də onun deyil.

– O dövrdə Müşfiqin şeirlərini oğurlaması söhbəti gəzirdi?

– Ondan zəhləmiz gedirdi. Münasibətimiz yaxşı deyildi.

– İnsafən “Saldı qara gözlərin neçə aşiqi bəndə” kimi yaxşı şeiri də var.

– O çox gözəl şeirdir. Sən deyirsən bir-iki gözəl şeiri də olmasın? Gərək Müşfiqə qarşı o hərəkətləri etməyəydi.

– Əşrəf müəllim, Sovet dövründə rejimə, status-kvoya qarşı çıxan şairlər var idimi? Çünki sovetlər dağılanda məlum oldu ki, bizdə sandıq ədəbiyyatı yox imiş.

– Yox idi, hə.

Kim danışıqda rusca söz işlədirdisə, Xəlil Rza cərimələyirdi

– Heç olmaya Sovet hökumətinə qarşı çıxan var idimi? Yazılanlar ayrı, siz axı bunun canlı şahidi olmusunuz.

– Xəlil Rza var idi. Onu sovet vaxtı Gəncə Pedaqoji İnstitutundan danışıqlarına görə işdən çıxarmışdılar. Amma Gəncə müəllimləri hər ay ianə toplayıb Xəlilə yollayırdılar ki, acından ölməsin, ailəsi dolansın. Xəlil Rza Lefortovo zindanına düşəndə mən ona şeir yazmışdım. Yoldaşı Firəngiz qara çörəyin içində aparıb ona çatdırmışdı.

Sağ ol, qardaşım Əşrəf,

Ağlatdı şeirin məni.

Qansız generalların,

Ağlamadım önündə.

Mənə cavab yazmışdı. Xəlil Rza böyük, üsyankar şair idi.

– Yəni elə Sovet dövründən üsyankar idi?

– Bəli. Onun beş qəpik məsələsi var idi. Kim danışıqda rusca söz işlədirdisə, 5 qəpik cərimələyirdi. Sonra da yığılan pula məclis qurulurdu. Mənim özüm də cərimə olunmuşam. Deyəsən “uje” demişdim.

– Rəhmətlik Oqtay Rzada da eyni xasiyyət vardı. Çexova Anton Çex deyirdi.

– Onunla çox yaxşı münasibətim olub, ürəyi dolu kişi idi.

– Xəlilin işdən çıxarılmağı neçənci illərə təsadüf edir?

– Təxminən altmışıncı illərə təsadüf edir.

– Xəlil Rza haqqında belə rəvayət də dolanır ki, özü ilə ehtiyat köynək gəzdirirmiş, alovlu çıxış edib köynəyini cıranda dəyişirmiş. Düzü mən inanmıram…

– Yox, köynəyini cırdığını görməmişəm. Şeir deyəndə əl-qolu ilə danışmağı vardı. Amma öz aramızdır, Xəlil Rzadakı ürəyə bax ki, oğlu şəhid olanda Firəngiz xanıma dedi ki, səni təbrik edirəm, oğlumuz azadlıq yolunda şəhid oldu. Kim edər bunu, hansı şair edər? Oğlunun dəfni zamanı Xəlil Rzanın çıxışına baxasan, əsl şairdir.

– Əşrəf müəllim, sirr deyil ki, yazıçı-şairlər arasında da qısqanclıqlar olur. Sizi elə gələn kimi ədəbi mühitə qəbul etdilər, yoxsa sınaqlar oldu?

– Mən ilk dəfə Yazıçılar İttifaqına gələndə orda Cəmil Əlibəylinin apardığı dərnək vardı. Mən onlara əsgərlikdən “Anama oxşayır bu torpaq mənim” adlı uzun bir poema gətirmişdim. Orda Cabir Novruz, Nəriman Həsənzadə, Xəlil Rza, Cəmil Əlibəyli bir sözlə qərara gəldilər ki, “Azərbaycan gəncləri” poemamı versin. Poemamı götürdülər. Məndə də bircə dənə nüsxə idi. Orda işləyən hörmətli şairlərimizdən biri bir həftə sonra mənə dedi ki, Əşrəf, poemanı itirmişik, təzəsini gətir. İnanırsan, 15 il acığımdan heç nə yazmadım. Öz-özümə dedim ki, ən fırıldaqçı adamlar elə yazıçıların içindəymiş. Yeganə nüsxəni gətirib verirəm, niyə itirirsən, niyə oğurladırsan?

