Məişət zorakılığı müasir dünyada insan münasibətlərində yaranmış ən ciddi problemlərdən biridir. Bu cür hadisələr həm cəmiyyətdə ayrı-ayrı fərdlərin bir-birinə münasibətdə, həm də ailələr arasında ailədaxili məişət problemlərin müstəvisində özünü çox qabarıq şəkildə biruzə verir.

Məişət zorakılığı bir çox hallarda yaxın qohumluq  münasibətlərindən (ata, ana, qardaş, bacı, ər, arvad, digər qohumlar) birgə və ya əvvəllər  birgə yaşanmışlardan sui-istifadə istifadə etməklə şəxslərin birinin digərinə qarşı qəsdən fiziki və mənəvi zərər vurmasıdır.

Bir çox hallarda bu kimi hadisələr insanlarda psixi və tibbi – yəni sağlamlıqla  bağlı ciddi fəsadlara və problemlərə yol açır. Ekspertlər və psixoloqlar cəmiyyətdə məişət zorakılığı hallarının artmasının daha çox hüquqi kütləvi savadsızlıq və ya cəmiyyətdə olan mental dəyərlərlə izah etsələr də, reallıq ondan ibarətdir ki, bu gün dünyanın ən demokratik və sivil ölkələrində belə bu hadisələr müntəzəm olaraq baş verir. Hətta hər il bu sahədə baş verən hadisələrin statistik göstəriciləri artır.

Əksər hallarda isə bu zorakılıqların qurbanları qadınlar və uşaqlar olur. Elə Azərbaycanda da vəziyyət bu  sahədə xoşagələn deyil. Çünki son illər cəmiyyətdə məişət zorakılığı hallarının artması və bəzi hallarda isə belə hadisələrin kriminal müstəviyə keçərək, cinayətə çevrilməsi kimi nəticələrə gətirib çıxarması ilə müşayiət olunur.

Azərbaycanda bu müstəvidə baş verən hadisələrin böyük əksəriyyəti ailədaxili münaqişələrdən yaranır. Odur ki, indi cəmiyyəti düşündürən əsas suallardan biri də məhz elə məişət zorakılığının qarşısını necə alınması ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı toxunulmazlıq hüququ var və bu Azərbaycan Respublikasının ali qanunu olan Konstitusiya ilə təsbit olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi) insan ləyaqəti qoruyur  və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqların var.

AR Konstitusiyanın 24-cü maddəsinin 3-cü bəndində qeyd olunur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətin və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

İnsan və vətəndaş  hüquqlarının qorunması ilə bağlı məsələlər həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da öz əksini tapmışdır.

Azərbaycan Respublikası “Ailə Məcəlləsi” nə əsasən nikahın bağlanması, nikahın xitam verilməsi və onun etibarsız sayılması, eləcə də ailə üzvlərin (ər-arvad, valideynləri və uşaqlar) arasındakı münasibətlərin tənzimlənməsinə dövlət nəzarət edir.

Ailə münasibətlərinin hüququ tənzimlənməsi qadınla kişinin nikahın könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına  çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. 

Nikahı kişi və qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınan könüllü ittifaqıdır.

Qanunvericilikdən də göründüyü kimi, Azərbaycan Respublikasında ailə qorunması və ailə münasibətlərinin tənzimlənməsi məsələləri tam könüllü və vətəndaşların sərbəst seçimi əsasında həyata keçirilir. Heç bir şəxsə seçimi ilə bağlı əlavə şərt qoyulmur və bütün qanunvericilik aktlarında tərəflər arasındakı münasibətlərdə gender bərabərliyinin təmin olunması məsələləri əsas götürülür.

Onu da qeyd edək ki, Azərbaycanda “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanun qəbul olunub ki, həmin qanunda da qadın və kişinin hüquqi bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanların və onların cəmiyyətlərdə sosial statusların olduğu əksini tapmışdır.

Həmin qanunda cinsi mənsubiyyətə görə ayrı seçkiliyə yol verilməməsi ilə bağlı da müvafiq müddəalar əksini tapmışdır. “Gender bərabərliyi haqqında” qanunun 3.1 bəndinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır.

