Müasir dövrdə cəmiyyətdə ən çox narahatlıq doğuran problemlərdən biri də məişət zorakılığı müstəvisində baş verən hadisələrdir. Bu cür hadisələrin baş verməsinin səbəbləri müxtəlif olsa da (sosial problemlər, erkən nikahlar, işsizlik və s) nəticələrdən ən çox əziyyət çəkənlər daha çox qadınlar və uşaqlar olur. Təcrübə göstərir ki, münaqişəli ailələrdə böyüyən uşaqların uşaqlıqdan aldıqları fiziki və psixoloji travmalar sonradan onların gələcək həyatlarında da mənfi şəkildə özünü biruzə verir. Bəzi hallarda isə bu cür uşaqlar əsəbi və psixoloji baxımdan əziyyət çəkirlər. Həmçinin bu cür mühitlərdə böyüyən uşaqların sonradan tüfeyli həyat keçirməsi, pis yollara (fahişəlik) və ya pis vərdişlərə (narkotik və alkoqolizm) qurşanması kimi həyat tərzləri olur. Baxmayaraq ki, ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı kifayət qədər qanunlar mövcuddur və müvafiq qurumlar fəaliyyət göstərirlər. Bu gün də uşaqların hüquqlarının qorunması sahəsində problemlər qalmaqdadır.
Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması ilə bağlı hüququ təlimatlar yüksək səviyyədədir. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasında müvafiq məsələ əksini tapıb. Azərbaycan BMT –nin Uşaq Konvensiyasına qoşulub. Eləcə də ölkəmizdə “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmişdir. Həmin Qanuna əsasən Azərbaycanda uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasını, mütərəqqi tələblərə əsasən təhsil almalarının, layiqli vətəndaş kimi formalaşdırılmasının təmin edilməsinə yönəldilir.
Qeyd edək ki, qanuna əsasən uşaqlar bərabər hüquqlara malikdirlər və onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak statusundan sağlamlığından, irqi və milli mənafelərindən asılı olmayaraq uşaqlar ayrı seçkiliyə məruz qala bilməzlər.
Dövlətin qanunvericilik aktlarında uşaqların hüquqlarının qorunması ilə bağlı təminatlar yüksək səviyyədədir. Ancaq gəlin görək, reallıqda vəziyyət necədir?
Bu da bir reallıqdır ki, bu gün həm paytaxtda, həm də bölgələrimizdə uşaqların zorakılıq halları ilə üzləşməsi halları mövcuddur. Uşaqların zorakılığa məruz qalması müxtəlif motivlərdə baş versə də aparılan statistik hesablamalara görə ən çox uşaqlar ailə münaqişələr nəticəsində ailənin dağılması və erkən nikah sayəsində qurulmuş ailələrdə valideynlər arasında olan anlaşılmazlıqlar müstəvisində məruz qalırlar. Qeyd edək ki, ailə münaqişələr bəzi hallarda sivil qaydada boşanmalarla nəticələnsə də, uşaqlar həmin hadisələrin ən çox zərərçəkən tərəflər olurlar.
Çünki Azərbaycan reallığında bir çox hallarda boşanmalardan sonra ata və ana, bir çox hallarda qohumlar da qarşı-qarşıya dayanmış düşmən mövqeyində olduqlarına görə uşaqlar valideynlərin arasında qalırlar. Bu da onların psixologiyasına öz mənfi təsirini göstərir, hətta ailənin dağılmasından sonra mənəvi olaraq özünü tək hiss edən yetkinlik yaşına çatmayan uşaqlar arasında bu kimi vəziyyətlərdə intihar hallarının baş verməsi kimi faciələr qaçılmazdır.
Erkən nikahla qurulmuş ailələrdə gənc ana və yaşlı ata arasında olan problemlərin də əsas qurbanları uşaqlar olur. Davamlı olaraq anasının atası tərəfindən fiziki şiddətə və zorakılığa məruz qaldığını görən qız uşaqlarının bu hadisələrdən aldığı travmalar nəinki onlara öz uşaqlığını yaşamağa imkan vermir. Həmin qızların böyüdükdən sonra ailə qurması da çətin olur. Bir çox hallarda isə ailə qurmaq onların təsəvvürlərində uşaq vaxtı yaşadıqları və gördükləri səhvləri yenidən təkrarlana biləcəyi mənzərəsi yaradır ki, bu da həmin gənclərin gələcəyini sual altına qoyur. Yaxud da uşaqlıqdan edə içkili gələn sərxoş atadan anasının davamlı olaraq döyməsini görə-görə böyüyən oğlan uşaqlar böyüdükdən sonra məhz atasından aldığı örnək sayəsində ya atasının, ya həyat yoldaşının potensial qatilinə çevrilə bilir. Bu cür insanlarda real həyatla bağlı təsəvvürlər bir çox hallarda şüuraltı hadisələrlə bağlı olur ki, həmin hadisələrin yaratdığı psixoloji travma onların gələcəyinə qaranlığa və puça çevirir.
