İnsan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində,
eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun
verilməsidir. Qadınla kişinin bərabər hüquqları, istər sosial, istər cinsi, istər də mənəvi aspektlərdə cinslərin qarşılıqlı münasibətləri ən çox müzakirə olunan məsələlərdəndir.
 
Məişət zorakılığı isə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə qəsdən fiziki və ya mənəvi zərər vurmadır. Məişət zorakılığından zərər çəkmiş şəxs  bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi hərəkətlər nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxsdir. Bu hərəkətlərə gəlincə, məişət zəminində fiziki zorakılıq şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması, məişət zəminində psixi zorakılıq şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri, məişət zəminində cinsi zorakılıq şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.
Bəs Azərbaycanda gender bərabərliyi nə dərəcədə təmin olunur? Məişət zorakılığı hallarında bu amil nə dərəcədə rol oynayır?
 
Dünəndən günümüzə…
Azərbaycanda  hər zaman qadınların cəmiyyət həyatında böyük rolu və hüquqları olub. Qadınlarımız həm ailədə, həm cəmiyyətdə, həm təsərrüfat işlərində, həm də döyüş meydanlarında kişilərlə çiyin-çiyinə dayanıb. Hürrəmilərin hakimiyyəti zamanı – (Babək dövrü) hakimiyyəti vaxtı qadınlara geniş hüquqlar verilməsi, sonrakı Azərbaycan dövlətlərində də qadınların mövqeyinin artması tariximizdə gender problemi ilə bağlı təqdirəlayiq işlərdəndir.
1918-ci ildə müsəlman şərqində yaradılan ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti tarixdə qadınlara seçki hüququ və s. hüquqlar verilən ilk ölkələrdən sayılır. Digər tərəfdən, müstəqilliyimizə son qoymaqla, tarixi ərazilərimizin bir hissəsini ermənilərə verməklə, təbii sərvətlərimizi vəhşicəsinə istismar etməklə yadda qalan imperiya olmuş SSRİ-də qadınların cəmiyyətdə, ailədə, dövlət sistemində roluna xüsusisi diqqət yetirilməsi qeyd olunmalıdır. SSRİ dağıldıqdan və Azərbaycan müstəqil dövlət olduqdan sonra isə gender bərabərliyi qanunvericiliyində yüksək səviyyədə təsbit olunub. İnsan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Ölkəmizin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” və “Uşaq hüquqları haqqında” BMT konvensiyalarına qoşulması, qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi və institusional islahatlar bu istiqamətdə atılan mühüm addımlardır. Qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması, uşaq problemlərinin həllinin önə çəkilməsi istiqamətində görülən işlər, siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyi amilinə daha çox əhəmiyyət verilməsi insan hüquqlarının qorunmasına öz bəhrəsini verməkdədir.
Lakin təcrübə göstərir ki, fundamental insan hüquqlarının məhdudlaşdırılması və pozulması halları, zorakılıq, o cümlədən cinsi mənsubiyyətə görə zorakılıq halları cəmiyyətin aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, habelə son illərdə Azərbaycan Respublikasının həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də problem olaraq qalmaqdadır.
İnkişaf etmiş bir çox ölkələrdə (ABŞ, Kanada, İsveç, Fransa və s.) məişət zorakılığının qarşısının alınmasına böyük məbləğdə büdcə vəsaiti ayrılır. Araşdırmalar göstərir ki, həmin vəsait sonradan zorakılıqdan əziyyət çəkənlərə xərclənən vəsaitə qənaət edilməsinə imkan yaradır. Bu ölkələrdə profilaktik tədbirlərin həyata keçirilməsi, qaynar xətlərin yaradılması, zorakılıq qurbanlarının reabilitasiyasını həyata keçirən və təhlükəsizliyini təmin edən yardım mərkəzlərinin, sığınacaqların təşkili məsələlərinə xüsusi diqqət yetirilir. Belə fəaliyyətlərin həyata keçirilməsində, həmçinin qeyri-hökumət təşkilatlarının da rolu əhəmiyyətlidir.
Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi və bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması, məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının (qurumlarının) potensialının artırılması, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi, uzunmüddətli və kompleks yanaşma tələb olunur.
Bunlar nəzərə alınaraq, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb. Milli Fəaliyyət Planının əsas məqsədi ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması olub.
Gender bərabərliyinin təmin olunması Milli Fəaliyyət Planının həyata keçirilməsi zamanı əsas götürülən prinsiplərdən biri olub. Milli Fəaliyyət Planında məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsi üçün qadınlar və kişilər arasında bərabər münasibətlər qurulmasının təşviqi və məişət zorakılığı da daxil olmaqla, qadına qarşı zorakılığa münasibətdə stereotiplərin dəyişməsində və bu problemə yeni yanaşmanın formalaşmasında medianın rolunun gücləndirilməsi vəzifə kimi müəyyənləşdirilib. Milli Fəaliyyət Planına uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), o cümlədən  aidiyyəti qeyri-hökumət təşkilatları hər il noyabrın 25-dən dekabrın 10-dək beynəlxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsinin təşkilində aktiv iştirak edib. Milli Fəaliyyət Planında ailə dəyərləri ilə bağlı mövzuların ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil edilməsi vəzifə olaraq müəyyənləşdirilib və Elm və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə işlər görülməkdədir. “Həyat bilgisi”, “Biologiya” dərslikləri ilə yanaşı ailə dəyərləri mövzusu 3-cü və 4-cü sinif Azərbaycan dili dərsliklərinə daxil edilib.
 
Təhsil amili
Nəzərə alınmalıdır ki, erkən nikah, təhsil almaq hüququnun təmin olunmaması kimi problemlər gender bərabərsizliyinə zəmin yaradır, bu da sonda məişət zorakılığının əsas səbəbləri sırasında yer alır.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər bir il üzrə məlumat hazırlayaraq növbəti ilin payızında Milli Məclisə təqdim edir. Dövlət Komitəsinin parlamentə təqdim etdiyi sonuncu – 2021-ci il üzrə məlumata nəzər salsaq, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mamalıq bölməsi tərəfindən “Hamiləlik dövründə müxtəlif mamalıq ağırlaşmalarının profilaktikasının optimallaşdırılması və proqnozu” mövzusunda tədqiqat işi aparılıb. Tədqiqatda qeydə alınan 220 hamiləlikdən 2-si azyaşlı hamiləlik kimi qeydiyyata  alınıb. Bunlardan birincisi vaxtından əvvəl doğuşla, ikinci hamiləlik preeklampsiya ilə müşayiət olunub.
2021-ci ildə qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cəmi bir cinayət qeydə alınıb. Erkən nikahla əlaqəli  olan  on altı yaşına çatmayanla cinsi əlaqədə olma əməlinə görə 6 cinayət işi başlanılıb. Erkən nikah hallarına yol açan təhsildən yayınma hallarının qarşısının alınması sahəsində Dövlət Komitəsi tərəfindən görülmüş tədbirlər nəticəsində  60  nəfər, o cümlədən 21 qız uşağı müəyyən edilərək onların təhsilə cəlb edilməsi təmin olunub. Nikahı rəsmi qeydə alınmayan analar tərəfindən doğulan uşaqların sayında cüzi azalma var. Belə ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. Aparılan profilaktik və maarifləndirici tədbirlərin nəticəsi olaraq 2021-ci ildə bu say 267 nəfər azalaraq 1650 nəfər olub.
Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət etmiş 256 erkən nikah yaşında olan (18 yaşadək) gəncin erkən nikahın və  qohumlar   arasında   nikahın   həyat və sağlamlığa, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması təmin edilib.
Aidiyyəti qurumlarla birgə “Erkən nikaha YOX deyək” adlı videoçarx hazırlanmış, Dövlət Komitəsinin və aidiyyəti qurumların sosial şəbəkə səhifələrində paylaşılıb, eləcə də televiziya vasitəsi ilə nümayiş etdirilib. Respublikada erkən nikah hallarının dinamikasında azalma qeydə alınsa da, onun tamamilə aradan qaldırıl- ması hələ də mümkün deyil. İl ərzində Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən nikah yaşı 1 il azaldılmış 139 şəxsin nikahı dövlət qeydiyyatına   alınıb,   onlardan   138- nin qadın, 1-nin isə kişi olduğu müəyyən edilib.
Nikahı rəsmi qeydə alınmayan analar tərəfindən doğulan uşaqların sayında cüzi azalma var. Belə ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. Aparılan profilaktik və maarifləndirici tədbirlərin nəticəsi olaraq 2021-cu ildə bu say 267 nəfər azalaraq 1650 nəfər olub. respublikanın iqtisadi rayonları üzrə 2021-ci ildə 18 yaşadək analar tərəfindən doğulan  uşaqların  sayında ən yüksək göstərici Aran iqtisadi rayonunun payına düşür (575 nəfər), daha sonra Gəncə-Qazax iqtisadi rayonu (351 nəfər), Lənkəran iqtisadi rayonu (210 nəfər) və Yuxarı Qarabağ iqtisadi rayonu  (76  nəfər)  bu  ardıcıllığı davam etdirir. Ötən illə müqayisədə Abşeron, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq-Ųirvan iqtisadi   rayonlarında   və   Naxçıvan   Muxtar Respublikasında azalmaya doğru tendensiya müşahidə olunur.
Erkən nikah həm də müxtəlif təsirlər, təzyiqlər səbəbindən təhsildən yayınma, təhsil hüququnun pozulması deməkdir və bununla mübarizə istiqamətində səylər daha da artırılmalıdır.
Bu aspektdə digər statistika da diqqət çəkir. Dövlət Komitəsinin məlumatına baxsaq, Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ümumi sayı 1 695 686 (bir milyon altı yüz doxsan beş min altı yüz səksən aıtı) nəfərdir. Onlardan 787 815 (yeddi yüz səksən yeddi min səkkiz yüz on beş) nəfəri -46,46% qız, 907871 (doqquz yüz yeddi min səkkiz yüz yetmiş bir) nəfəri – 53,54% isə oğlandır. Cins bölgüsü arasındakı fərq 120 056 nəfər -7,08%- dir. Respublikanın ümumtəhsil məktəblərində 3642 (üç min altı yüz qırx iki) direktordan 1352-si (bir min üç yüz əlli iki), 4677 (dörd min altı yüz yetmiş yeddi) direktor müavinindən 2753-ü (iki min yeddi yüz əlli üç), 143902 (yüz qırx üç min doqquz yüz iki) müəllimdən 121405-i (yüz iyirmi bir min dörd yüz beş) qadındır.
Orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin müqayisəli statistikasının təhlili onu göstərir ki, qadınlar (62,1%) daha çox orta ixtisas təhsilinə, kişilər isə (67,39%) peşəyönümü təhsilə üstünlük verirlər. Bu göstəricilər həm özəl, həm də dövlət tabeliyində olan təhsil müəssisələrinə aiddir.
Ali təhsil müəssisələrində təhsil alan tələbələrin say bölgüsünün təhlili onu deməyə əsas verir ki, ölkədə ali təhsilə daha çox önəm verilir. Təhsilin bu pilləsində gender balansı tam təmin olunub, hətta ödənişli əsaslarla bakalavr dərəcəsində təhsil alanların sayında qadınlar (51,08%) üstünlük təşkil edir, magistr dərəcəsində təhsil alanların sayında isə qadınların payı 49,7% -dir.