Məişət zorakılığı hadisələrində qurban olan fərdlərin üzləşdiyi problemlərdən biri də seksual zorakılıqdır. Bu məsələ ilə bağlı məqamlar da Azərbaycan Respublikasının qanunvericilik aktlarında da öz əksini tapmışdır.

Məişət zorakılığının qarşısının alınması, bu sahədə hüquqi tənzimləmələrin aparılması ilə bağlı Azərbaycan Respublikasında 22 iyun 2010-cu il tarixli “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunmuşdur. Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə edilməsi və törədilən zorakılıqların, onun doğurduğu mənfi hüququ, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüququ yardımların təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan bütün halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin müəyyən edir və tənzimləyir.

Qanunun 1.0.3. bəndinə əsasən məişət zəminində fiziki zorakılıq – bu Qanunun şamil edildiyi şəxslərin  birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığa zərər verməsi, işgəncə verməsi, azadlıq hüququnun məhdudlaşdırılmasıdır ki, bir çox hallarda baş verən fiziki zorakılıq halları sonda cinayət törədilməsi ilə nəticələnir ki, bu da məsələnin cinayət qanunvericiliyi ilə həlli müstəvisinə gətirib çıxarır.

Buna ən bariz nümunə kimi son vaxtlar ölkədə artan, ailədaxili münaqişələr nəticəsində baş verən qadın qətllərinin göstərmək olar ki, bu da təkcə cəmiyyət üçün deyil, eləcə də həmin ailənin digər üzvləri üçün də mənfi psixoloji travmalar  yaradır.

Bundan başqa, məişət zəminində baş verən zorakılıq hallarında iqtisadi yönümlü məsələlər də olur ki, bu da bu şəxsin digər şəxsə onun mülkiyyətinin sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirdən məhrum etməsi, iqtisadi asılılıqda saxlanması və ya həmin əmlakın ələ keçirilmədi məqsədi daşıyır.

Praktikada bu müstəvidə baş verən zorakılıq hallarına da çox rast gəlinir.

Ailədaxili zorakılıq hallarının artmasının səbəblərinin biri də ailənin bir üzvünün digər üzvünə və yaxud üzvlərinə onlara məxsus daşınar və ya daşınmaz əmlakın, daha çox mülkiyyətində olan əmlakın verilməsi və ya  həmin əmlakdan əldə olunan gəlirin əlindən alınması kimi zorakılıqlar göstərilməsi  kimi halların olduğu bəllidir.

Bir çox hallarda bu cür zorakılıq halların davam etməsi sonda cinayət tərkibli kriminal hadisələrə gətirib çıxarır (qəsdən adam öldürmə, sağlamlığa qəsdən xəsarət yetirmə).

Məişət zorakılığı sahəsində baş verən daha bir hal isə seksual zorakılıqdır. Bu da şəxsin iradəsinin əksinə olaraq onun seksual xarakterli hərəkətlərə məcbur edilməsidir. Qeyd edək ki, bu kimi hadisələrin qarşısının alınması, eləcə də əhalinin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı ciddi addımların atılması günümüzün zəruri reallığıdır.

Baxmayaraq ki, hazırda bu sahə ilə məşğul olan bir sıra hüquqi, tibbi və psixoloji mərkəzlər fəaliyyət göstərir. Bu sahədə ən effektiv üsul vətəndaş cəmiyyəti institutları (QHT) və medianın apardığı maarifləndirmə işləridir.

QHT və medianın qarşılıqlı əməkdaşlığı isə istənilən halda məsələnin cəmiyyətdə aktuallaşdırılması və ictimai qınağın gücləndirilməsi ilə müşayiət oluna bilər ki, bu da öz növbəsində ölkəmizdə məişət zorakılığı hallarının azalması və fərdlərin öz hüquqlarını daha çox qanunvericiliyin yol verdiyi müstəvidə həll etməsi ilə nəticələnə bilər. 

Fuad Hüseynzadə

 Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.