Sahilboyu ərazidə müəyyən edilmiş 3 200-dən çox özbaşına tikilinin əksəriyyəti hazırda qüvvədə olan normativ-hüquqi aktlara əsasən, Xəzər dənizinin sahil mühafizə zolağında inşa edilmiş yaşayış və ya qeyri-yaşayış obyektləridir.

Heftelik.az APA-ya istinadən xəbər  verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin” İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Xəzər dənizinin (gölünün) sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi məsələsi ilə bağlı keçirilən brifinqdə bildirib.

“Qeyd olunan özbaşına tikililərin böyük əksəriyyəti kommersiya məqsədilə inşa edilmiş obyektlərdir. Gələcəkdə həm bu sahənin tənzimlənməsini nəzərdə tutan normativ-hüquqi aktlar yenilənəcək, həm də fərmanla Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş tapşırıq çərçivəsində həmin ərazilərin xəritələri və obyektlər bir daha dəqiqləşdirilərək rəqəmsallaşdırılacaq. Bundan sonra mövcud vəziyyət barədə daha dəqiq məlumat əldə olunacaq.
Fərmanın birinci bəndində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu əraziləri müəyyən edilir. Burada adalar, məskunlaşmış və məskunlaşması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan sahələr, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olunur. İctimaiyyəti, xüsusilə də narahat edən əsas məsələnin qanunsuz və ya əsassız tikilmiş fərdi yaşayış evlərinin və mənzillərin aqibəti ilə bağlı olduğunu başa düşürəm. Məskunlaşma əraziləri və yaşayış məntəqələri sahilboyu ərazinin idarəetmə prinsipinə daxil deyil, onlar istisna təşkil edir”, – o bildirib