Azərbaycan Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir

21 May 2022

18 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. Görüşdə Prezident İlham Əliyev bəyanatla çıxış etmişdir.

Prezident İlham Əliyev görüşdə Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istədiyini bildirdi və Ermənistanın məsuliyyətsiz mövqeyinə toxundu.

Bildirildi ki, İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Bilirsiniz ki, təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır.

Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi.

 İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar.

Ancaq bütün bunlara baxmayaraq, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.

Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik.

Ardınca ölkə başçısı Litva Respublikası ilə münasibətlərə toxundu. Qeyd olundu ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.

Cənab Prezident bildirdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı - Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Eyni zamanda Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.

Hazırda Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, indi isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir.

Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var. Bütün məsələlərdə ümumi anlayış vardır.

Təbii ki, enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi yekunlaşıb. Eyni zamanda ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər.

Paralel olaraq, coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.

Artıq Azərbaycan özü donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir.

Ümumilikdə, Azərbaycan Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bütün bunlar bir daha deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi əlaqələrini daha da inkişaf etdirəcəklər.

Nuru Piriyev

Ucar Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi

lit 2

Top