– Kim idi əsəri itirən?

– Deməyəcəm. Bu saat da durur.

– Hə, bildim, deməyin.

– Yaxud şeir oxumuşam, Osman Sarıvəlli qayıdıb deyib ki, ayə, şair olsan, guya nolacaq? Bir gün Yazıçılar Birliyində Osman Sarıvəlligil oturmuşdular. Onlar üçün şeir oxuyurdum:

“Arazı ağlatmayın,

heç günaha batmayın,

Öz dərdi ilə nə edər,

Parçalanmış ürəyin

Qanıdır axır Araz”.

Bu vaxt Mehdi Hüseyn içəri girdi. Yazıçılar İttifaqının sədri oydu. Dedi, oğlum, ürəyin də heç bir o qədər qanı olar? Dedim o boyda ürəyin qanı da o qədər olar. Osmana baxdı, dedi Osman, aşıq olmağına aşıqdır. Ondan sonra mənim şeirlərimi çap etdilər.

Sumqayıta kim gəlibsə, məni axtarıb-tapıb

– Qazaxlılar sizi sıxışdırmaq istəyiblər.

– Yəqin.

– O dövrdə bir “Qazaxşina” xətti var idi.

– Elə indi də var (gülür).

– Siz Mehdi Hüseyninin iclasda ölməyini görmüsünüz?

– Yox, o iclasda yox idim, amma eşitmişdim.

– Əşrəf müəllim, şairsiz də. Məclislər, ziyafətlər, səhərə qədər uzanan siqaretli-içkili, tüstülü-sərxoş gecələr… Belə şəraitdə 88 yaşa gəlib çıxmaq möcüzədir. Onlardan uzaq durmusunuz, ya necə?

– Yox, lap qoynunda olmuşam. Siqareti hardasa on ildən çoxdur tərgitmişəm, 72 il siqaret çəkmişəm. Hərdən oğlumu danlayıram ki, çəkmə, deyir, 72 il də mən çəkim, tərgidərəm. Amma o birisi, deyim ki, həmişə ley-pey olub. Nə vaxt Sumqayıta kim gəlibsə, məni axtarıb-tapıb. Məsələn, “Azərbaycan gəncləri”ndə şeirlərim gedib, bir də gördüm Tofiq Bayram jurnalı götürüb gəlib.

– Onun da yeyib-içməklə arası yaxşı idi.

– Çox gözəl idi. Gördüm “Zapı” ilə gəlib. Mən buna yeyib-içmək verməliyəm. Gedib yeyib-içmişik. Təzədən oturdu “Zapı”ya, qayıdırdı Bakıya. Özü də ona “səyyar tabut” deyirdi.

– Tofiq Bayram haqqında bir lətifə də var. Deyəsən, Lənkərana gedib, həyətdə bir dəstə çolpanı görüb, qayıdıb ki, hara qaçırsınız, a səyyar zakuskalar?

– Hə, elə bir söhbət vardı. Sənə deyim ki, onun vaxtında “Ulduz” jurnalından bir dənə də zəif şeir keçə bilməzdi.

– Deməyim odur ki, bu yaşa qədər gəlib çıxmaq üçün idmanla məşğul olub-eləmisiniz?

– İdmanla bəli, məşğul olmuşam. Güləşçi olmuşam. İndinin özündə də idmanla məşğul oluram. Yerimdə uzanmıram, uzananda bir dualarımı edirəm, bir də idmanla məşğul oluram.

– Duada nə deyirsiniz?

– “Hər günün duası” adlı şeirim var. Demək olar elə o şeiri deyirəm:

Kasıb komam şah evidir,

Yoxsulun pənah evidir…

Sonra özüm, balalarım, xalqımız haqqında, vətənimiz haqqında dualar oxuyuram.

Əkrəm Əylisli 15 il kitabımı çap etmədi

– İki dəfə evlənmisiniz, eləmi?

– Bəli. Beş övladım var. O birindən uşaq olmadı. Dünyasını dəyişib.

– Əşrəf müəllim, bura neçənci mərtəbədir?

– Beş.

– Hər gün çıxıb gəzirsiniz?

– Hava yaxşı olanda çıxıb ən azından 3 km gəzirəm.

– Kimlərdən ötrü darıxırsınız?

– Feyzi Mustafayev üçün, Vaqif İbrahim üçün, Əli Kərim üçün, Məmməd Araz üçün darıxıram. Məmməd Arazla çox yaxın olmuşam.

