İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Heftelik.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs bu yaradılıb.
Müəyyən edilib ki:
- Agentlik Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərir;
- Agentlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin (bundan sonra – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçir;
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə keçir;
- Agentliyin nizamnamə fondu ona keçən əmlak hesabına formalaşır;
- Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 5 (beş) üzvdən – sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti yaradılır;
- Agentliyin fəaliyyəti dövlət büdcəsinin, icbari tibbi sığorta fondunun vəsaiti və nizamnaməsində müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir.
- Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevdir.
