Perspektivli əməkdaşlıq

23 İyun 2022

Prezident İlham Əliyev 21-22 iyun 2022-ci il tarixlərində Özbəkistanda rəsmi səfərdə olmuş və hər iki ölkənin nümayəndə heyətinin geniş tərkibli görüşü olmuşdur. Həmin görüşdə Azərbaycan nümayəndə heyətinin başçısı Prezident İlham Əliyev çıxış etmiş və bir sıra vacib məsələləri gündəmə gətirmişdir. Ölkələrimiz arasında qarşılıqlı əlaqələr daha intensiv xarakter almağa başlamışdır. nəzərdə tutulan iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası və energetika üzrə yaxşı nəticələr gözlənilir.

Həmişə Özbəkistan ölkəmizin ərazi bütövlüyünün tanınması və bərpası işlərində Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss etmişdir və bu gün də bu qardaşlıq davam edir.

Müasir dövrdə dünyadakı vəziyyəti nəzərə alan hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməklə məşğuldur. Hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımların atılması nəzərdə tutulmuşdur. Ölkələrimiz və xalqlarımız kənar təhdidlərlə üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacibdir.

Kənd təsərrüfatı və texnoparkların inkişaf etdirilməsi perspektiv əməkdaşlıq istiqamətləridir. Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllində Özbəkistan yaxından iştirak edir. Özbəkistanın təcrübəsi və dəstəyi ipəkçilik sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağa imkan vermişdir.

Qardaş Özbəkistan hökuməti tərəfindən Füzuli şəhərində hədiyyə olaraq 3 hektar ərazidə 960 yerlik orta məktəb inşa olunacaqdır. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq.

 

Gülzar İbrahimova

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Top