GÖYÇAY QƏZASINDA BAŞ VERƏN QƏTLİAMLAR

1918-ci ilin martından başlayan soyqırım Göyçay qəzasındada kütləvi qırğınlarla yadda qaldı. Erməni daşnakları bolşeviklərlə birlikdə 1918-ci ilin mart-aprel aylarında Hacıqabulda azərbaycanlılara qarşı geniş miqyaslı soyqırım həyata keçirərək 200-dən çox günahsız insanı qətlə yetirdilər. Təkcə Navahı kəndində 555 kişi, 260 qadın, 140 uşaq olmaqla 955 nəfər vəhşicəsinə öldürüldü. Ardınca erməni daşnakları Qubalı Baloğlan, Rəncbər, Meyniman, Talış və digər kəndlərdə insanlara amansız işgəncələr verərək qətlə yetiriblər. Qubalı Baloğlan kəndinin sakinlərini aldadıb məsçidə toplayaraq 200-ə yaxın insanı diri-diri yandırdılar.
1-12 İyun tarixlərində S.Lalayan, T.Əmiryanın başçılıq etdiyi daşnak terrorçu dəstələr Hacıqabul, Kürdəmir və Göyçay ərazilərində 7000-dən çox günahsız insanı qətlə yetirmişlər. İyunun 14-də Kürdəmir stansiyası və kəndi artıq bolşevik daşnaklar tərəfindən işğal edilmişdi. 11-20 iyun tarixlərində Göyçayın Cəngi, Qaravəlli, Qarabucaq, Ərəb Mehdibəyli, Mustafa Sadalı və digər kəndləri viran edilərək əhalisi ağır işgəncələrə məruz qalmışdı. Bu ərazilərdə baş verən soyqırımla bağlı toplanmış faktlar və sübutlar Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının materiallarında öz əksini tapmışdır. (Göyçay qəzasının Kürdəmir və başqa kəndləri üzrə 4 cild, 340 vərəq).
Terrorçu daşnak qruplarına qarşı yerli əhali mümkün qədər müqavimət göstərirdi. Xüsusilə indiki Ağsu rayonun Bico kəndinin könüllü döyüşçüləri 1918-ci ilin martında Pirəmsaq qəbiristanı ərazisində xeyli sayda erməni quldur dəstəsini məhv etmişdir. Belə ki, yaxşı silahlanmış erməni dəstələri Göylər, Bağırlı, Ləngəbiz, Ləşəd kəndlərini viran qoyduqdan sonra Bicoya gəlmiş, burada baş verən döyüşdən sonra yalnız ikisi qaçaraq sağ qalmışdır. Bu fakt isə sübut edir ki, erməni daşnakları döyüş meydanında məğlub olur və qaçır, əvəzində köməksiz əhalini, qadınları, uşaqlaraı və qocaları amansızlıqla qətlə yetirirdilər.
1918-ci il soyqırımına real hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Belə ki, 1998-ci il 26 mart tarixli fərmanına əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Bakıda Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksi ucaldıldı.
1918-ci il soyqırımı zamanı qətlə yetirilən Vətən övladlarının intiqamını isə qəhrəman Azərbaycan xalqı, şanlı ordumuzun əsgər və zabitləri ölkə başçısı müzəffər ali baş komandanın ətrafında dəmir yumruq kimi birləşərək 2020-ci ilin sentyabr-noyabrında baş verən 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabrında baş verən antiterror əməliyyatı nəticəsində torpaqları erməni işğalından azad edərək aldılar. Ötən əsrin mart-iyununda baş verənlər isə hamımız üçün tarixi ibrət dərsi olmalı və bundan lazımi nəticə çıxarılmalıdır. 1918-ci il soyqırımı zamanı, bütövlükdə torpaqlarımızın azadlığı, dövlətimizin istiqlalı uğrunda şəhadətə qovuşanlar isə qəlbimizdə əbədi yaşayacaqdır.

RASİM NAZİM OĞLU
Tarix və siyasi elmlər üzrə araşdırmaçı
