Parlamentdə cizgi filmləri və uşaq oyuncaqları sahəsində problem qaldırılıb, müəllimlərlə bağlı yanaşmaya enidən baxmaq təklif edilib.
Heftelik.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uşaqlar üçün keyfiyyətli filmlərin az olması, tək kino sənayesinin problemi deyil-mədəniyyətimizin, təhsilimizin və istehsal infrastrukturunun birgə üzərinə düşən ən böyük vəzifədir.
Deputat deyib ki, ölkəmizdə uşaq filmlərinin sayı çox məhduddur, bəzi illərdə bir-iki layihə belə olmur: “Əsasən serial, animasiya və uşaq proqramları var-amma tammetrajlı kinolar və ya yüksək səviyyəli layihələr çox nadirdir. İstehsal olunan məzmunların çoxu zəif ssenari və keyfiyyətsizdir, bəziləri isə əyləncə xarakterli olur. Lakin milli dəyərlərimizi və tariximizi gələcək nösillərə ötürən əsərlər çox azdır. Xaricdə uşaqlar üçün hazırlanan film və seriallara baxanda-“Pixar”, “DreamWorks” və s. fərq açıq görünür. Uşaq filmləri kommersiya baxımından cəlbedici sayılmır. Peşəkar uşaq kino istehsal komandaları və studiyaları azdır. Uşaq psixologiyası, pedaqogikası, ssenari yazarlığı və audiovizual effektlər sahəsində ixtisaslaşan kadrlar çatışmır. Uşaqlar daha çox xarici məzmunlarla böyüyür, nəticədə, yerli məhsula maraq azalır və mədəni assimilyasiya risqləri yaranır. Dil, dəyərlər, milli simvollar uşaq filmlərində daha zəif əks olunur. Uşaqlar Vətən müharibəsi qəhrəmanlarını, nağıllarımızı, Böyük qayıdışı, milli ənənələri və tariximizi görməklə mədəni kimliklərini daha güclü formalaşdırarlar. Beləliklə, uşaq filmlərinin azlığı tək mədəni problem deyil-gələcək nəslin estetik dünyagörüşünü, milli dəyərlərini, fantaziyasını və öyrənmə imkanlarını məhdudlaşdıran hadisədir. Eyni vəziyyət, cizgi filmləri sahəsindədir. İndi övladlarımız ən yaxşı halda qardaş ölkənin cizgi qəhrəmanları ilə, ən pis halda isə Disneylə böyüyürlər. Uşaqlarımızın ilk oyuncaqlarının da hamısı qeyri-milli və əcnəbi istehsallıdır. Biz öz milli oyuncaqlarımızı necə istehsal edək, övladlarımıza min illik nağıl qəhrəmanlarımızı, miflərimizi necə ötürək? Uşaqların ilk oyuncaqları onların dünyagörüşünü, estetik zövqünü və milli yaddaşını formalaşdırır. Əgər onlar Lego qəhrəmanları ilə böyüyürsə, uşaqların zehni və emosional dünyası xarici məhsulların obrazları ilə formalaşır. Minillik nağıllar, qəhrəmanlar, mifoloji obrazlar uşaqlara fiziki şəkildə təqdim olunmur. Oyuncaqlar, cizgi filmləri, kitablar tarixi yaddaşın əsas daşıyıcıları, hard diskləridir. Uşaq oyunları və əyləncə məhsulları milli təhsil məqsədləri ilə uyğunlaşdırılmalıdır. Lakin xarici markalar hazır məhsul, cizgi və kitablarla həm əyləncə, həm də təhsil rolunu doldurur. Müəllim dövlətin sütunudur, millətin qurucusudur, onun savadlı gələcəyinin memarıdır”.
Müəllimin nüfuzu sarsılarsa, nizam pozular, ən kiçik mübahisədə öyrədənini haqsız və günahkar çıxaran xalqın gələcəyi ola bilməz.
Zahid Oruc qeyd edib ki, silahlı zorakılıqlqarda müəllimi günahlandırmaq, istənilən hadisədə öyrədənini linç etmək bizə Qərb məktəblərindəki qətliamları nümunə göstərməkdir: “Əlbəttə, onunla da razıyıq ki, yalnız test sisteminə arxalandığımız və repetitorluqdan keçən gənc müəllimləri irəli çəkib 65 yaşı tamam olan kimi təhsil sistemindən kənarda qoyduğumuz, Makarenko təlimi görmüş müdrik pedaqoqlara gəlin, yenidən qiymət verək. Uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta, normal fiziki qidalanmaya zamanı qalmır. Ona görə də psixoloji keçid mərhələsində olan yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrini dərin elmi araşdırmalarla təhlil etməliyik”.