– Əkrəm Əylisli ilə aranız necə olub?

– Cavanlıqda yaxın olmuşuq. O da Sumqayıta gəlib-gedirdi. “Yazıçı” nəşriyyatının rəhbəri olanda mənim orda kitabım çıxmalı idi. Əkrəm də kitabı ləngitdi, axırda özü işdən çıxdı, kitab çıxmadı.

– Əkrəm ləngidirdi?

– Hə… 15 il orda qaldı. Axırı Əkrəm “Yazıçı” nəşriyyatında işdən gedəndən sonra çıxdı.

– AYB-yə nə vaxt üzv olmusunuz?

– 1976-cı ildə üzv olmuşam.

– Dediniz 15 il yazmamısınız.

– Hə, 15 il küsdüm, heç nə yazmadım. Amma İmran Qasımovun vaxtında Sumqayıtdan ilk dəfə mən Yazıçılar Birliyinin üzvü olmuşam. Zəmanəti də Bəxtiyar Vahabzadə, Məmməd Araz, bir də Tofiq Bayram yazıb.

– Bəs kitabınız nə vaxt çıxıb?

– Kitabım 1972-ci ildə çıxıb, 1976-cı ildə üzv olmuşam.

– Nə qədər qonorar aldınız?

– 2 min manata yaxın qonorar aldım.

– Maaşınız nə qədər idi?

– Maaşım hardasa 120 manat idi.

– O 2 mini neylədiniz?

– Elə ora-bura xərclədim. Sonrakı kitabım da 1984-cü ildə çıxıb.

– Niyə belə gec çıxıb?

– O dövrdə həm kitabın çıxması çətin proses idi, həm də özüm az yazırdım.

– Sizin bir şeiriniz var: Sən məni nə üçün şair yaratdın?

– Şair belədir də, üzüyumşaq.

Şeirdə birinci həqiqət olmalıdır

– Hansı ehtiyacdan şeir yazdınız?

– İnan ki, mənəvi ehtiyacdan. Adam var ki, dərdlə içi dolur. Nəsə demək istəyirsən, zaman haqqında, insan haqqında. Məcbursan onu deməyə.

– Sualım bir az banal səslənə bilər: Deməsəniz olmaz?

– Olur e, onda da ürəyinə dərd olur, ölürsən də.

– Əli Kərim kimi.

– Ay sağ ol. Deyirsən, onda yaşayırsan da, ömrün də uzanır. Yazdığın şeir pis olanda əlbəttə təsir edir. Yaxşı olanda da… Elə bil kişi dünyaya övlad gətirib.

– Çox şeirinizi bəyənməyib cırıb atmısınız?

– Çoox. Xoşuma gəlməyən o qədər şeirim olub ki, cırıb atmışam.

– Sizcə şeirin meyarı nədir? Yaxşı şeiri pis şeirdən necə seçirsiniz?

– Mənim aləmimdə şeirdə birinci həqiqət olmalıdır. Həqiqəti deməlisən, sonra səmimiyyət olmalıdır. Sonra poetik nəfəs olmalıdır. Şair var ki, baxırsan bütün qayda-qanunlar yerindədir, oxuyursan, ləzzət eləmir, çünki poetik nəfəsi çatmır.

Eçmiədzində türk radiosunu tutub mahnıya qulaq asırdım

– Bədəni var, ruhu yoxdur.

– Ay sağ ol. Şeir var ki, bulaq kimi qaynaya-qaynaya gəlir, bir də var elə bil boru ilə çəkib gətirirsən. Bir də bədii vasitələrdən istifadə etməlisən, yəni şeir çılpaq olmamalıdır. Bədii ifadə vasitələri ilə şeiri geyindirməlisən. Çox adam çılpaq yazır, mənim özümdə də çılpaq şeirlər var.

– Siz belə deyirsiniz, amma ötən əsrin 40-cı illərində türk ədəbiyyatında Garip, yaxud I Yeni deyilən hərəkat olub. Hərəkatın Orhan Veli, Melik Cevdet Anday, Oktay Rıfat kimi üzvləri şeirdə bütün bədii ifadə vasitələrindən imtina ediblər. Bizim şairlər burda heca yazanda, onlar orda…

– Bədii ifadə vasitələri olmayanda şeir quru alınır, onda elə get danış də, söhbət elə. Şeirdə bədii ifadə vasitələri hökmən olmalıdır.

