Ramiz Mikayiloghlu

Ramiz Mikayiloghlu

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Hesablama Palatası Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələrini açıqlayıb.

Heftelik.az-ın məlumatına görə, Hesablama Palatasının 2022-ci ilin İş planına uyğun olaraq həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) publik hüquqi şəxsin 01.01.2021-ci il tarixindən 01.07.2022-ci il tarixinədək olan hesabat dövrlərindəki fəaliyyəti əhatə olunub.

BUNA DA BAX: DSMF-də yoxlama aparılıb, materiallar prokurorluğa göndərilib

Qeyd edilib ki, əzəli torpaqlarımızın işğaldan azad olunmasından sonra ağlasığmaz formada kütləvi minalanmış həmin ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə yaranan tələbatın əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması ANAMA-nın fəaliyyətinin genişləndirilməsini şərtləndiribş, müasir tələblərə uyğun maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi işlərinə xüsusi önəm verilmiş, genişmiqyaslı işlərin yerinə yetirilməsi prosesində auditlə əsasən aşağıdakılar aşkar olunub. Dövlət sifarişinə məqsədli vəsaitlərin ödənilməsi üzrə rəsmiləşdirilmiş müqavilələrə dövlət sifarişinin mahiyyətinə uyğun gəlməyən bəndlər daxil edilmiş, minatəmizləmə fəaliyyəti üzrə dövlət büdcəsindən açılan maliyyələşmələr qanunvericiliklə sifarişçi-icraçı münasibətlərini tənzimləyən meyarlara tam uyğun həyata keçirilməyib.

2021-ci il üçün müqavilə məbləğinin tam həcmdə maliyyələşdirildiyi halda dövlət sifarişi 88,5% səviyyəsində yerinə yetirilib ki, bu da minatəmizləmə işləri üçün əlavə iddiaçı hüquqi şəxslərin müəyyənləşdirilməsi və sifarişlərin ötürülməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi prosesinin ilin sonunda tamamlanması və nəticə etibarı ilə ANAMA vasitəsilə kənar hüquqi şəxslər üzrə sifarişlərin icra olunmaması səbəbindən baş verib.

Eyni zamanda, ANAMA tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi predmeti üzrə bir mənbədən satınalma metodu tətbiq edilməklə eyni şərtlərlə iki illik müqavilələr bağlanmış 4 (dörd) yerli hüquqi şəxslə müqavilələrin bağlanıldığı 2021-ci ilin 10 dekabr tarixinə zəruri əmək resursları və maddi texniki bazası mövcud olmamış, toplanmış audit sübutları həmçinin təklif olunan və müqavilələrlə rəsmiləşdirilən qiymətlərin tərkibinə (icraçıların qiymət təkliflərinə) cari xərclərlə yanaşı tam həcmdə əsaslı xərclərin (avadanlıq və texnikaların alışı) də daxil edilməsini göstərib ki, bu da qiymətlərə müəyyən dərəcədə təsir etdiyini deməyə əsas verib.

Bir neçə halda dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının tələbləri (prosedur xarakterli) gözlənilmədən 3297,8 min manat məbləğində vəsaitin xərclənməsi, dövlət satınalmaları çərçivəsində ehtimal olunan qiymətlərin optimal qaydada müəyyənləşdirilməməsi, eləcə də eyni adlı malların alışı üzrə ayrı-ayrı müqavilələrdə fərqli qiymətlərin tətbiq olunması vəsaitlərə qənaət olunmamasını səciyyələndirib.

İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinin yerinə yetirilməsi məqsədilə dövlət satınalmalarının icrası çərçivəsində mobil sahə düşərgələri və modul tipli bazalar üçün konteynerlərin quraşdırılması, nəqliyyat vasitələri və texnikaların ehtiyat hissələri ilə təchizatı və servis xidmətləri, müdavimlərə təlimlərin təşkili çərçivəsində yataq xidmətləri, icrası gecikdirilmiş müqavilələr üzrə cərimə məbləğlərinin tətbiq olunmaması üzrə ümumilikdə 96,2 min manat məbləğində artıq ödənişlərə yol verilib.

ANAMA-nın tabeliyindəki bütün strukturlar (o cümlədən, regional mərkəzlər) üzrə anbarda saxlanma, istismara buraxılma, istismardan geri qaytarılma, təkrar istifadə və s. kimi faktiki hallar üzrə ehtiyatların uçotunun, eyni zamanda ərzaq məhsullarının dövriyyəsinin (mədaxilinin, gündəlik qidalanma rejimi üzrə menyu-tələbnamələrinə uyğun silgisinin) uçotunun avtomatlaşdırılmış (proqram təminatı vasitəsilə) qaydada aparılması təmin edilməmiş, həmin aktivlərin təsərrüfat daxili hərəkətinin yalnız kağız formasında uçotu müəyyən qüsurlarla müşayiət olunmuşdur ki, bu da strukturlar üzrə ehtiyatların sərfiyyatında (silgisində) və real tələbatın müəyyənləşdirilməsində bəzi intizamsızlıq risklərinin mövcudluğunu şərtləndirib.

Hüquqi aktların tələblərinə əməl edilməyərək ümumilikdə 504,5 min manat məbləğində vergilərin dövlət büdcəsinə hesablanması və ödənilməsi təmin edilməmiş, eyni zamanda müvafiq hesabatlarda əvəzsiz əsaslarla əldə olunmuş 1916,9 min manat məbləğində aktivlərin dəyərinin gəlirlərə aid edilməməsinə, əsaslı xərclər üzrə 36736,4 min manat və ərazilərin minalardan və hərbi sursatlardan təmizlənməsi sifarişi verilmiş dörd rezident hüquqi şəxsə avans kimi 29534,9 min manat məbləğində ödənişlərin gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilməsinə yol verilib.

ANAMA-nın əvvəlki (publik hüquqi şəxs statusuna qədərki) hesabat dövrləri ilə müqayisədə iş həcminin, dövlət büdcəsindən ayrılan maliyyələşmələrin, o cümlədən ştat kontingentinin və əməyin ödənişi ilə bağlı xərclərinin, eləcə də kənar hüquqi şəxslərə sifarişlərinin əhəmiyyətli artımı şəraitində minatəmizləmə üzrə iş həcmlərinin gündəlik icrası vəziyyətinin uçotuna, xüsusilə çirklənmə səviyyəsi yüksək olan ərazilərdə icraçı fiziki şəxslər (istər təsərrüfat, istərsə də podrat üsulla) üzrə işlərin gedişatına müşahidə imkanı verən elektron informasiya sisteminin formalaşdırılması (kənar hüquqi şəxslərin də bu sistemə inteqrasiya olunması) bununla da mərkəzləşdirilmiş qaydada daxili nəzarətin sərf olunan resursların artan həcminə adekvat olaraq gücləndirilməsi təmin edilməyib.

Audit dövründə ümumilikdə 612,5 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa olunduğu nəzərə alınmaqla, bu və digər uyğunsuzluqların aradan qaldırılması, eləcə də nizamnaməyə uyğun olaraq institusional tənzimləmə çərçivəsində funksional fəaliyyətdə istifadə edilən geyimlərin (xüsusi geyimlərin) və yumşaq inventarların istismar müddətlərini müəyyənləşdirən daxili normativlərin işlənilməsi və struktur vahidlərinin fəaliyyətində koordinasiyanın gücləndirilməsi istiqamətində müvafiq təkliflər irəli sürülüb.

Yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlər və əməliyyatlara münasibətdə yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənmədən gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun layihəsində əksini tapıb.

Layihəyə əsasən, FATF (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı qlobal maliyyə sistemini qorumaq üçün müvafiq siyasətin formalaşdırılması və yayılmasını təmin edən müstəqil hökumətlərarası qurum) tərəfindən edilmiş çağırışlar əsasında, habelə müəyyən edilmiş yüksək riskli zonalara münasibətdə məhdudiyyətlər və xüsusi tələblər tətbiq edilə bilər. Yüksək riskli zonalara münasibətdə FATF tərəfindən edilmiş çağırışların mətni maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilir və birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə öhdəlik daşıyan şəxslərə göndərilir. Öhdəlik daşıyan şəxslər FATF tərəfindən edilmiş çağırışlarda müəyyən edilmiş tədbirləri həyata keçirməlidirlər. Yüksək riskli zonaların müəyyən edilmə əsasları, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Yüksək riskli zonaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla, maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir. Yüksək riskli zonalara münasibətdə tətbiq edilən konkret məhdudiyyətlərin və xüsusi tələblərin növü və müddəti aşkar edilmiş risklərə uyğun olaraq maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir.

Qeyd edək ki, yüksək riskli zonalar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mötəbər mənbələr (beynəlxalq təşkilat və qurumlar tərəfindən dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatlar, habelə tərəqqi hesabatları) əsasında müəyyən edilmiş adekvat mübarizə sistemi olmayan, silahlı separatizmi, ekstremizmi, muzdluluğu və terror fəaliyyətini dəstəkləyən, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumat və sənədlərinin açıqlanmasını tələb etməyən və beynəlxalq təşkilatlar tərəfindən barəsində sanksiyalar və ya digər analoji tədbirlər tətbiq edilən dövlətlər və ya ərazilərdir.

Ali Baş Komandan İlham Əliyev: “Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib”

 Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılmasının effektiv nəticəsini bütün dünya gördü. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Məhz bu texnikalardan istifadə edən  Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.

Azərbaycan 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradında bir daha hərbi gücünü nümayiş etdirdi. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

 Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Müharibə zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. İki ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Çünki bu, qardaşlığın Zəfəridir. Bu Zəfərin təntənəsi tarixi Şuşa Bəyannaməsində təzahür etdi. İki qardaş dövlət tarixi Şuşa Bəyannaməsini imzalayaraq rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Prezident İlham Əliyev bu müttəfiqliyi hər zaman xatırladaraq qeyd edir ki, Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir: “Ötən il Şuşada Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib”.

 Bir il ərzində Türkiyə və Azərbaycanda dövri əsaslarla 10-dan artıq birgə hərbi təlimlər keçirilib. Bu günlərdə Azərbaycan və Türkiyə İranla sərhəddə möhtəşəm  hərbi təlimlərə başlayıblar. Qardaşlığın və dostluğun güc nümayişi olan bu təlimlər regional sabitlik və təhlükəsizliyimiz üçün mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanı qorxutmağa çalışanlara, sərhədlərimizdə məkrli planlar quranlara ciddi mesajdır. 

 

Nəbi Ağayev

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq

Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri

Çərşənbə, 07 Dekabr 2022 12:07

Hərbi gücün rəmzi

Zəfər paradı Azərbaycanın müasir tarixində möhtəşəm və unudulmaz hadisə olaraq yadda qalıb

 Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olub. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Azərbaycan 30 ilə yaxın müddətdə daima Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdı. Lakin bu illər ərzində davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.

44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.

Bu parad ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisə olaraq yadda qalıb. Zəfər paradında çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu möhtəşəm tədbirin əhəmiyyətini belə izah edib: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır”.

 Vətən müharibəsindəki Zəfərin rəmzi Şuşa şəhəridir. Cənab Prezidentin qeyd etdiyi kimi, Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Məhz bu bayraq  Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Müharibə günlərində işğaldan azad olunan ərazilərimizdə qaldırılan Zəfər bayrağı vətənpərvərliyimizin, qələbəmizin təzahürü olaraq nümayiş olunurdu. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Buna görə də Zəfər bayrağının parada təntənəli şəkildə gətirilməsi hər birimizi qürurlandırımışdır.   

Bizi, eyni zamanda qürurlandıran, Vətən müharibəsinin miqyasını və Qələbənin möhtəşəmliyini göstərən Hərbi Qənimətlər Parkıdır. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Bütün bunlar Azərbaycan Ordusunun gücünün, mübarizliyinin və döyüşkənliyinin əyani sübutudur.

Zenfira Nurullayeva

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

7 -dən səhifə 3666
Top