Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaya görə cəza açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən,

Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni

– mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə;

– ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma;

– sülh məramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə;

– hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etmə;

– yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə;

– hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə;

– müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə;

– hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;

– hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə;

– mədəni sərvəti qəsdən böyük həcmdə dağıtma və ya mənimsəmə, yaxud mədəni sərvətə münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə;

– mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə; mədəni sərvətin bilavasitə qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə.

– müvəqqəti barışıq haqqında və ya həlak olanların və yaralıların döyüş meydanından aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması barədə sazişi pozma;

– mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə;

– hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə, əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma;

– dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə;

– hərbi əməliyyatlarda birbaşa iştirakını təqsirkar üçün aşkar surətdə dayandırmış, həmçinin silahı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və ya başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə;

– işqal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə;

– hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmə;

– Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə;

– zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə;

– Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə, habelə prosessual hüquqlardan məhrum etmə—

on ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.