Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, eyni əməllər:

– bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

– zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;

– zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;

– təkrar törədildikdə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər:

– yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə;

– ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər:

– ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;

– on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, nəzərdə tutulmuş əməllər on iki yaşına çatmayan şəxs barəsində və ya ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini başa düşməyən yetkinlik yaşına çatmayan digər şəxs barəsində törədildikdə, həmin əməllər cinayət məsuliyyətinə səbəb olur.