– Əşrəf müəllim, sizin bioqrafiyanızda maraqlı bir məqam var: Əsgərliyi Eçmiədzində keçmisiniz. Sovet dövründə Eçmiədzin necə bir yer idi? Erməni kilsəsinin mərkəzi kimi fəaliyyət göstərirdimi, yoxsa Sovetlərin dinə olan münasibəti ora da təsir etmişdi?

– Eçmiədzin Ağrı dağının ətəyində yerləşir. Mən tank polkunda xidmət etmişəm. Bizi bir dəfə kilsəni ziyarət etməyə aparmışdılar. Qapıda dayanan arvad dedi ki, daşdan öp, sonra gir içəri. Mən öpmədim. Bunu komandirə çatdırdılar. O da mənə 15 sutka həbs, hauptvaxtdır, nədir, ondan verdi. Üç dəfə mənə hauptvaxt veriblər, hərəsində 15-15. Amma soruş gör, orda bir dəqiqə yatmışammı? Maraqlı budur e. Birində tanka qarovul çəkməliydim, amma girib içində yatmışdım. Tankda da türk radiosunu tutub mahnıya qulaq asırdım. Sözləri yadımda qalıb.

Yeri-yeri gəlirəm,

Yaxamı düyməlirəm.

Aç qoynunu yer elə

Soyuq dəyib ölürəm.

Mənə ona görə 15 sutka vermişdilər. Yəni deməyim odur ki, haqlı yerə hauptvaxt cəzası verəndə də yatmamışam. Gətirirdilər hauptvaxtın rəisinin yanına, bığıburma bir kişi idi, mənə baxıb deyirdi, yerimiz yoxdu. Apar geri.

– Niyə belə edirdi?

– Bilmirəm. İndi də düşünürəm ki, bəlkə də o kişinin qanında türk qanı varmış. Axırda da bilirsən nə oldu? Deməli, qumbara atmaq yarışı keçirilirdi, bütün polkda 57 metrə qumbara ataraq birinci yerə çıxmışdım. “Krasnaya znamya” qəzetində haqqımda məqalə getmişdi.

– Orada sizdən başqa xidmət edən azərbaycanlılar var idi?

– Var idi. Əsgər yoldaşlarım var idi. Bu saat da görüşürük. İndi bir-bir itirirəm onları. Biri üç ay bundan qabaq rəhmətə gedib, biri də bir ay bundan qabaq.

– Hüzrlərinə gedə bilirsiniz, çətin olmur?

– Axırıncıya gedə bilməmişəm.

– Sizin yaş da elə yaşdır ki, bir-bir sağınızı-solunuzu itirirsiniz.

– Hə.

– Əsgərlikdən də tez qayıtmısınız, özü də orada hazırlaşıb ali məktəbə qəbul olmusunuz.

– Əsgərliyi bir il üç ay çəkdim. Elə orada hazırlaşdım. Amma onu da deyim, tarixdən məni bir erməni hazırlayırdı. Onun sayəsində bütün imtahanlardan beş aldım.

– Deməli, Eçmiədzində ermənilərlə münasibətləriniz yaxşı idi?

– Hər altıncı gün qonaq aparırdılar. Çox yaxşı münasibətlərimiz var idi. Hərbi hissənin ərzaq anbarının açarları məndə idi. Yaxınlıqda bir erməni yaşayırdı. Mənə tapşırmışdılar ki, o nə istəsə, ver. O evə həmişə günəbaxan yağı, kartof, soğan verirdim, o da komandirimə çaxır verirdi. Komandirim Şuşadan olan erməni Vardanyan idi, mənə həmişə yerli deyərdi. Mən hər səhər çaynikə çaxırdan doldurub gətirib qoyardım stolunun üstünə, “razvod”dan əvvəl gəlib iki stəkan içərdi, “Spasibo, Şəfiyev” deyib gedərdi. Evin sahibi bir gün mənə dedi, Əşrəf, yadigar olsun deyə gəl, sənə qabaqdan dörd dənə qızıl diş qoyum. Nə isə, düzəltdi, dedi sənin bu dişlərinə 25 il vaxt verirəm, 35 il getdi.

– Pulunu kim verdi?

– Özü elədi, müftə. Mən də o ailəni ərzaqla təmin edirdim.

Erməni qızının saçını kəsdim

– Əşrəf müəllim, bu cür söhbətlərdə görürsən ki, ermənilərlə çox səmimi münasibətlərimiz də olub. Siz iki xalqın gələcəyinə necə baxırsınız?

