Yeniləşən Azərbaycan Gəncliyi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Heydər Əliyev və Azərbaycan Konstitusiyası: Hüquqi dövlətin təməl prinsipləri” adlı layihə çərçivəsində yekun konfrans keçirilib.
Layihənin icrasında Azərbaycan Xarici Dillər Universiteti tərəfindən təşkilati və institusional dəstək göstərilib.
Konfransda Azərbaycan dövlətçilik tarixində müstəsna rola malik olan ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı tarixi xidmətləri, Azərbaycan Konstitusiyasının qəbul olunması prosesi və müasir hüquqi dövlət prinsiplərinin gənclər arasında təbliği mövzusunda geniş müzakirələr aparılıb.
Tədbirin rəsmi qonaqları sırasında tarixçi-araşdırmaçı Rasim Rzaxanov, “Yeniləşən Azərbaycan Gəncliyi” İctimai Birliyinin icraçı direktoru Vüsal Əhmədov, layihənin təşkilatçıları Səadət Nəbiyeva və Vüsalə Əliyeva, eləcə də Səadət Qasımova (şöbə müdiri) iştirak edib.
Konfransda Azərbaycan Xarici Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin və Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə tələbələri fəal iştirak edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Çıxış edənlər layihənin əsas məqsədinin gənclər arasında hüquqi dövlət anlayışının, konstitusiya dəyərlərinin və milli liderlik irsinin daha dərindən mənimsənilməsi olduğunu vurğulayıblar. Bildirilib ki, Heydər Əliyevin hüquqi dövlət konsepsiyası Azərbaycan Respublikasının müasir siyasi və hüquqi sisteminin formalaşmasında fundamental rol oynayıb və bu irsin gənc nəslə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.
Layihə çərçivəsində seminarlar, maarifləndirici sessiyalar və interaktiv müzakirələr təşkil olunmuş, tələbələrin hüquqi düşüncə və vətəndaşlıq şüurunun inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirilib.
Sonda layihənin uğurla yekunlaşdığı vurğulanaraq iştirakçılara sertifikatlar təqdim edilib və gələcəkdə bu kimi maarifləndirici təşəbbüslərin davam etdiriləcəyi bildirilib.
“Yeniləşən Azərbaycan Gəncliyi” İctimai Birliyi gənclərin hüquqi, ictimai-siyasi və vətəndaşlıq biliklərinin artırılması istiqamətində fəaliyyətini davam etdirərək, gənclərin dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsini prioritet məqsəd kimi müəyyən edib.









