Bu gün Azərbaycan regionda nəhəng enerji layihələrinin müəllifinə və fəal iştirakçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Hər dəfə olduğu kimi, yenə də Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib. Bu mötəbər tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş çıxış edib.
Qeyd edilməlidir ki, beynəlxalq toplantıda Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra ölkələrin nazirləri, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası keçirilib.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biri hesab olunur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində reallaşdırılan bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi möhkəmlənməsinə şərait yaradıb. Ölkə başçısı tədbirdəki çıxışında bildirib: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
Cənab Prezident vurğulayıb ki, “Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”.
Bununla yanaşı, Azərbaycan “yaşıl enerji” sektorunda da iddialı hədəflər müəyyən edərək bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər həyata keçirir. “Yaşıl enerji” mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi Prezident İlham Əliyevin əsas prioritetlərindən biri kimi müəyyən edilib və 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin payının 30 faizə çatdırılması əsas hədəf kimi qəbul edilib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərdən aydın olur ki, Azərbaycanın “Yaşıl enerji” potensialı gündəlikdə duran əsas məsələdir. Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki çıxışında dediyi kimi, “cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının – 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib.
Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”.
İclasda bildirilib ki, 2032-ci ilə qədər Azərbaycanda alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə edilməsi gözlənilir ki, bu da xaricə ixrac ediləcəkdir. “Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik” –deyə ölkə başçısı əlavə edib.
Ölkə başçısı tədbirdəki çıxışında vurğulayıb ki, “qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, – ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, – hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz yaxşı həll yolları tapacağıq”.
Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Ölkəmiz Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim sistem vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır və bunun üçün lazımı infrastruktura malikdir.
Toplantıda bildirilib ki, bu yaxınlarda Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından biri əldə edilib. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalanıb. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi yalnız öz sərhədləri, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır.
Həmçinin İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunub. Bura Egey dənizinin Türkiyə sahillərindəki 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaqdır. Bu da öz növbəsində neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyasını yanacaqla təmin edəcəkdir.
Azərbaycanın bərpaolunan enerji strategiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2021-ci ilin fevralında qəbul edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri”nə əsaslanır. Beş əsas milli prioritetdən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prinsipi “yaşıl enerji”nin inkişafına geniş yol açır.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
