Dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirməyə görə cərimə və cəzalar açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
Həmin əməllər:
– yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
– qabaqcadan əlbir olan bir neçə qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
– vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməkdə törədildikdə –
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.