Qara Qarayev Qurban Qurbanovun yolunu gedir...

22 Sentyabr 2022

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin “Qarabağ”ın əsas heyət üzvü Qara Qarayevi toplanışa dəvət etməməsi haqlı narazılıqlara səbəb oldu. Bu gün Slovakiya ilə qarşılaşacaq millinin baş məşqçisi dünən baş tutan mətbuat konfransında da açıqlama verərək futbolçunun heyətdə olmamasının səbəbini özünün bildiyini deyir. Bütün məsuliyyəti Qarayevin üzərinə atır. 

Heftelik.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, qarşılığında isə təcrübəli yarımmüdafiəçi De Byazi ilə fotosunu instaqramda paylaşıb və açıqlama yazıb.

BUNA DA BAX: "Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərdi

Açıqlamada sadəcə baş məşqçinin bu cür seçim etdiyinə, seçimə hörmətlə yanaşdığına işarə vurur. Qarayevin instaqram paylaşımı da etirazla qarşılandı, çağırılmamasının səbəbini bildiyi halda danışmamasına da etirazlar oldu. 

 

Ona etiraz edənləri haqlı saymaq olar. Bu bir az Qurban Qurbanovun Azərbaycan yığmasından göndərilərkən etdiyinə bənzəyir. O zaman təcrübəli mütəxəssis Millətlər Liqasında 2-ci yeri tutduğu halda, uğursuz Berti Foqtsa 6 il, Prosineçkiyə 3 il vaxt verildiyi halda yığmadan göndərilməsinə səsini çıxarmadı. Yığma ilə bağlı verilən sualları cavabsız qoydu. 

AFFA-nın baş katibi Elxan Məmmədov Qurbanovun uğursuz olmasına dəfələrlə işarə vursa da, iki yerdə işlədiyini bəhanə gətirərək bütün məsuliyyəti məşqçinin üzərinə yükləsə də, çalışdırıcı bu mövzuda danışmadı. Əslində, Qurbanov bununla həm də onu müdafiə edənləri pis vəziyyətdə qoymuşdu. Mətbuatda o vaxtlar Qurbanova dəstək nümayiş etdirənlər onun danışmamasından sonra çətin vəziyyətə qalmışdı. Elxan Məmmədovun müdafiəçiləri isə baş katibin açıqlamaları fonunda meydanda at oynadırdı. 

Qara Qarayev də eyni şeyi edir. İstər sosial şəbəkədə, istər mediada onu müdafiə edənlərə ağır zərbə vurur. Canni De Byazi artıq ikinci dəfədir ki, açıqlama verir və günahları Qarayevin üzərinə atır. 

Qaranın milliyə dəvət almaması futbol səbəbindən ola bilməz. Bu gün Azərbaycan futbolunun ən uğurlu komandası, ölkə idmanının siması olan “Qarabağ”ın əsas futbolçusu oynadığı oyundan narazı qalınaraq kənarda saxlanıla bilməz. Üstəlik, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsində “Nant”a qarşı keçirdiyi oyunda meydanda ən yaxşılardan olan təcrübəli futbolçunu etdiklərini görməzdən gəlmək olmaz.

Həmçinin, Qara Qarayevin mövqeyinə çağırılan futbolçular maksimum onunla bərabər səviyyədədir, hansısa futbolçunun ondan üstün olduğunu müzakirəyə çıxarmaq absurd olar. 

Qurban Qurbanov millidən ayrıldıqdan uzun müddət sonra medianın təkidi və təkrar sualları ilə yığmadan göndərilməsində üstüörtülü də olsa, AFFA-nı günahlandırdı, müəyyən qədər baş verənlər haqqında danışdı. Bu gün də futbol camiəsi haqlı olaraq Qarayevin üzərinə yüklənərək De Byazinin günahları onun üzərinə atmasına aydınlıq gətirməsini istəyir. Azarkeşlərin sevimlisi olan futbolçunun çıxıb bu məsələlərə aydınlıq gətirməməsi ziyanına işləyəcək.

De Byazi ilə aralarında yaşanan problemə görə milliyə dəvət almaması barədə deyilənlər ya təsdiqini tapmalı, ya inkar olunmalı, əsl səbəb ortaya çıxmalıdır. Əks halda bütün oxlar futbolçunun özünə çevriləcək...

27 Baxış
Top