“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Prokuror Tariyel İsmayov bildirib ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov 01 iyun 2018-ci ildən 31 dekabr 2023-cü ildək olan müddət ərzində Şərur Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Mikayıl İbrahimov, Culfa Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Yaşar İbrahimov, Şahbuz Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Səbuhi Dadaşov, Sədərək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Malik Zamanov, Ordubad Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Müslüm Mehdiyev, Kəngərli Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Çingiz Mehdiyev, Babək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Arif Əsgərov və Naxçıvan Şəhər Yol Təmir İstismar İdarəsinin rəisi Hidayət İmanov və digərləri ilə qabaqcadan qrup halında birləşərək dövlət büdcəsinə xüsusilə külli miqdarda ziyan vurublar.

Eyni zamanda, Bəhruz Əsgərov vəzifə saxtakarlığında da ittiham olunur. İttihama görə, o, bu illər ərzində 5 milyon manatdan çox vəsaiti mənimsəmə və israf yolu ilə talayıb, vəzifə səhlənkarlığı törədib.

İttiham olunan Bəhruz Əsgərov bu ittihamlar üzrə özünü təqsirli hesab etməyib.

Məhkəmənin növbəti prosesi aprelin 10-u keçiriləcək.

Qeyd edək ki, Bəhruz Əsgərovla bağlı Baş Prokurorluqda cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

Qeyd edək ki, Bəhruz Əsgərov 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub. 2018-ci ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb, 2023-cü ildə isə publik hüquqi şəxsə çevrilib.

27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub.

Bəhruz Əsgərov 01.06.2018-ci ildən 31.12.2023-cü ildək olan müddət ərzində xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.