“Məktəbdən gələndə evimizin qarşısında iki avtomobil var idi. Elə bildim qohumlardan kimsə bizə qonaq gəlib. Qapımızı açıb həyətə girəndə bibim qabağıma gəlib alnımdan öpdü. “Görüm səni xoşbəxt olasan”- deyib əlimdən çantamı aldı. Bibimi anlamasam da “Evimizdə qonaq var?”- deyə soruşdum. Bibim sanki xoşbəxtlik havasında uçurdu. “Ən gözəl qonaqlarımız gəlib”-deyə-deyə məni evə tərəf çəkdi. Otaqda adam əlindən tərpənmək demək olar ki, mümkün deyildi. İçəri qadınlarla dolu idi. Bəli, evimizdə qonaqlar var idi. Amma bu qonaqlıq o qonaqlardan deyildilər. Bu qonaqlıqda rəsmən mənim bədbəxtliyimin bünövrəsi qoyulurdu”. Azərbaycanın ucqar rayonlarının birində 14 yaşında ərə verilən və sonradan başına olmazın fəlakətlər gələn (insan alveri qurbanı, narkotik vərdişləri kimi) bir qadının illər sonra söylədiyi bu kimi hadisələr günki reallığımızda  da yaşanır. Erkən nikahların qadınların həyatında psixoloji, tibbi travmalar yaratması, maddi dayanıqsızlıq səbəbindən pis yollara düşməsi ilə bağlı cəmiyyətdə nə qədər təbliğat aparılsa da, əfsuslar olsun ki, bu günkü mental dəyərlərimizdə də qızların erkən ərə verilməsi düşüncələri hələ də qalır.

Qızların gec ailə qurmasını “qızın yaşının keçməsi” ya da daha kobud formada “evdə qalıb qarımış qız” kimi təqdim edən mental dəyərlərin hakim olduğu bölgələrimizdə hər il nə qədər qızlarımız erkən nikahların qurbanına çevrilirlər.

Erkən nikah nədir? Onun fəsadları cəmiyyətdə hansı bəlalara gətirib çıxarır.  Bu kimi suallarımıza cavab axtararkən son illər bu sahədə olan vəziyyəti araşdırmağa çalışdıq.

Erkən nikah –  ailə anlayışını kifayət qədər dərk edə bilməyən, psixoloji  və tibbi cəhətdən ailə qurmaq üçün formalaşdırılımış yeniyetmələr ilə bağlanılan nikahdır. Bu tip nikahlarla bir çox hallarda rayonlarda  və ya ictimai  dünya görüşü məhdud olan insanların yaşadığı mühitlərdə rast gəlinir. Təbii ki, bir də təkcə valideynlər deyil, ətraf mühitin, ailənin çevrəsinin də hadisələrə təsiri böyükdür.

Aparılan ümumi statistik məlumatlara görə dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikahı faktı baş verir. Erkən nikahların ən çox qeydə alındığı ölkələr Asiya və Afrika ölkələridir.

Asiyada qızların  demək olar ki, yarısı 18 yaşı tamam olmamış nikaha daxil olurlar.

Son illər isə bu sahədə demək olar ki, bütün dünya ölkələrində artım qeydi alınır. Ekspertlər erkən nikahların artmasını bir sıra amillərlə izah edirlər.  Bu da Azərbaycan cəmiyyətində olduğu kimi qızların nikah yaşının keçməsi və ya “qarımış qız statusunun alması”, valideynlərin qızlarının cinsi təcavüz və zorakılıqla qorunması düşüncəsi ilə bağlıdır.

Baxmayaraq ki, BMT-nin hesabatlarında bu düşüncə ilə evləndirilən 18 yaşı tamam olmamış qızların daha çox zorakılıq və şiddət gördükləri qeyd olunur. Ailədaxili münaqişələrdə də erkən nikahların fəsadları özünü biruzə verir. Belə ki, erkən evləndirilmiş qız və onun həyat yoldaşı arasında böyük yaş fərqi düşüncə və yaşam tərzində də ciddi fikir ayrılıqları və münaqişələrin baş verməsi bir sıra hallarda cinayətə  və ya qadın qətllərinin baş verməsinə səbəb olur.

Erkən nikahların başqa bir səbəbi qadınların işsizliyi və maddi dayanıqsızlığı ilə bağlıdır ki, bu halda da valideynlər qızların tez evləndirilməsində onlarla bağlı maddi yükü öz üzərlərindən atmağa salışırlar. Belə bir yanaşma təəssüf ki, Azərbaycan cəmiyyətində də qalmaqdadır. Baxmayaraq ki, bu gün ölkəmizdə qadınlar dövlət idarəetməsindən tutmuş bütün sahələrdə çalışırlar, ölkə qanunvericiliyində qadın və kişi hüquqlarının qorunması və təminatı ən yüksək səviyyədədir. Mentalitetimizdə hələ də qadınların tez evləndirilməsinin  “ər çörəyi yemək”  kimi düşüncələrlə izah etməyə çalışanlar da olmamış deyil. Bu düşüncə isə təkcə qızların erkən nikaha girməsi ilə bağlı onların gələcəyini sual altında qoymur, bu həm də qadınlara mütilik, asılılıq və qul təfəkkürü ilə yaşamağa təbliğ edir. Əslində isə hər bir qadının sərbəst təhsil almaq və özünə iş qazanmaq, maddi ehtiyacların təmin etmək üçün ölkəmizdə hər bir şərait var. Erkən nikahların baş verməsinə səbəb olan başqa bir amil isə hələ də cəmiyyətdə Şərq təfəkküründən qalan qız qaçırma halların olmasıdır. Baxmayaraq ki, bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsində öz əksini tapmışdır.