Erkən nikahla qurulmuş ailələrdə uşaqların rastlaşdıqları başqa bir problem isə valideynlərin öz övladlarının istər həyatına, istərsə də təhsilinə lazımi diqqət yetirməməsi və bunun sayəsində həmin uşaqların nəzarətsiz qalaraq pis mühitə və pis vərdişlərə aludə olmasına düşməsinə gətirib çıxarır. (Narkotik istifadəçisi, alkoqolizm, cinayətkar qruplara qoşulmaq və s.)
Azərbaycan Respublikası “Ailə Məcəlləsi”nin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
Həmçinin uşağın valideynləri ilə yanaşı babalar, nənələr, qardaş və bacılar, eləcə də başqa qohumlar ilə ünsiyyətdə olmaq hüquqları var. Ailədə nikahın pozulması uşağın hüquqlarına təsir etmir. Uşağın öz hüquqları və mənafeyinin müdafiəsi hüquqları var. Uşağın hüquqları və mənafeləri pozulduqda, o cümlədən valideynlərin (yaxud onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələri yerinə yetirilmədikdə və ya valideynlərin hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarının qorunması üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşı tamam olduqda isə məhkəməyə müraciət edə bilər. Uşağın həyat və sağlamlığının təhlükədə olması, onların həyatlarının sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması hüquqların və – mənafelərinin pozulması barədə məlumatlı olan şəxslər müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməyə borcludurlar.
Erkən nikah bağlayan ailələrdə uşaqların üzləşdiyi problemlərdən biri də uşaq əməyinin istismarıdır. Bir çox ailələrdə yaranmış münaqişələrinin nəticəsi olaraq, ailələr dağılanda valideynlərin öz üzərinə düşən vəzifələrin yerinə yetirməsi, uşaqların fiziki, mənəvi travma alması ilə yanaşı, həm də ayaqda qalmaq üçün özünə iş yer axtarması kimi hallarla müşaiyət olunur. Ötən əsrin 90-cı illərində Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqların əməyin istismarı ilə bağlı daha çox yerlərdə rast gəlinirdi. Şəhərdaxili avtobuslarda konduktor, metro stansiyalarında qəzet satmaq və s..
Dövlət tərəfindən həyata keçirilən vacib tədbirlər nəticəsində bu kimi hallar aradan qaldırılsa da, əfsuslar ki, uşaq əməyinin istismarı hallarını indi də bölgələrdə rast gəlmək olar. Xüsusən təsərrüfat və heyvandarlıq sahələrinin işçi qüvvə kimi yönəlməsi halları günümüzdə də mövcuddur. “Uşaq hüquqları haqqında”AR Qanununun 9-cu maddəsinə əsasən uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlilinə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.
Qeyd edək ki, erkən nikahların uşaqlara yaratdığı başqa bu problem isə uşaqların valideynləri tərəfindən baxımsızlığı və atılması hallarıdır.
Qeyd edək ki, bu cür uşaqlar dövlət tərəfindən sosial xidmət müəssisələrinin yaşayış və digər sosial təminatlarla təmin olunurlar. Buna baxmayaraq, həmin uşaqların sonradan cəmiyyətə inteqrasiyasında da ciddi psixoloji travmalar ortaya çıxır. Məsələn, Azərbaycanda böyük əksəriyyət hələ də keçmişdən qalma mental dəyərlərə üstünlük verdiyinə görə heç kim “detdom uşağı” ilə evlənmək və ya övladının ailə qurmasını istəmir.
Sadalasaq bu kimi problemlər çoxdur və onları əks etdirən həm yerli, həm də beynəlxalq hesabatlara da məsələ geniş şəkildə əksini tapıb. Bütün bu hallar isə ümumilikdə bu sahəyə ictimai nəzarəti daha da artırılması və əhali arasında maarifləndirmə işlərinin dinamikasının daha da artırılması zərurəti yaradır.
Fuad Hüseynzadə
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.