Qlobal iqlim sistemi ilə bağlı yayımlanan son model proqnozları göstərir ki, qarşıdakı aylarda təsirini göstərə biləcək güclü “super El Nino” ehtimalı getdikcə artır. Mütəxəssislər vurğulayırlar ki, bu proses yalnız müəyyən bölgələrlə məhdudlaşmayacaq, dünya üzrə temperatur, yağıntı rejimi və ekstremal hava hadisələri üzərində ciddi təsirlər yarada bilər.
Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi (ECMWF) mart ayında yayımladığı hesabatda super El Nino ehtimalının yüksək olduğunu qeyd etmişdi. Quruma məxsus yenilənmiş son məlumatlar isə bu ehtimalın daha da artdığını göstərir. Buna görə, El Nino hadisəsinin həddindən artıq güclənmiş variantının bu yay və ya payız aylarında baş vermə ehtimalı kifayət qədər yüksəkdir. Yeni proqnozlar əvvəlki gözləntiləri təsdiqləməklə yanaşı, riskin daha da aydınlaşdığını göstərir.
SUPER EL NİNO İLƏ EL NİNO ARASINDA FƏRQ NƏDİR?
El Nino, ekvatorial Sakit okeanda dəniz səthinin temperaturunun normadan yuxarı qalxması nəticəsində yaranan təbii iqlim hadisəsidir. Bu istiləşmə atmosfer dövranını dəyişdirərək dünya üzrə hava şəraitinə təsir edir.
Adi El Nino zamanı:
Bəzi bölgələrdə quraqlıq, digər yerlərdə güclü yağıntı və daşqınlar, istilik dalğaları, tropik fırtınalarda dəyişikliklər müşahidə olunur. Lakin təxminən hər 10-15 ildən bir baş verən “super El Nino” hadisələri zamanı bu təsirlər daha güclü, daha uzunmüddətli və daha geniş əraziləri əhatə edən nəticələr doğurur.
Mütəxəssislərin fikrincə, super El Nino Sakit okeanın kritik bölgələrində dəniz səthi temperaturunun orta göstəricidən 2 dərəcə Selsidən çox artması ilə xarakterizə olunur. Bu səviyyədə artım atmosferdə zəncirvari reaksiyalara səbəb olaraq qlobal miqyasda iqlim balansını poza bilər.
“SON 140 İLİN ƏN GÜCLÜSÜ GƏLİR”
“Washington Post”a danışan Nyu-York Ştat Universitetinin Albany kampusunda atmosfer elmləri üzrə professor Paul Roundy mövcud məlumatların olduqca diqqətçəkici olduğunu bildirib.
Roundy-nin sözlərinə görə, “Son 140 ilin ən güclü El Nino hadisəsinin baş verməsi üçün real potensial mövcuddur.” Eyni zamanda iqlim mütəxəssisləri qeyd edirlər ki, bu ilki hadisənin gücü 2015-ci ilin dekabrında qeydə alınan və dəniz səthi temperaturunun normadan 2,8 dərəcə yüksək olduğu rekord El Nino hadisəsini belə geridə qoya bilər.
2027-Cİ İLƏ QƏDƏR DAVAM EDƏ BİLƏR
Aparılan modelləşdirmələr göstərir ki, mümkün super El Nino-nun təsirləri yalnız qısamüddətli olmayacaq və 2027-ci ilə qədər davam edən genişmiqyaslı nəticələr doğura bilər. Bu dövrdə qlobal temperaturun yeni rekordlar qıracağı gözlənilir. Xüsusilə 2027-ci ildə indiyədək qeydə alınmış ən isti illərin də geridə qala biləcəyi ehtimal olunur.
Alimlərin fikrincə, güclü El Nino hadisələri adətən rekord temperatur göstəriciləri ilə müşayiət olunur. Bunun əsas səbəbi okeanlarda toplanan istiliyin atmosferə ötürülməsi və daha sonra jet axınları vasitəsilə dünya üzrə yayılmasıdır.
