Dünyanı narahat edən müharibənin taleyi Hörmüzdədir. Hörmüz isə təbii üstünlükləri ilə sanki alternativsiz mövqedədir. Oman dənizinə paralel uzanan nəhəng “Həcər Dağları” Hörmüzə alternativ axtaran körfəz ölkələrinin qarşısındakı ən böyük maneədir. Boru kəmərlərini çətinləşdirən bu dağlar kanallara da keçid vermir… Bu vəziyyət də İranı Hörmüzün yeganə və tam hakiminə çevirir.
İran dünya neftinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazını bağladıqda, ABŞ/İsrail hücumları da burada düyünləndi. Dünyanı narahat edən müharibənin taleyi Hörmüzdədir… Tramp hətta Çin və Yaponiyadan yardım gözlədiyini də bildirib. Boğazdakı tanker hərəkətinin pozulması hələlik İranın ən böyük üstünlüyü kimi görünür. Beynəlxalq bazarlarda neft qiymətləri üzərindən başlayacaq dalğalanmanın ABŞ/İsrail üzərində təzyiqi artıracağı və bu təzyiqin də İrana qarşı hücumları dayandıracağı gözlənilir.

HƏCƏR DAĞLARI İRANA ÜSTÜNLÜK VERİR
Hücumu həyata keçirən tərəflər və İranla yanaşı, demək olar ki, bütün dünyanın gözü və diqqəti Hörmüz boğazındadır. Boğaz isə İranın nəzarətindədir. Boğazın Oman ilə İran arasındakı ən dar nöqtəsi 33 kilometrdir. Bunun da cəmi üç kilometrlik hissəsi gəmi/tanker keçidi üçün yararlıdır. Buna görə də bu dar sahədə sıxlaşan keçid zonası fövqəladə hallarda İranın buraya asanlıqla müdaxilə etməsinə imkan yaradır. Körfəz ölkələrinin 1979-cu ildən bəri İranla ümumilikdə yaxşı münasibətləri olub. Lakin onlar boğazın alternativini axtarmaqdan da geri qalmayıblar. Amma mümkün alternativlərin qarşısında maliyyə faktorundan başqa çox ciddi bir maneə var: Həcər Dağları… Bu dağların bir hissəsi Omana, digər hissəsi isə BƏƏ-yə məxsusdur və Hörmüz boğazının ən ucundakı Musandam yarımadasından digər ucundakı Sur şəhərinə qədər uzanan 500 kilometrlik xətt boyunca sanki təbii sədd yaradır. 3 min metrə qədər yüksəklikləri və onlarla kilometr enləri ilə bu dağlar Türkiyədə Qara dənizə paralel uzanan Şimali Anadolu dağ silsiləsini xatırladır.

KANAL MÜMKÜN DEYİL
Körfəz ölkələri birləşərək Birləşmiş Ərəb Əmirlikləri ilə Oman dənizi arasında Süveyşə bənzər bir kanal açmaq istəsələr, körfəzdən Oman dənizinə uzanan marşrutda qarşılarına məhz bu Həcər Dağları çıxır. Bu günün texniki imkanları ilə belə, özünəməxsus relyefə malik bu dağları aşmaq demək olar ki, mümkünsüzdür… Qaya massivləri ilə örtülmüş dərin vadilər, qırıq relyef hətta yüz milyardlarla dollar xərclənsə belə belə bir alternativi qeyri-mümkün edir. Keçmişdə gündəmə gələn bu tip layihələr də elə müzakirə mərhələsinə çatmadan aradan qalxıb.

ƏN DAR YERİ DƏ ÇOX HÜNDÜRDÜR
Omanın boğaza baxan hissəsində yerləşən Musandam yarımadasında körfəz ilə Oman dənizi arasındakı məsafə bir neçə kilometrə qədər azalır. Lakin burada da Həcər dağlarının davamı olan nəhəng qayalıqlar mövcuddur və onların hündürlüyü 2 min metrə qədər çatır. Bu ərazilərin yarılıb Yunanıstandakı Korinf kanalına bənzər bir kanal açılması da mümkün deyil. Bundan əlavə, Oman İranla tarixən kifayət qədər yaxşı münasibətlərə malikdir və bu cür layihələrə Körfəz ölkələri qədər maraq göstərməsi də gözlənilmir.

BORU XƏTLƏRİ QARŞISINDA MANEƏDİR
Birləşmiş Ərəb Əmirlikləri Hörmüzü “bypass” etmək üçün boru kəmərlərindən də istifadə edir. Əbu-Dabi ilə Oman tərəfdə yerləşən Füceyrə arasında 2012-ci ildən bəri gündəlik 1,5 milyon ton xam neft daşıya bilən 400 kilometrlik boru xətti mövcuddur. Bundan əlavə, başqa bir boru xətti ilə təbii qaz da nəql olunur. Həcər Dağları Fars körfəzi ilə Oman dənizi arasında çəkilən boru kəmərlərini də məhdudlaşdırır.

QIZILDƏNİZDƏ DƏ HUSİLƏR VAR
Səudiyyə Ərəbistanının Hörmüzə alternativi isə “Şərq-Qərb Boru Kəməri” kimi tanınan, təxminən 750 mil uzunluğunda və gündəlik 7 milyon barel tutuma malik xəttdir. Bu kəmər körfəzdən götürdüyü xam nefti Səudiyyə Ərəbistanı üzərindən Qızıldənizə çatdırır. Həcər Dağları kimi təbii maneə olmadığından bu kəmərin genişləndirilməsi də mümkündür.
SON ALTERNATİV TÜRKİYƏDİR
Bundan başqa, İraq neftinin körfəzdən daşınan hissəsinin Kərkük–Ceyhan xətti vasitəsilə təhlükəsiz şəkildə nəql edilməsi də İraq üçün alternativ kimi gündəmdədir.