– Erməni-Azərbaycan məsələsində bizim düşmənimiz rusdur. Ermənilərin yaxşıları da var. Adamın Allahı var, gərək, düz deyəsən. Atam ermənilərin yerindən saman gətirirdi. Atamı tutdular, atla aparırlar, əl çəkmədim ki, mən də gedəcəm. Mənim də yeddi-səkkiz yaşım var. Üzəngidən yapışmışam. Milis əlimə qamçı ilə necə vurdusa, əlim qanadı, hələ də yeri qalır. Atamı Xocavəndə aparırdılar, kəndimizdən ora hardasa 12-13 km olardı. Mən də onların dalıyca düşüb getdim.

– Ermənilər apardılar?

– Yox, aparanlar Azərbaycan milisləri idi. O qədər yolu pay-piyada gedirdim, qaranlığa düşsəm də gedib şəhərə çatdım. Bir dəfə Xocavəndə olanda atam mənə milis idarəsini göstərmişdi. Gedib qapını döydüm. Rəis vaxtilə bizdə çox yeyib-içmişdi. Məni tanıdı. Tutdu əlimdən, düz apardı, “KPZ”yə. Atamı göstərib dedi, ara, oğlun gəlib. Sonra atamı buraxdı ki, gəl get. Sən demə atamı o tutdurubmuş. Amma mənə görə buraxdı. Ermənilərin belə işləri də vardı.

Səsimi qısıb soruşuram, guya qonşu otaqdan Əşrəf müəllimin həyat yoldaşı eşitsə, dünya qopacaq.

– Əşrəf müəllim, bizdə Nəsimidən bəri, Vaqif, Şəhriyar və başqaları erməni qızına şeir yazıblar.

– Olub.

– Siz də olmusunuz ermənilərin içində.

– Olub.

– Sizdə belə şeir üçün səbəb yaranmayıb?

– Olub, olub.

– Aşiq olmusuz?

– Olub. Hətta mən evlənəndən sonra erməni qızı evimizə gəlib. Atası tutub gətirib ki, bunu da götür. O vaxt Füzulidə bir yerdə oxumuşduq. Məndən qabaqda otururdu. Başını döndərəndə saçları ilə yazdıqlarımı pozmuşdu.

– Nəylə yazırdınız ki?

– Çernillə.

– Hə, hə.

– Mən də götürüb saçlarını kəsdim, dedim ala. Abdulla müəllim vardı, fizika müəllimi, məni biabır elədi. Sonralar qız atasına deyib ki, mən Əşrəfi sevirəm. Atası da arsız-arsız qolundan tutub Sumqayıta gətirmişdi. Mən də izah elədim ki, evliyəm, getdilər.

– Siz onu sevmirdiniz?

– Yoox. Məni Eçmiədzinin özündə sevən erməni qızı olub. Cema. Dəlicəsinə sevirdi məni. Mən oxuyurdum, yaxşı səsim vardı, qarabağlıyam dana. Onlar da səsi olan adamlar üçün ölürlər. Mən oxuyurdum, o da vurulmuşdu mənə.

– Ona şeir yazmamışdınız?

– Yazmışdım. Dayan, yadıma salım… Bir yeri beləydi.

Çəkim keşiyini, a nazlı sona,

Sən də ürək açan nəğmələrinlə

Hər gün məni apar Azərbaycana.

İlanlar padşahını görmüşəm

– O da sizin üçün oxuyurmuş?

(Gülür).

– Olub elə. Dörd tərəfimiz erməni idi də. Gəldik, burda da ermənilər idi. Düzü gözəgəlimli idilər, amma qocaldılarsa, qaytar getsin. Azərbaycan qadınlarından başqası yalandır.

– Əşrəf müəllim, uşaqlığınızı tez-tez xatırlayırsınız?

– Hə, xatırlayıram.

– Bayaq da dediniz Şuşaya getmişdiniz, yəqin…

– Kəndimizə də getmişdik. Evdən heç nə qalmayıb. Eləcə yerinə baxdıq. Mən anadan olduğum yerə Ağbaşlı deyirdilər. Orda bir Qaya bulaq var idi. İndi mən sizə bir söz deyəcəm, onu ömrümdə bir-iki adama danışmışam. Babam deyərdi ki, oğlum, ilanların padşahı var. Həmişə Novruz bayramı olanda bu bulağı ziyarətə gəlir. Bulağın yanında da qoca çinar vardı, ocaq idi, budaqları parçalarla düyün-düyün idi. Elə deyirdim ki, gedim Qaya bulağın suyundan içim. Elə gözəl suyu vardı! Hərdən mənə deyirlər ki, sən o bulağın suyundan içmisən, ona görə belə çox yaşamısan. Getmişəm su içməyə. Əlimdə də balaca ağacım var. Bir də baxdım nov boyu ilan.

