Baş verən hadisələrə görə Həcc ziyarətinin təxirə salınması gözlənilmir.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, həcc ziyarətinin tarixi sabit olur, dəyişmir: “Gündəmdə müharibə ilə bağlı heç nə yoxdur, proses normal formada davam edir. Müharibə qeydiyyat prosesinə də təsir etməyib. Həcc ziyarətindən imtina edənlər qeydə alınmayıb, əksinə hər gün müraciət edənlər olur”.

Vüsal Cahangiri onu da bildirib ki, artıq kvotanın 85 faizdən çoxu tamamlanıb: “İlk uçuş 17 may tarixində olacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq”.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Tələb olunan sənədlər:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

***

saat 11.46

Baş verən son hadisələrlə əlaqədar Həcc ziyarətinin təxirə salınıb-salınmayacağı barədə hələ ki, heç bir məlumat yoxdur.

Heftelik.az xəbər verir ki, bu barədə Milli.Az-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, gündəlikdə hazırda belə bir məsələ müzakirə olunmur:
“Qarşı tərəfdən də bununla bağlı heç bir bildiriş gəlməyib. Əksinə, proses davam edir, gündəlik təlimatlar gəlir. Biz də işimizi davam etdiririk. Hazırda Həcc ziyarəti üçün kvotanın 85 faizi tamamlanıb”.
Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.
Qeyd edək ki, Həcc ziyarəti üçün müraciət vaxtı həftəsonu bitir. Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alınaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.