“Mən bu müqəddəs gündə əlimi Allaha açmışam. Mən bir qansız insanın mənə etdiklərini sənə həvalə edirəm, Allahım. Mənə vurduğu maddi və mənəvi zərərlər azmış kimi, atdığı şərlər artıq ürəyimi parçalayır. Bu qədər yükü bir qəlb necə daşısın?”
Heftelik.az  xəbər verir ki, bu sözləri “Azerina” adı ilə tanınan psixoloq və “life coach” Əfsanə Qasımlı “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onun külli miqdarda pulunu mənimsədiyini iddia etdiyi hadisə ilə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, hüquqi proseslər uzanır və iş hələ də yekunlaşmayıb:
“Mən gənc bir qız olaraq bu qədər maddi zərərin, bu qədər şantajın, hətta ölümlə təhdidin içindəyəm. Ortada milyonlarla aldadılmış vəsaitin olduğu bir cinayət işi var. “Ev alıram”, “iş qururam” adı ilə mənimsənilən pullar var. Birinə “Port Baku-da ev alıram” deyərək onu aldadıb, digərinin pulunu isə iş qurmaq adı ilə mənimsəyib. Amma 1000 manatla bağlı cinayət işi açıldığı halda belə, məni ölümlə şantaj edən şəxs hələ də sərbəst şəkildə gəzir. Hər gün mənə şər atır, həyatımı zəhərə çevirir. Niyə, Allahım, niyə? Niyə hələ də susulur?
İnanın ki, mən səsimi çox yüksək səviyyəyə çatdıra bilərəm, sadəcə bir günə. Amma hələ susuram. Hər keçən gün işimizə baxılacağı ümidi ilə susuruq. Biz ədalətə inanırıq.
Susuram, amma bu susqunluq acizlik deyil. Mən susuram, çünki sənə inanıram, Allahım. Sən görürsən, sən bilirsən. Mənim az yaşımı da, gecələr qorxu ilə döyünən ürəyimi də sən bilirsən. Ölümlə şantaj olunuram, şərlənirəm, aldadılıram. Amma yenə də inanıram ki, sənin ədalətin var. Quranda buyurulur: “Şübhəsiz ki, Allah zalımları sevməz” (Ali-İmran, 57). Mən buna sığınıram.
Allahım, nə olar, sən susma. İnanın, bu insanların hamısı susurdu, hamısı qorxurdu. Amma siz bilin ki, mən oyandıqdan sonra nə qədər insan öz halal pulunun arxasınca getməyə başladı. Mənim ahımı yerdə qoyma, Allahım. Ədalətini göstər. Haqqımı Özün qoru. Məni bu zülmün içində tək buraxma”.