– Düzülüblər.

– Yox e, bir dənə ilan. Bütün novu tutub. Qabaq hissəsi nazikdir, getdikcə yekələnir. Nə qədər baxdım-baxdım, quyruğunu görmədim. Oturdum baxdım, dedim bunu vuracam, mümkün deyil, ağac daşa dəyəcək, bu da qalxacaq. Babam deyəndirsə, ilanların hamısı töküləcək üstümə. Özüm də ilana qəniməm ha. İlandan qorxmaram. Nə isə oturdum. Bu da başını qaldırdı mənə baxdı. Gördüm buynuzu var, Allaha and olsun. Bir az baxdım, gördüm, bığı var, buynuzlarının da axırında fərməş qotazı kimi qotaz sallanır. Gözəlliyinə heyran qalmışdım. Vurmalı deyil, vurasan… Su içə bilmədim.

– Siz onda yəqin babanızın dediyi kimi ilanların padşahını görmüsünüz.

– Hə. Dalın-dalın getdim, bir də baxdım, arxa uçurumdur, ayağımı bir addım da atsam, dərənin dibindəyəm. Ömrümdə öldürmədiyim yeganə ilan o olub.

– O dövrdə dolanışıq necə idi?

– Bizdə bir dənə çörək çatmırdı. Həmişə qatığımız, südümüz olurdu. Bir gün atamla dayım görürlər ki, bir erməni arabada buğda aparır. Arxadan sıçrayıb iki-üç kisə sallayırlar yerə.

– Ermənilər də o cür edirdilər?

– Edirdilər, bəs nağayrırdılar? Özü də müharibə vaxtı (İkinci Dünya müharibəsi-M.A.) onlarda çox böyük aclıq oldu. Bizim torpaqları gəlib əkirdilər, üçdə birini onlara verirdik. Bizim hətta bostanımızı da erməni Sərkis becərirdi.

– Əşrəf müəllim, barlı-bərəkətli ömrünüz olub. Beş övladınız, nəvələr… Yəqin ki, bu ömürdən razısınız.

– Min şükür. Amma bunlar elə-belə başa gəlmir. Bayaq dedim, çox az maaşla işləmişik. Beş uşaq da hamısı iki ildən bir dünyaya gəlib, elə bil ki, on ilə beş uşaq düşüb. Bunları saxlamaq da çətin idi. Böyüdükcə ölçüləri də dəyişirdi, təzə paltar almalısan. Özü də tək mənim idim işləyən. İnanırsan, elə vaxt olub dörd yerdə işləmişəm. Toyda tamadalıq eləmişəm, Sumqayıt Dövlət Universitetində fars dilindən dərs demişəm, əlavə fars dili dərnəkləri açıb orada işləmişəm. Bir də Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin sədri olmuşam. Hətta “Ehtiyac” adlı şeirim də var:

Ən ağır dərdi də elnən təklərəm,

Mən eli hər şeydən üstün görmüşəm.

Hələ qabaqdadır görəcəklərim,

Hələ bu dünyada nə gün görmüşəm.

 

Hələ nəvələrin boyu qabaqda,

Tər-təzə güllərim gülçü gözləyir.

Hələ dörd oğlumun toyu qabaqda.

Hələ dörd gəlinim elçi gözləyir.

 

Mən gərək elimə xəbər yollayım,

Müqəddəs olanı atana lənət.

Bu yurdu, torpağı satana lənət.

Toyda tamadayam, vayda mollayam,

Ay məni qınayan, atana lənət.

Bax, uşaqları bu cür böyütmüşəm, dörd-beş yerdə işləyirdim, hələ onunla belə vurmağa da vaxt tapırdım.

– Əşrəf Şəfiyev kimi ömrünüzdən razısınız, bəs şair Əşrəf Veysəlli kimi taleyinizdən necə, razısınızmı?

– Yazdıqlarımdan razı deyiləm. Az yazmışam. Az işləyirəm, xüsusilə son vaxtlar lap az işləyirəm, gözüm imkan vermir. Çox pis şeydir. Yazmaq istəyirsən, yaza bilmirsən. Adam dəli olur.