Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov vəfat edib.

Bu barədə Heftelik.az-a teatrdan məlumat verilib.

Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub.

O, uzun müddət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş və yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb.

Bülbül adına orta musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.

1965-ci ildə isə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub.

1972-ci ildən Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib.

1974–1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərib.

1977-ci ildə isə yenidən Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983–1990) işləyib.

Azərpaşa Nemətov 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, 31 avqust 2015-ci ildən isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.

6 yanvar 2016-cı ildən etibarən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktorudur.

12 avqust 2022-ci ildə “Şərəf” ordenina layiq görülüb.

Allah rəhmət eləsin!