Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha məktub göndərib.

Heftelik.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Azərbaycan Respublikası ilə Malayziya arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, dost xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Malayziya arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığını vurğulamaq istərdim.

Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.