Gürcüstanın Marneuli rayonunda külli miqdarda pulu dələduzluq yolu ilə əldə etməkdə ittiham olunan şəxs saxlanılıb.

Heftelik.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Əvvəllər məhkum olunmuş həmin şəxs Marneuli bələdiyyəsinin bir sakininə nüfuzlu əlaqələrindən istifadə edərək onun övladının Azərbaycandakı həbsxanadan azad edilməsinə nail olacağını vəd edib. O, bunun müqabilində həmin şəxsdən 11 000 lari (4 242 ABŞ dolları) tələb edib.

Saxlanılan şəxs tələb olunan məbləği həmin vətəndaşdan alıb və dələduzluq yolu ilə mənimsəyib.

Faktla bağlı istintaq aparılır. Təqsirləndirilən şəxsi 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.