“Azərbaycan İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı 18 mart 2026-cı il tarixində keçirilib.
Heftelik.az xəbər verir ki, Azərbaycan İdman Rəqsləri Federasiyasının fəaliyyətinin daha da təkmilləşdirilməsi, ölkəmizdə rəqs idmanının yeni inkişaf mərhələsinə keçidi və beynəlxalq arenada mövqeyinin gücləndirilməsi məqsədilə keçirilən növbədənkənar iclasda federasiya rəhbərliyində mühüm dəyişikliklər edilib.
Səsvermənin nəticələrinə əsasən, tanınmış iş adamı və təcrübəli idarəçi Ali Həşimli Muxtar oğlu Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib.
İclasda Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.
Nazir Fərid Qayıbov çıxış edərək bildirib:
“Azərbaycan İdman Rəqsləri Federasiyasında baş verən bu yenilənmə ölkəmizdə idmanın inkişafına verilən önəmin bariz nümunəsidir. Rəqs idmanı həm mədəniyyətimizin, həm də idmanımızın ayrılmaz tərkib hissəsidir və bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
İnanıram ki, yeni seçilmiş rəhbərlik – Ali Həşimli və onun komandası federasiyanın fəaliyyətinə yeni dinamika gətirəcək, şəffaf və peşəkar idarəetmə prinsiplərini daha da gücləndirəcəkdir. Xüsusilə gənclərin bu sahəyə cəlb olunması, beynəlxalq arenada uğurların artırılması və milli rəqs ənənələrinin qorunaraq inkişaf etdirilməsi istiqamətində mühüm nəticələr əldə olunacağını ümid edirəm.
Nazirlik olaraq federasiyanın bütün təşəbbüslərinə dəstək göstərməyə hazırıq və bu əməkdaşlığın ölkəmizdə rəqs idmanının inkişafına ciddi töhfə verəcəyinə inanıram”.
Eyni iclasda Eşqin İsmayıllı və Etibar Məmmədov vitse-prezident vəzifələrinə seçiliblər.
Vitse-prezident vəzifəsinə seçilən Eşqin İsmayıllı və Etibar Məmmədov strateji düşüncə tərzi, güclü liderlik keyfiyyətləri və nəticəyönümlü fəaliyyətləri ilə tanınan peşəkar şəxslərdir. Onların federasiya rəhbərliyində təmsil olunması idarəetmə keyfiyyətinin yeni mərhələyə yüksəlməsinə, innovativ yanaşmaların tətbiqinə, beynəlxalq əməkdaşlıqların genişlənməsinə və ölkəmizdə rəqs idmanının dinamik inkişafına mühüm təkan verəcəkdir.
Ali Həşimli kimdir?
1984-cü ildə Laçın rayonunda anadan olan Ali Həşimli Azərbaycanın biznes mühitində geniş təcrübəyə malik, strateji baxışlı idarəçidir.
O, hazırda ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan “Grandmart”, “Bolmart” və “Megastore” mağazalar şəbəkəsinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür.
Eyni zamanda, ölkənin böyük distribusiya və istehsal şirkətlərindən biri olan “Avrora” şirkətində müşavir vəzifəsini icra edir və müxtəlif sahələri əhatə edən bir sıra uğurlu biznes layihələrinin təşəbbüskarıdır.
Təhsil fəaliyyəti;
Qərb Universiteti – Turizm və sosial sahədə xidmət
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Menecment
İstanbul Universiteti – Biznesin idarə edilməsi (MBA)
Ali Həşimli ailəlidir, üç övladı var.