Həmin maddədə qızqaçırma halları adam oğurluğu kimi təfsir olunub.

AR CM-nin 144.1 maddəsinə əsasən adam oğurluğu beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 144.2.3 maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birliyi tərəfindən törədildikdə isə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 Qeyd edək ki, AR Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanlar və ailə münasibətlərini əleyhinə olan cinayətlərlə bağlı da müvafiq maddələr öz əksini tapmışdır. Cinayət qanunvericiliyində həmçinin təqsirkar şəxs üçün aşkar şəkildə on dörd yaşına çatmayan şəxsə qarşı zorakılıq ilə bağlı (AR CM.149.3.3) on ildən on beş ilədək müddətə azadllıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur.

 Həmin qanunun 150.3.3 maddəsində isə təqsirkar şəxs üçün aşkar sürətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual zorakılıq hərəkətin edilməsi 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. AR CM-nin 152-ci maddəsinə əsasən 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (152.1) üç ilədək azadlıqdan məhrum etmə, eyni əməllər on dörd yaşına çatmayanlar üçün törədildikdə (152.2) 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Göründüyü kimi, qanunvericilikdə erkən nikahlar və nikah məqsədi ilə qız qaçırma halları (adam oğurluğu) cinayət halı kimi xarakterizə olunur və cinayətin motivi və törədilməsinə görə müvafiq cəzalar nəzərdə tutulub.

Erkən nikahların qızların psixologiyasına, eləcə də tibbi baxımdan orqanizmində fiziki-anatomik mənfi təsirlər də böyükdür.

Çünki erkən nikaha daxil olan qızlarda tam formalaşma başa çatmadığına görə tez ailə quranda erkən hamiləlik baş verir. Doğuş və ölüm risk yaranır ki, bu da sonda ana və uşaq ölümlərinin artması kimi faciəli hadisələrin baş verməsi ilə nəticələnir.

Tibbi ekspertlərin fikrincə, gələcək nəsillərin taleyi daha çox onları dünyaya gətirəcək qadınların sağlıq durumundan asılı olur. Yeniyetmələrin orqanizmi  hələ inkişafda olduğuna görə, erkən nikahlar onlarda bir sıra xroniki xəstəliklərin yaranmasına səbəb olur. Erkən nikahların yaratdığı daha bir fəsadlı hal isə bu cür evliliklərin qurbanı olan qadınlarda yaranan psixoloji gərginlikdir. Ailə haqqında təsəvvürü belə olmadan evləndirilən qızların sonradan ailədə və ya həyat yoldaşı tərəfindən şiddət görməsi həmin qadınları intihara sürükləyir. Ailənin “yükü”nü çəkə bilməyən qadınlar bir çox hallarda çıxış yolunu intiharda görürlər. Bundan başqa,erkən nikahların ailələri dağılması, qadınların daha çox fiziki və cinsi zorakılığa məruz qalması, HİV inyeksiyası ilə cinsi istismara məruz qalması kimi hallara gətirib çıxarması da faktdır.

Bu cür hallar isə təkcə ailələr üçün deyil, bütövlükdə cəmiyyət üçün problem yaradır. Çünki təhsilsiz və nikahsız gənc ananın problemin təkcə onun cəmiyyətin inkişafına töhfə verməsi  imkanını məhdudlaşdırmır. Onun özü belə cəmiyyətdə artıq yükə çevrilə bilir. Azərbaycan erkən nikahların qarşısının alınması və ona qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün qanunvericilikdə dəfələrlə təkmilləşmə aparılıb.

Ölkənin bir çox regionlarında ictimai maariflənmə işləri həyata keçirilsə də, hələ də bu sahədə ciddi problemlər qalmaqda davam edir. Məsələn, Bakının Nardaran qəsəbəsində məktəbə gedən 100 qızdan cəmi 10-11 nəfəri gəlib 11-ci sinfə çatır. Başqa bölgələrimizdə də bu kimi hallar var.

 Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir neçə il əvvəl bununla bağlı açıqlama verərkən hələ də bəzi bölgələrdən gələn  abituriyentlərin yalnız oğlanlardan ibarət olduğunu etiraf etmişdi.

Odur ki, ictimai düşüncədə erkən nikahların doğurduğu fəsadlar və onların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işlərinin əhatəsi daha da genişləndirilməlidir. Bu sahədə valideynlərin üzərinə düşən ən böyük vəzifə isə qız övladlarını sevərək, onlara öz gələcəyini seçməkdə özgüvən və dəstək ifadə etmək ola bilər. Belə halda cəmiyyətimizdə gələcəyə daha sağlam gəncliklə  töhfə vermiş olar. “Qızlarınızı sevin və onlara təhsil verin. Erkən nikahlara “YOX” deyək!”. 

Fuad Hüseynzadə 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.