Fevralın 21-i Bakının mərkəzində yerləşən “Nine Senses” incəsənət mərkəzində azərbaycanlı-amerikalı rəssam Vüqar Quliyevin “Dönüş nöqtəsi” adlı fərdi sərgisinin açılışı oldu.
Heftelik.az xəbər verir ki, sərginin kuratoru Sofiya Frankdır.
Kuratorun qeyd etdiyi kimi, son illər narahatlıq və sarsıntılar dövrü olub. Dünya münaqişələr dalğası ilə üz-üzə qalıb – Qarabağdan Ukraynaya, Qəzza zolağından Kəşmirə, Kosovodan Tayvana qədər. Afrika ölkələri, Yaxın Şərq, Mərkəzi Asiya – zorakılığın coğrafiyası sürətlə genişlənir. “Üçüncü dünya müharibəsi” ifadəsi getdikcə daha çox səslənir və müharibə yenidən insan talelərini müəyyən edən əsas amilə çevrilir.
“Мüharibə yaşamış insanlar artıq heç vaxt əvvəlki kimi olmurlar. Hər kəsin həyatında dönüş nöqtəsi yaranır – elə bir an ki, ondan sonra keçmişə qayıtmaq mümkün deyil. Bu nöqtə itki ola bilər – evin, yaxın insanın, insanlığa inamın itirilməsi. Amma bu, həm də qazanc ola bilər – yeni hisslər, münasibətlər, dərk etmələr. Müharibə insan təcrübəsinin ən ekstremal forması kimi həm cəhənnəmi, həm də ilahi duyğuları üzə çıxarır. Kritik anda biz insanlıq adlandırdığımız anlayışı tanıya bilirik – saf, müqəddəs və dəyərli”, – konsepsiyada bildirilir.
Rəssam Vüqar Quliyev zaman keçdikcə hadisələrin qavranılmasının necə dəyişdiyini, xatirələrin şəraitin, ideologiyaların və şəxsi yaşantıların təzyiqi altında necə transformasiya olunduğunu araşdırır. Bu sərgidə təqdim olunan hər bir əsər yaddaşda dirçəldilən, yenidən düşünülən, lakin unudulmayan vizuallaşdırılmış dönüş nöqtəsidir.
Çoxqatlı texnika, rəng kontrastı və nöqtələrin ritmi vasitəsilə Quliyev xatirələrimizdə zamanın izini təsvir edir. Onun əsərləri həm xronika, həm də düşüncədir. Bu işlərdə itki ağrısı ilə yanaşı, işığın əksi, içimizdəki müqəddəsin təzahürü də var.
Vüqar Quliyev ABŞ-da mükafatlara layiq görülmüş rəssamdır. O, 1984-cü ildə Azərbaycanda anadan olub və yaradıcılıq yoluna erkən uşaqlıqdan başlayıb. 1999-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbnə daxil olub. 2003-cü ildə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.
Quliyev tələbəlik illərindən etibarən Bakı şəhərində keçirilən bir çox sərgidə iştirak etmiş, tanınmış kurator Leyla Axundzadənin layihələrində yer almış, Cənubi Koreya, Almaniya və Fransada keçirilən qrup sərgilərində ekspozisiya olunmuşdur. 2016-cı ildə isə Paris şəhərində onun fərdi sərgisi keçirilmişdir. Son bir neçə ildə rəssamın əsərləri ABŞ-ın müxtəlif qalereyalarında fəal şəkildə nümayiş etdirilir. Diqqətəlayiq haldır ki, o, Amerikada keçirilən sərgilərdə dörd dəfə birinci yerə layiq görülmüşdür. Bu ilin yanvar ayında onun “Astral Drift” əsəri Hill Mərkəzində (DC, Old Naval Hospital) keçirilən “Regional Juried Exhibition” sərgisində ən yaxşı əsər kimi tanınıb. Kuratorlar bu əsəri Vaşinqton paytaxt regionu (Kolumbiya ştatı), Virciniya və Merilenddən olan rəssamların 800-dən çox əsəri arasından seçiblər. 2025-ci ilin iyulunda Vüqar Quliyevin “Xəyal Meşəsi: Nömrə 02” əsəri “The Art League” qalereyasında keçirilən sərgidə baş mükafat qazanmışdı. Həmin ilin aprelində keçirilən “miniMAX” sərgisində “Pıçıldayan Atəş” əsəri də baş mükafatı qazanıb. Eyni rəssamın bu qalereyada qısa müddət ərzində növbəti dəfə qalib gəlməsi unikal bir hadisədir. Mükafat qazanan rəsmlər arasında V.Quliyevin 2024-cü ilin oktyabrında ABŞ-nin “Arlington Artist Alliance” qalereyasında keçirilən sərgidə birinci yeri tutan “Absurd Gecə Gəzintisi” də olub.
Hazırda onun bir neçə əsəri Müasir İncəsənət Muzeyində daimi ekspozisiyada nümayiş olunur.
«Nine Senses» məkanında keçirilən “Dönüş nöqtəsi” sərgisi 21 mart tarixinədək davam edəcək. Sərgidə Vüqar Quliyevin 10 əsəri təqdim olunur ki, onların arasında yuxarıda adı çəkilən “Whispering Fire” əsəri də var. Qeyd edək ki, bu sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti ilk dəfə təqdim edilir.










