Martın 22-26-da İspaniyanın Qvadalahara şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə böyüklər və para-karateçilər arasında 58-ci Avropa çempionatı keçirilib.

FHN-dən Heftelik.az-a-a verilən xəbərə görə, yarışda 4 para-karateçi ilə təmsil olunan Azərbaycanın para-karate üzrə milli komandası əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, kata üzrə para-karateçilər arasında Fövqəladə Hallar Nazirliyinin para-karate komandasının üzvləri Nihat Məmmədzadə və Eldar Əhmədov yarışın gümüş medalının sahibi olublar. Qaliblər Avropa Karate Federasiyasının medalı ilə təltif ediliblər.

Qeyd edək ki, para-karateçilərimiz çempionatda ümumi medal sıralamasında 2-ci olublar.

Para-karateçilərin şəxsi məşqçiləri 1-ci dan qara kəmər sahibi Xəyal Məmmədov, 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, komanda üzrə məşqçi isə karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Bundan əlavə, 28-30 mart 2023-cü il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə U-20 gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Çempionatda 96 klubdan 250-yə yaxın idmançı öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin güləş üzrə yığma komandasının üzvü 79 kq çəki dərəcəsində Nihad Əsgərov İdman-sağlamlıq klubunun baş zabiti, leytenant Elmir Qəmbərovun rəhbərliyi altında yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, o çempionatda 4 görüş keçirərək bürünc medalın sahibi olub. Qalib Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasınınn diplom və medalı ilə təltif olunub.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatlarda uğur qazanmış idmançılar ilə görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.