İcra məmurunun vəzifələrindən biri açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, icra məmuru:

– barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin qeydiyyatını aparır, onlara tənbehin icrasının qayda və şərtlərini izah edir;

– barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir;

– barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin davranışına, onların ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə vaxtında gəlmələrinə və həmin yerləri müəyyən olunmuş vaxtdan sonra tərk etmələrinə nəzarət edir;

– barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq, şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir;

– ictimai işlər növündə inzibati tənbehin bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür.