Nazirlik Mingəçevir Teatrında “ölü canlar”ın olmasına dair iddianı araşdırır

22 Sentyabr 2022

“Teatrda 12 nəfərə yaxın “ölü canlar”ın olmağı yenilik deyil. Mən Mingəçevir Teatrında 8 aya yaxındır işləyirəm və bu aylar ərzində nə bir aktyoru işə götürmüşəm, nə də kimisə işdən çıxarmışam”.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev deyib.

BUNA DA BAX: Əminə Yusifqızının səhhəti pisləşib? - Özü danışdı

O bildirib ki, teatrda adı ştatda olub, lakin aktyor kimi fəaliyyət göstərməyən şəxslərin varlığından xəbərdardır: “Biz bunu həll etməyə çalışsaq da, hələ ki məsələ həllini tapmayıb. Çünki mən nə işə adam götürürəm, nə də işdən adam çıxarıram”.

Mingəçevir Dram Teatrının direktoru Anar Quliyev isə bildirib ki, teatrda "ölü canlar"ın olması faktı yalandır: "Qəti olaraq, deyirəm ki, bizim teatrda "ölü canlar" məsələsi yoxdur və ola bilməz. Mən 8 ildir teatrda çalışıram və onun il yarımını direktoram. Burada məsələ odur ki, deyilən 10-12 adam teatrda aktyor ştatında qeydiyyatdadır, lakin işçi kimi teatrın sexində çalışır, yaxud dekorasiya işləri ilə məşğuldur və yaxud tamaşanın hazırlanması üçün lazım olan digər sahələrdə fəaliyyət göstərirlər. Yəni onlar aktyor ştatındadır, sadəcə ehtiyac var deyə, digər yöndə fəaliyyət göstərirlər. Bu, bütün dünyada ola biləcək bir haldır, praktikadır. Yekun olaraq deyim ki, "ölü canlar" məsələsi Mingəçevir Dram Teatrında yoxdur".

Mədəniyyət Nazirliyindən isə teatrın direktoru və baş rejissorunun Nazirliyə dəvət olunduğu bildirilib: “Sözügedən məsələ ilə bağlı araşdırma aparılır. Məsələ öz həllini tapdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə Mingəçevir Dövlət Dram Teatrında "ölü canlar"ın - adı ştatda olub, özü işə gəlməyən şəxslərin olması barədə narazılıqlar yazılır. Bildirilib ki, sözügedən qüsuru rəhbərlik bilsə də, heç bir tədbir görülmür.

33 Baxış
Top