Şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Arif Əbdürrəhman oğlu Abdullazadə 5 aprel 1940-cı ildə Şəkidə Hacıavdıuşağı nəslindən olan tanınmış ziyalı Əbdürrəhman Abdullayevin ailəsində dünyaya göz açmışdır. Şəhər 11 nömrəli məktəbi bitirdikdən sonra 1956-1961-ci illərdə o zamankı ADU-nun Filologiya fakültəsində təhsil almışdır. A.Abdullazadə 1966-cı ildə “Qafur Qantəmirin həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1977-ci ildə “Azərbaycan poeziyasında yaradıcılıq üslubları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis kimi işə başlayan A.Abdullazadə sonradan Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətini davam etdirmiş, burada kiçik elmi işçi kimi işə başlayan gənc alim zamanla həmin institutda Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsinə qədər yüksəlmişdir və ömrünün sonuna kimi həmin vəzifədə qalmışdır (1993-2002). Professor A.Abdullazadə onlarla elmi məqalə və monoqrafiyanın müəllifidir, 7 elmlər namizədinin tədqiqat işinə rəhbərlik edib. Azərbaycan və SSRİ Yazıçılar İttifaqlarının üzvü olan şair uzun müddət Yazıçılar Birliyində Poeziya bölməsinin sədri olub. Müxtəlif zamanlarda elmi və bədii fəaliyyətinə görə respublika və ümumittifaq əhəmiyyətli bir sıra mükafatlarla təltif olunmuşdur (o cümlədən, Rəsul Rza mükafatı). 2002-ci il mayın 31-də 62 yaşında Bakıda vəfat etmiş və Şəkidə yaxınlarının dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılmışdır.
Öz xatirələrində yazdığı kimi, əsasən hələ məktəb illərində müxtəlif mətbu orqanlarında şeirləri çap olunan Arif Abdullazadənin ilk şeirlər kitabı “Arzular” 1964-cü işıq üzü görmüşdür. Sonrakı illərdə ədibin “Könüllərin dünyası”(1966), “Hər yerdə, hər zaman” (1969), “Ana dünyamız” (1976), “Sevin Azərbaycanı” (1979), “Bir ovuc torpaq” (1982), “Səninlə sənsiz” (1983), “Duyum” (1986), “Bəxtimizin kitabı” (1988), “Seçilmiş əsərləri” (1991), “Ulu Qorqud” (1999) adlı kitabları Bakıda, “Vseqda i vsyudu” (1976), “Svet Abşerona” (1986) kitabları isə dövrün sərt senzurasının tələblərini qıraraq Moskvada çap olunmuşdur. Ədibin vəfatından sonra əsasən ömrünün son illərində yazdığı, bir qismi dövri mətbuatdan oxuculara tanış olsa da, çoxu çap olunmamış şeirlərindən ibarət “Tövbə duaları” (2003), 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı yaddaş” (2010), “Qatarla uçmaqdan yorulan durna” (2020) adlı şeirlər toplusu, “Duyum” (2022) adlı şeirlər və eyniadlı romanın daxil olduğu kitabları da işıq üzü görmüşdür. A.Abdullazadə şair kimi daha çox qələmini sınasa da, “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Qanlı yaddaş”, “Sınaq kürəsi” romanlarının, “Aqillər” və “Evlərin axşamları” pyeslərinin də müəllifidir.
Professor Arif Abdullazadə “Novatorluq və üslüb”, “Şair C.Cabbarlı”, “Od nə çəkdi” (Rəsul Rza haqqında ədəbiyyatımızda yazılmış ilk monoqrafiya), “Şairlər və yollar” adlı monoqrafiyaların müəllifi, “Azərbaycan ədəbiyyatı tarixi”nin V cildinin, “Ədəbiyyatda şəxsiyyət konsepsiyası” kitablarının əsas müəlliflərindən biridir. O, həmçinin çoxsaylı elmi, elmi-publisistik məqalələr, tərcümələrlə dövri mətbuatda çıxışlar etmiş, bir sıra kitabların tərtibçisi və redaktoru olmuşdur.
Şirin doğum günündə bir neçə şeirini təqdim edirik.
Sual
“Niyə kefin yoxdur?”
Ürəyimə sancılıb
Bu dəstəkli ox –
Göynədir yeri,
Dünyanı anlayan gündən
eşidirəm bu sözləri
hamıdan
hər yerdə,
dostdan da,
bədxahımdan da,
sinəmdəki
gizli ahımdan da.
Vətəndə də,
Qürbətdə də…
“Niyə kefin yoxdur?”
Həmişə də cavabsız qalıb
bu sual,
Çəkdikcə uzanıb,
Ya da sualla qarşılaşıb –
“Axı nə olub ki?”
Bir sualın cavabı sorağında
Qəlbimə o qədər
Şübhələr, suallar dolub ki…
Şeir yazıram,
Yazacağam
Ən son ana qədər,
Bu sualın cavabını
Tapana qədər.
1968
Ömrün qisməti
Insanlar ayda da izlər əkdilər,
Boşluqdan boşluğa yollar çəkdilər
Yoxluğun qoynunda dağlar tikdilər,
qüdətdi, qardaş.
Sıyrılıb bir anda qından çıxdılar,
Sirli zamanlara gedib çıxdılar,
Dibsiz göylərə də şərik çıxdılar,
heyrətdi, qardaş.
Uzaqdan baxırsan adicə çaydı,
Neçə milyonları ikiyə saydı,
Dünyanın yarısı hələ o taydı,
həsrətdi, qardaş.
Biri var-yoxunu oda dəyişir,
Biri namusunu ada dəyişir,
Baxırsan ki, bu da, o da dəyişir,
qeyrətdi, qardaş.
Bəxtimiz bu yoldan keçməli imiş,
Dünya öz odunda bişməli imiş,
Ömrümüz bu əsrə düşməli imiş,
qismətdi, qardaş.
1986
Uşaqlığın kənd toyları
Cavanların övladladları
böyüsünlər, qocalsınlar
həm atalı, həm analı –
bu əhd ilə ilk havaya
elə uşaq oynamalı:
həm atalı, həm analı.
Gözlər uşaq gəzirdilər
həm atalı, həm analı,
uşaqlarsa dəstə-dəstə,
budaqlarda, damlar üstə,
baxışlarda ata gözü, ana izi,
həm atalı, həm analı
uşaq isə
tapılardı, tapılmazdı
bir mağarda bir-ikisi.
Ataları səssiz illər,
sisli yollar,
anaları ər həsrəti,
oğul dərdi
aparmışdı –
dava təzə qurtarmışdı….
İllər indi o günləri
uşaqlığın iz saldığı
bir xatirə cığırında
qoyub gəlib,
ömür gəncliyə yüksəlib,
qocalığa sinə gərib.
Hələ sürür öz atını,
hələ gərir qanadını.
Hara baxsan səsli toylar,
hara baxsan
uşaqların yanağı bal,
gözü çiçək,
üzü günəş, saçı ipək,
hər baxışda duru çeşmə,
hər kəlməsi kaman çalır,
duruşundan, yerişindən
həm atalı, həm analı.
Amma bəzən
ürəklə rin
ifadəsiz nisgilinə
ürəyində nəzər diksən –
biri həsrət qucağında,
biri nifrət ocağında,
biri ata bucağında,
biri ana qucağında,
biri atadan aralı,
biri anadan aralı –
həm atalı, həm analı.
Anaları zər-zibaya,
azdan çoxa,
çoxdan artıq bir dünyaya
həsrət alır
uşaqlardan,
ataları
anaların
laxtalanmış mayasına,
çoxdan artıq dünyasına
nifrət alır
uşaqlardan.
Bir tələsmiş sirli günah,
bir gecikmiş məhəbbət də,
yerli-yersiz süzülən göz,
yerli-yersiz bir adət də…
Yollarımız
ildən-ilə qanad açan
səsli-toylu maşınların
axınında dar görünür,
səs-sədasız, bər-bəzəksiz
keçən toylar
adımıza ar görünür.
Toylarımız çoxaldıqca
bu toylardan pərvazlanıb
illər sonra
o toylarda
oynamalı
uşaqlarsa hey azalır –
həm atalı, həm analı.
1984
Budaq işidir
Bir-bir seçilməsə ömürdə qış, yaz,
Bəxtinin dərsinə adi bir üç yaz,
Ulduz tək yanmasan, işığın uçmaz,
Özünə nur saçmaq çıraq işidir.
Dərilmiş sözdüsə ömür yarağın,
təkcə öz ömrünə çatar sorağın,
ömrünsə gözləri qaşına yaxın,
səadət – yolların uzaq işidir.
Bu sevgi ömürlük tək mənli qala,
sirrimizin başı dumanlı qala,
yazın yar döşəyi çəmənli tala,
qışın məhəbbəti otaq işidir.
Eşqlə daşı da əritmək olar,
qurumuş çayı da diriltmək olar,
qəlbi bir sözlə də isitmək olar,
dodağı isitmək dodaq işidir.
Həyatda göyərən daş olmalısan,
ömrünü sabaha daşımalısan,
bəxti sona qədər yaşamalısan,
dünyaya baş çəkmək qonaq işidir.
Söz bələkdə ölər deyilməyəndə,
dediyin düzdürsə, əyilmə sən də,
əyilən də gedir, əyilməyən də,
əyilib yaşamaq budaq işidir.
1987
Adam toplusu
Ay Allah, mən sənin ola bilmədim,
A bəxtim, üstümdən adlayıb keçdin,
Yolunu çaşdırıb geri dönəndə
Cəmi bir ömürlük dərdə gecikdin.
A dağlar, nə yaman kiçilmisiniz?
O uzaq çağlardan sizə baxanda
Sevdalı başımdan papaq düşərdi,
Yaşadan da sizdiz bizi, yıxan da.
Sizlər kiçildikcə biz böyüyərdik,
O dağ görkəminiz göylərə dardı,
Ətəyindən tutub ucalmaq üçün
Cəmi bircə yaşlıq yolumuz vardı.
Ay dəniz, sən niyə bir sahillisən?
O biri sahilin üfüqlərindir,
Nəhəng dərələrdən keçən yolların
Dibsiz səma kimi göydən dərindir.
Ay ömür, nə uzun yoxuşun varmış,
Enişin beş addım, beşi də qara,
Səsini yarıda qıra bilməmiş
Bu eniş-yoxuşlar çətin qurtara.
A könlüm, hardaydın, haraya keçdin?!
İndi ayağım da, başım da ürək,
Hamımız birləşsək gücümüz çatmaz
Bu daş cənazəni yerdən götürək.
Ay adam toplusu, milçək sürüsü,
Niyə dünya boyda vızıldaşırsız?
Bəs niyə bu zaman səhralarında
Yollara tökülüb qaqqıldaşırsız?!
1999
