Ramiz Mikayiloghlu

Ramiz Mikayiloghlu

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.

Heftelik.az-ın məlumatına  görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına edilən dəyişiklikdə əksini tapıb.

BUNA DA BAX: Azərbaycandan sülhməramlılara Qarabağda təbii ehtiyatlar barədə XƏBƏRDARLIQ

Bundan əvvəl 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməli idi.

Eyni zamanda sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2022-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri də mənzil və ya fərdi evlə təmin ediləcək. Əvvəl bu müddət 2020-ci ilə qədər nəzərdə tutulmuşdu.

 

Çərşənbə, 07 Dekabr 2022 17:10

Daha bir qadını əri bıçaqladı

Şəmkirdə qadın əri tərəfindən qətlə yetirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

BUNA DA BAX: Arvadını balta ilə qətlə yetirdi

Araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

Çərşənbə, 07 Dekabr 2022 16:22

Naxçıvanla bağlı bu müraciətə baxılacaq

Naxçıvanda filial açmaq istəyən bank olarsa, onların müraciətinə baxılacaq.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Mərkəzi Bankdan qeyd ediblər ki, “Banklar haqqında” qanuna əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Bankın filialının açılmasına icazənin verilməsi Bankın səlahiyyətli orqanının qərarı və müraciəti əsasında həyata keçirilir.

"Bu il noyabr ayının sonuna Naxçıvan Muxtar Respublikasında 7 bankın 18 filialı, 1 şöbəsi və 2 mübadilə şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının ərazisində 2 bank olmayan kredit təşkilatının filialı fəaliyyət göstərir (“Aqrarkredit” QSC BOKT və MM “FİNCA Azərbaycan” Qeyri-bank kredit təşkilatı). 2022-ci ildə 2 yeni bank filialı açılıb. Müraciət olunarsa qanunvericiliyə uyğun olaraq baxılacaq",- deyə AMB-dən əlavə ediblər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev "APA-Economics"ə açıqlamasında Naxçıvanda yeni bank filiallarının artmasının səbəbini bölgələrdə iqtisadi aktivliklə əlaqələndirmişdi.

2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib.

Görüş konstruktiv ruhda keçib. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək.

İctimaiyyətə əlavə məlumat veriləcək.

3 -dən səhifə 3667
Top