Bu gündən Azərbaycanla İran arasında yüklərin daşınması məqsədilə giriş-çıxış 10:00-dan etibarən bərpa olunub.

Heftelik. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunur.

Xatırladaq ki,  5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, martın 5-də Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib.