Bakı şəhəri Keşlə qəsəbəsi, Rəşid Bağırov küçəsi 36 ünvanda kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb. Keşlə qəsəbəsində baş verən subasma hadisəsi birbaşa olaraq mühəndis-kommunikasiya xətlərinin – xüsusilə kollektor sisteminin üzərində tikilmiş evlərlə əlaqələndirilib.
Heftelik.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətindən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, sökülən evin tikildiyi yer Xətai rayonu ərazisinə düşür.
“Orada sökülən evin sakinləri kirayəyə çıxarılıb. Digər sakinlərlə də danışıqlar aparılır. Söhbət kollektorun üzərində yerləşən digər evlərdən gedir”, – qeyd edilib.
İcra Hakimiyyətindən bildirilib ki, bu evlər uzun illər əvvəl tikilib: “İcazənin necə və kim tərəfindən verilməsi ilə bağlı qaldırılan iddialar isə araşdırılır”.
Xətai Rayon İcra Hakimiyyətindən onu da qeyd ediblər ki, kollektorun üzərində yerləşən digər evlərlə bağlı müvafiq qurumlara ətraflı məlumat verilib: “Nə qərar veriləcəksə, rayon icra hakimiyyəti də öhdəsinə düşəni edəcək”.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) isə APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, hazırda Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1600-ə yaxın tikili mövcuddur.
Qeyd edək ki, bir neçə gün əvvəl normadan artıq yağan yağış nəticəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində evləri su basıb. Subasmaya səbəb uzun illər əvvəl Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində tikilən ikimərtəbəli ev olduğu bildirilib və ev sökülüb.
Keşlə qəsəbəsində kollektorda qəzaya səbəb olan evin sökülməsinə başlanıldı – FOTO
