Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasovanın barəsində olan qərarla bağlı növbəti məhkəmə prosesi keçirilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, hökm dəyişdirilib və ona 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Həmçinin Ülviyyə İlyasovaya Amnistiya aktı şamil edilib, cəzası 6 ay azaldılıb. Onun cəzasının 10 oktyabr 2025-ci ildən hesablanması, Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Qeyd edək ki, Ülviyyə İlyasova Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.

Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilib.

Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ali Məhkəmə hökmdən verilən kassasiya şikayəti və protesti üzrə qərar verib. Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının kassasiya protesti təmin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərilib.

Xatırladaq ki, haırda Ülviyyə İlyasova barəsində qanunsuz tibbi müdaxilə nəticəsində vətəndaşın səhhətinə zərər vurulması faktı üzrə daha bir cinayət işinə məhkəmədə baxılır.

İlyasova Ülviyyə Hüseynağa qızının qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində Əlibəyova Mila Sabir qızının səhhətinə zərər vurulması ilə bağlı vətəndaşın müraciəti üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılaraq cinayət işi başlanıb. İstintaqla, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan edilib, həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat Yasamal rayon məhkəməsi tərəfindən təmin edilmədiyindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.