“QLobal ATMOSFER DÖVRANI DƏYİŞƏ BİLƏR”
Mart ayının əvvəlində ECMWF-in hesabatından sonra Hurriyet.com.tr-yə danışan İstanbul Aydın Universitetinin müəllimi, meteoroloq Dr. Güvən Özdemir “El Nino meteoroloji baxımdan mühüm siqnaldır” deyərək aşağıdakı məqamları vurğulayıb:
— Hazırda qlobal vəziyyət Sakit okeanda La Nina-nın zəiflədiyini göstərir. Bəzi iqlim modelləri artıq güclü El Nino siqnalları verir. Bu sistemin əsas göstəricisi isə NINO 3.4 indeksidir. Bu indeks tropik Sakit okeanın mərkəzi hissəsində müəyyən bir zonada dəniz səthi temperaturunun normadan nə qədər fərqləndiyini ölçən iqlim göstəricisidir və xüsusilə El Nino hadisələrini izləmək üçün istifadə olunur.
— Super El Nino qlobal atmosfer dövranını dəyişə bilər, jet axınlarının yerini dəyişdirə bilər və ən əsası qlobal temperatur rekordlarını tətikləyə bilər. Tarixdə ən geniş istilik sahələrindən biri 1997-1998-ci illərdə baş verən super El Nino zamanı qeydə alınıb və temperatur anomaliyası baxımından çox böyük ərazini əhatə edib.
DÜNYA ÜZRƏ GÖZLƏNİLƏN TƏSİRLƏR NƏLƏRDİR?
Son proqnozlara görə, super El Nino-nun təsirləri regionlara görə fərqli olacaq, lakin ümumilikdə ekstremal hava hadisələrinin artması gözlənilir.
Qasırğa və fırtına rejimində dəyişikliklər
- Atlantik okeanında qasırğa aktivliyinin azalması gözlənilir.
- Bunun əksinə olaraq, Sakit okeanda tayfun və tropik siklon riskinin artacağı proqnozlaşdırılır.
- Karib hövzəsində quraqlıq riski yüksələrkən, Havay, Quam və Şərqi Asiyada daha çox fırtına baş verə bilər.
Eyni vaxtda quraqlıq və daşqın riski
Super El Nino-nun ən diqqətçəkən xüsusiyyətlərindən biri dünyanın müxtəlif bölgələrində eyni vaxtda həm quraqlıq, həm də güclü yağıntılara səbəb olmasıdır.
Quraqlıq gözlənilən bölgələr:
- Mərkəzi Afrika
- Avstraliya
- İndoneziya
- Filippinlər
- Mərkəzi Amerika
- Braziliyanın şimalının bəzi hissələri
Güclü yağıntı və daşqın riski olan bölgələr:
- Peru və Ekvador
- Şimali və Şərqi Afrikanın bəzi hissələri
- Yaxın Şərq
- Ekvator ətrafı Sakit okean zonaları
İSTİ DALĞALARINDA ARTIM GÖZLƏNİLİR
Proqnozlara əsasən, Cənubi Amerika, ABŞ-ın cənubu, Avropa, Afrika, Yaxın Şərq, Hindistan və Avstraliya kimi geniş ərazilərdə istilik dalğalarının daha tez-tez və daha güclü olması gözlənilir. ABŞ-ın qərb bölgələrində isə yay aylarında həm temperaturun, həm də rütubətin normadan yüksək olacağı və bunun güclü fırtınalara səbəb ola biləcəyi bildirilir.
Qlobal istiləşmənin digər nəticələrindən biri atmosferdə rütubətin artmasıdır. Daha isti hava daha çox rütubət saxladığı üçün bu vəziyyət güclü yağıntıların daha tez-tez baş verməsinə səbəb olur.
Super El Nino zamanı:
- Atmosferdə rütubət daşınmasının artması,
- Güclü leysan yağışlarının geniş yayılması,
- Ani daşqın riskinin yüksəlməsi gözlənilir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə infrastruktur baxımından zəif olan bölgələrdə bu vəziyyət ciddi humanitar və iqtisadi itkilərə səbəb ola bilər.