 
Dövlət Komitəsinin fəaliyyəti və təşəbbüsləri
Gender mexanizmlərinin əlçatanlığını təmin etmək üçün regionlarda Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin  (UADM) təmsilçiliyi daim diqqət mərkəzində olub. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin açılışı baş tutub. Ölkə rəhbərliyinin bu cür dəstəyi UADM-nin fəaliyyətinin daha da genişlənməsinə və gender bərabərliyinin təminatı mexanizmləri şəbəkəsinin möhkəmlənməsinə fokuslanmış  addımdır. Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti çərçivəsində müraciətlər qəbul   olunur   və   təhlil   edilir,    mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, habelə beynəlxalq tərəfdaşlar və qeyri-hökumət təşkilatları, biznes nümayəndələri və sahibkarlarla birgə gender bərabərliyi, ailə və məişət zorakılığı ilə bağlı mövzularda maarifləndirmə işləri aparılır, ailələrə səfərlər edilir, ilkin psixoso-sosial qiymətləndirmə işləri aparılır, psixoloji dəstək göstərilir, müxtəlif layihələr icra olunur. UADM-lər tərəfindən Dövlət Proqramlarının və Milli Fəaliyyət Planlarının icrası məqsədilə qadınların məşğulluğunun artırılması və qadın sahibkarlığının inkişafı sahəsində təlimlər keçirilmiş, peşə kursları təşkil olunub. Ümumilikdə, bu tədbirlərə 852 qadın cəlb edilib.
Beləliklə, UADM-lər qadınları narahat edən məsələlər ilə əlaqədar müraciət etmələri üçün əlavə və effektiv kommunikasiya vasitəsidir. UADM-lər şəbəkəsinin köməyi ilə 2021-ci il ərzində ümumilikdə 2903 vətəndaş tərəfindən, o cümlədən məişət zorakılığı ilə əlaqədar 49 olmaqla, 3093 müraciət daxil olub. 3 erkən nikah, 5 uşağın təhsildən yayınması faktı aşkarlanaraq, qarşısı alınıb.
Beynəlxalq təşkilatlarla birgə layihə çərçivəsində yaradılan Qadın Resurs Mərkəzlərinin  əsas məqsədi qadınların sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və onların əmək bazarında rəqabətliliyini artırmaq, habelə ucqar əra zilərdə qarşılaşdıqları sosial və iqtisadi çətinliklərin aradan qaldırılmasına dəstək olmaqdır.
Gender bərabərliyinin təminatı istiqamətində davamlı həyata keçirilən effektiv və vacib institusional addım gender məsələləri üzrə məsul şəxslər şəbəkəsinin genişləndirilməsi və fəaliyyətlərinin təkmilləşdirilməsidir. Mərkəzi icra hakimiyyəti orqanları və  qeyri-hökumət təşkilatlarında əlaqələndiricilərin kommunikasiyası gender bərabərliyi sahəsində maarifləndirmə şəbəkələrini genişləndirmək imkanını yaradıb.
Qadınların seçkili orqanlarda təmşilçiliyini təmin etmək və iştirakına dəstək vermək məqsədi ilə 2021-ci ildə də bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının nümayəndələri üçün bələdiyyələrin hüquq və vəzifələri, gender bərabərliyi, liderlik mövzularında təlimlərə start verilib. İlk təlimlər Bakı və Abşeron iqtisadi rayonu üzrə seçilmiş bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının nümayəndələri üçün keçirilib.
 
Təlimlərdə bələdiyyələrin hüquq və vəzifələri, gender bərabərliyinin təmin olunması istiqamətində mövcud problemlər, gender bərabərliyinin təminatları ilə bağlı Gender Komissiyalarının üzərinə düşən vəzifələr barədə məlumatlar verilib.
