ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının uzanmasını 2025-ci ilin sonunda Vladimir Putinin iqamətgahına olduğu iddia edilən hücumla əlaqələndirib.

Heftelik.az xəbər verir ki, Kuşner bu barədə “Axel Springer” media qrupunun baş direktoru Matias Döpfnerə “MD Meets” podkastına müsahibəsində danışıb.

Onun sözlərinə görə, hazırda tərəflər ərazi məsələsində razılığa gələ bilmirlər.

O, son bir ildə Moskva və Kiyev arasında aparılan danışıqların gedişatını xatırladaraq bildirib ki, ötən ilin noyabrında müəyyən irəliləyiş əldə olunmağa başlayıb. Lakin dekabrın sonunda Ukraynanın Putinin iqamətgahına hücumu, onun fikrincə, danışıqlarda geriləməyə səbəb olub.

Kuşner diqqətə çatdırıb ki, fevraldan sentyabr ayınadək tərəflər arasında davamlı əlaqə saxlanılsa da, ABŞ hər iki tərəfdən ortaq məxrəcə gəlmək üçün ciddi çeviklik və hazırlıq görməyib.

Putinin həqiqətən sülhə və müharibəni bitirməyə çalışıb-çalışmadığı barədə suala cavab verən Kuşner bunun belə olduğunu düşündüyünü deyib. Bununla belə, o, əsas maneənin ərazi məsələsi olduğunu vurğulayıb.

“Putin və Rusiya nümayəndə heyəti ilə çoxsaylı saatlar davam edən söhbətlərimdən sonra deyə bilərəm ki, ərazi məsələsi hazırda müəyyən dalana dirənib”, – Kuşner vurğulayıb.

O, həmçinin, ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə və ukraynalılara təzyiq göstərməsi ilə bağlı iddiaları rədd edib. Kuşner qeyd edib ki, ABŞ tərəfi danışıqlarda vasitəçi rolunu oynayır və Ukraynaya bu müharibədə kömək edən, eyni zamanda onun ən böyük donorudur.