Haqqında cinayət işi açılan, mənimsədiyi pulu ödədikdən sonra TƏBİB-in İcraçı direktorunun müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru olan şəxsin kimliyi üzə çıxıb.
Heftelik.az xəbər verir ki, deputat Müşfiq Cəfərovun bu gün Milli Məclisin iclasında haqında danışdığı şəxsin Səkinə Sadıxova olduğu üzə çıxıb.
Qeyd edək ki, deputat bildirib ki, Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdan kənar istifadə olunmuş (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Daha sonra isə o, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın (400 mindən artıq əhalisi olan rayonun) direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Səkinə Sadıxova 2018-2021-ci illərdə isə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri, 2021-2023-cü illərdə Sumqayıt Tibb Mərkəzinin direktoru, 2024-cü ilin yanvarına kimi isə TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib.
2024-cü ilin yanvarında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Səkinə Sadıxova Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
