Heftelik.az xəbər verir ki, qardaş Türkiyə Respublikasının zəlzələ bölgəsinə səfər edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları aprelin 6-da Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentində olublar. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Orhan Tatarla görüşüblər.

Görüşdə iki qardaş ölkənin seysmoloji mərkəzləri arasındakı əməkdaşlıq, bu ilin fevral ayının 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzələ və onun nəticələri, eləcə də azərbaycanlı seysmoloqların zəlzələ bölgəsində aparacağı geofiziki-seysmik tədqiqatlara dair məsələlər müzakirə olunub.

Müzakirələrdən sonra Azərbaycan seysmoloqları zəlzələ bölgəsinə yola düşüblər.

Xatırladaq ki, AMEA nəzdində RSXM-nin mütəxəssisləri zəlzələ bölgəsində dərinlik qırılmalarının hazırkı vəziyyətini, eləcə də yeni tikinti işləri aparılacaq ərazilərin seysmik qiymətləndirilməsini həyata keçirəcəklər.