ABŞ-ın müharibə naziri Pit Heqset ABŞ Ordusunun Baş Qərargah rəisi Rendi Corcu vəzifəsindən azad edib.

Heftelik.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Eyni zamanda ABŞ Ordusunun Şəxsi Heyətlə İş üzrə rəisi general-mayor Uilyam Qrin və Ordunun Təlim və Transformasiya üzrə komandanı general Devid Hodne və vəzifələrindən azad olunub.

Müharibə dövründə Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi demək olar ki, presedenti olmayan hal sayılır.  Pentaqon təsdiqləyib ki, səlahiyyət müddətinin başa çatmasına bir ildən çox vaxt qalmış Rendi Corc “dərhal qüvvəyə minməklə ABŞ Ordusunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən təqaüdə göndərilir”. Qurum yaydığı açıqlamada Corcun onilliklər ərzində göstərdiyi xidmətə görə minnətdarlığını bildirib və ona təqaüd həyatında uğurlar arzulayıb.

Rendi Corcun vəzifədən getməsinin səbəbini açıqlanmayıb. Bu dəyişiklik ABŞ ordusunun Yaxın Şərqdə qüvvələrini artırdığı və İran əleyhinə əməliyyatlar apardığı bir vaxta təsadüf edir.

Pentaqonda gərginlik

Pit  Heqsetlə Rendi Corc arasında açıq fikir ayrılıqları barədə ictimaiyyətə hər hansı məlumat verilməmişdi. Bununla belə, Pit Heqsetin Ordunun baş hüquqşünasını işdən çıxarması və Ordunun 250 illik yubileyi münasibətilə – Trampın doğum gününə təsadüf edən – böyük hərbi parad təşkil etməsi kimi mübahisəli addımlar atdığı qeyd olunur.

Bu həftənin əvvəlində Pit Heqset müğənni Kid Rokun evinin yaxınlığında hücum helikopterləri ilə uçuş həyata keçirən pilotlarla bağlı araşdırma qərarını da ləğv edib. Bu addım Donald  Trampın açıq tərəfdarı olan ifaçıya dəstək kimi qiymətləndirilib.

Rəsmilərdən biri bildirib ki, Pit Heqsetin keçmiş hərbi köməkçisi və ABŞ Ordusunun Baş Qərargah rəisinin müavini general Kristofer LaNev müvəqqəti olaraq bu vəzifəni icra edəcək.

Digər rəsmi əlavə edib ki, Ordunun yüksək rəhbərliyi Rendi Corcun işdən çıxarılması barədə məlumatı ictimaiyyətlə eyni vaxtda əldə edib.

Piyada qoşunları zabiti olan və İraqla Əfqanıstanda xidmət etmiş Rendi Corc 2023-cü ildə bu vəzifəyə təsdiqlənmişdi. Adətən bu post üzrə səlahiyyət müddəti dörd il olur. O, bu vəzifədən əvvəl Ordunun Baş Qərargah rəisinin müavini, daha əvvəl isə həmin dövrdə müdafiə naziri olan Lloyd Ostinin baş hərbi müşaviri olub.

Rendi Corcun vəzifədən uzaqlaşdırılması Pentaqonda son dövrlərdə baş verən genişmiqyaslı kadr dəyişikliklərinin davamı kimi qiymətləndirilir. Buraya ötən il Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, Hərbi Hava Qüvvələrinin generalı S.Q. Braun, eləcə də Hərbi Dəniz Qüvvələrinin əməliyyat rəhbəri və Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin müavininin işdən çıxarılması da daxildir.

Rendi Corcun ofisi məsələ ilə bağlı sorğuya cavab verməyib.