Sürücülük vəsiqələrinə dair - YENİ TƏLƏB

23 İyun 2022

Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir və 1 ay ərzində sürücülük vəsiqəsini yeni sürücülük vəsiqəsi ilə dəyişməlidirlər. Əgər həmin şəxslər 1 ay ərzində sürücülük vəsiqəsini yeni sürücülük vəsiqəsi ilə dəyişməsələr, hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab ediləcəklər. 

Heftelik.az-ın məlumatına görə, bu, bu gün Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında qəbul edilən qərarda əksini tapıb. 

Başqa sözlə, Konstitusiya Məhkəməsinin Plenumununun  iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

BUNA DA BAX: Azərbaycanda avtomobillər - BAHALAŞDI

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H. Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A. Osmanovanın və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H. M. Seyidin, mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H. Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi H. Məmmədovun, Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi A. Xudiyevin, Daxili İşlər Nazirliyi və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mülahizələri, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti S. Əliyevin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.

Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərin “Yol hərəkəti haqqında” qanunun 35-1-ci maddəsinin tələblərinin yerinə yetirilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilməsi Dövlət Miqrasiya Xidmətinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 35-1-ci maddəsi aşağıdakı kimidir: Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi - Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir.

Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

- Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

- Bu Qanunun 35-1-ci maddəsinin I və II hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. 

58 Baxış
Top