Şəkidə Şin çayı üzərindəki körpünün və bir yolun əsaslı təmiri barədə məsələ qaldırılıb.
HGeftelik.az  xəbər verir ki, deputat Vüqar İskəndərov bu gün Milli Məclisdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı çıxışında deyib ki, Şəki rayonunun Baş Göynük və Baş Şabalıd kəndlərini Şəki şəhəri ilə birləşdirən, Şin çayı üzərində yerləşən körpünün əsaslı təmirə ehtiyacı var.
Deputat nəzərə çatdırıb ki, 2005-ci ildə inşa edilmiş, 9 mindən artıq sakinin istifadə etdiyi bu körpünün yük götürmə qabiliyyəti əvvəlki 30 tondan 10 tona enib: “Nəzərə alsaq ki, həmin körpü bu kəndlərin şəhərə yeganə çıxışıdır, onun əsaslı təmiri həm təhlükəsizlik, həm də əhalinin gündəlik həyatı baxımından son dərəcə vacibdir.
İkinci məsələ Şəki rayonunun Oraban, Baş Kəldək, Qırxbulaq, Oxud, İnçə, Zunud, Aşağı Şabalıd və Baqqal kəndlərini Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolu ilə birləşdirən yolun əsaslı təmiridir. Bu yolun təmiri uzun müddətdir gözlənilir. Layihə müvafiq dövlət investisiya proqramlarında nəzərdə tutulsa da, işlər hələ həyata keçirilməyib. Qeyd etdiyim hər iki məsələnin 2027-ci ilin dövlət investisiya xərcləri çərçivəsində həlli imkanlarına baxılmasını və müvafiq tədbirlər görülməsini xahiş edirəm”.