2021-ci il ərzində Aillə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gender bərabərliyinintəminatı istiqamətində görülmüş işlər haqqında məlumat mövcud və yeni yaradılan media və İKT resurslarında da həyata keçirilib. Dövlət  Komitəsinin   “Facebook”   səhifəsi 2 aprel 2021-ci il tarixində “Facebook” tərəfindən rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib. Bu, gender bərabərliyi gündəliyinin İKT istiqamətində və virtual platformalarda müzakirəsi və maarif ləndirmə işlərinin daha da səmərəli keçirilməsi üçün atılmış bir addımdır. Buradakı əsas mesajlar gender bərabərliyinin pozulması və stereotiplərin aradan qaldırıl masına yönəlib. Bütün televiziya və radio kanalları, həmçinin informasiya portalları ilə mütəmadi və dayanıqlı əməkdaşlıq çərçivəsində də gender bərabərliyinin təminatları haqqında geniş maarifləndirmə işləri aparılıb.
BMT-nin Uşaq Fondunun dəstəyi ilə Komitə tərəfindən “Valideyn nəzarəti və internet təhlükəsizliyi” – www.kidsafe.az proqramının təkmilləşdirilməsi və fəaliyyətinin yenidən bərpası təmin edilib. Proqramın tərkibində 1 milyondan çox beynəlxalq axtarış sistemləri və resurslarında təsdiqlənmiş pornoqrafik, suisid, zərərli vərdişlər, insan alveri, terrorizm, spam, fishing və s. olmaqla filtira- siya kontenti mövcuddur. Bu alət vasitəsi ilə eyni zamanda gender bərabərliyinin təminatı üçün faydalanmaq mümkün olub. Geniş istifadəçi auditoriyası bu kontentin daha da əlçatan olmasına köməklik göstərib.
Dövlət Komitəsinin veb saytnının “Onlayn müraciət” hissəsinə gələn vətəndaş müraciətlərinin toplanılması və təhlili gender bərabərliyi gündəliyinə daha dəqiq fokuslanmağa imkan yaradıb. 20 iyun 2021-ci il tarixindən etibarən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə Gender bərabərliyi üzrə məsul şəxslər üçün “Gender Azerbaijan” elektron portalının yaradılması istiqamətində işlər davam etdirilmişdir. Portalda “İNTRANET” şəbəkəsi vasitəsilə dövlət qurumları üzrə genderə məsul şəxslərin koordinasiyasının təşkil edilməsi və onların gender bərabərliyi sahəsində məlumatlandırılması əks olunub. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planın” a əsasən Komitənin saytında “Məişət zorakılığı” adlı xüsusi bölmə yaradılmış və “860” Qaynar xətti əlavə edilib.
Gender bərabərliyinin təminatları istiqamətində Dövlət Komitəsinin institusional yaddaşını təkmilləşdirmək məqsədi ilə 2021-ci il üzrə foto və videolarının arxivi yaradılıb.
Gender bərabərliyinin təmin edilməsinə ciddi  əngəl  yaradan  amillərdən  biri olan məişət zorakılığının qarşısının alınması istiqamətində ilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən normativ hüquqi akt layihələri aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Qeyd edilib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edildiyi vaxdan etibarən onun tətbiqi ilə bağlı forma laşmış təcrübədən irəli gələrək məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi istiqamətində mövcud boşluqların aradan qaldırılması məqsədi ilə hazırlanmış təkliflər     paketi əsasən aşağıdakı məsələləri əhatə edir:
– qanunun şamil edildiyi subyektlər dairəsinin genişləndirilməsi, şəxslər  dairəsinə ər və arvadın yaxın qohumlarının da əlavə olunması;
– qısamüddətli mühafizə orderinin verilməsi ilə bağlı mexanizmin dəqiqləşdirilməsi;
– məişət zorakılığından zərər çəkmiş şəxslərin pulsuz hüquqi yardımla təmin edilməsi mexanizminin müəyyən edilməsi;
– məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması;
– məişət zorakılığına görə cinayət məsuliyyətinin müəyyən edilməsi və s.
Layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2022-2025-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi Qanunun həyata keçirilməsinə, xüsusilə də ictimai həyatın bütün sahələrində gender bərabərliyinin təşviqi və bərabər imkanların yaradılması baxımından mühüm töhfələr verə bilər. Layihə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq yenidən işlənilmiş və bütün aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılıb.
Fuad  Hüseynzadə
 
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.