Məqalədə jurnalist etikasının əsas prinsipləri, ümumi problemləri, telejurnalist fəaliyyətinin peşəkar-etik oriyentirləri nəzərdən keçirilir. Xüsusi diqqət peşə etikasının təcrübəyə təsiri mexanizmləri ilə bağlı problemlərə ayrılmışdır. Peşəkar jurnalistin göstərilən etik prinsiplərə riayət etməsinin önəmi vurğulanır. Məhz bu yolla tamaşaçı rəğbəti və inamını qazanmağın mümkün olduğu qeyd edilir. “Televiziyada heç bir, hətta ən peşəkar məsələ onun etik əsasından kənarda həll edilə bilməz”, – tanınmış tədqiqatçı və teatrşünas V.Sappak yazırdı. Onun fikrincə, teatr asılqandan başladığı kimi, televiziya da etikadan başlanır. Etika yunanca “ethike” sözündən olub, “etikos” sifətindən doğmuşdur.

İlk anlamı heyvanların və ya insanların birgə yaşayış yeri, yurd yeri, ikinci anlamı: ənənə, vərdiş, cəm halda istifadə edildikdə: adət, ədəb, daha bir mənası isə bir şəxsin yaradılışı; cəm halda: əsas xüsusiyyətləri; məcazi mənada: “xasiyyəti-xarakteri”dir. Fəlsəfi anlamda insanın əxlaqlı həyat tərzi mənasındadır. Bir çox Avropa dillərində “moral” kimi də işlənən etika insanın qanunlarla deyil, öz əxlaqına görə fəaliyyətini nəzərdə tutur. Etika xeyli dərəcədə insanın vicdan səsidir, nəfsinə qarşı olan hərəkətidir. Yalan danışmamaq, başqasına böhtan atmamaq, pis düşünməmək və s. həyat prinsiplərini bildirir.
Jurnalist etikası bu peşə sahiblərinin işində son dərəcə əhəmiyyətli yer tutur. Məhz peşə etikası aspektində jurnalistlərin fəaliyyəti tez-tez nəzərdən keçirilir və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri, oxucular və tamaşaçılar tərəfindən tənqid olunur. Cəmiyyətin həyatına KİV-in təsiri jurnalistlərin məsuliyyəti ilə ayrılmaz surətdə bağlıdır. Bununla yanaşı, peşəkar jurnalistlər cəmiyyəti davranış standartlarını yaradır və qanuni sərhədləri müəyyən edir. Bu, uzun və mürəkkəb proses olduğundan peşə etikası normaları, onların müasir Azərbaycan jurnalistikasında yeri və s. kimi məsələlər aktuallaşır.

Müasir Azərbaycan jurnalistikasında peşə etikası normaları mövzusu iki aspektdə praktik aktuallığa malikdir. Birincisi, demokratik cəmiyyətin formalaşması məsuliyyətli jurnalistikanı tələb edir ki, bu da xüsusilə, jurnalistlərin peşə etikası normaları hazırlaması və onlara riayət etməsində ifadə olunur. İkincisi, jurnalistlər öz peşəkar fəaliyyətlərinin etik oriyentirləri axtarışındadırlar. Bu, onlara beynəlxalq müstəvidə birləşmə üçün, peşəkar həmrəyliyin əsası kimi lazımdır. Demokratik dövlətdə hər bir vətəndaşın öz fikrini ifadə etmək azadlığı hüququ vardır. Öz növbəsində, cəmiyyət özü haqqında dolğun informasiya əldə etmək hüququna malikdir. Buraya kütləvi şüur sferasını təşkil edən fikirlərin müxtəlifliyi haqqında bilik daxildir.

Demokratik cəmiyyətdə jurnalistikanın azadlığı aktual problemləri, ən kəskin sosial ziddiyyətləri müzakirə etmək, hakimiyyətin fəaliyyətsizliyini və ya hakimiyyət tərəfindən sui-istifadəni, hökumətin, dövlət və ya özəl müəssisələrin fəaliyyətini ictimai maraqları təhdid edən zaman tənqid etməkdən ibarətdir.

Azadlığın mövcud olduğu yerdə qəbul olunan qərarlara görə məsuliyyət də böyükdür. Televiziya jurnalisti üçün bu, bütovlükdə cəmiyyət, teletamaşaçı auditoriyası, hadisə, veriliş və film qəhrəmanları, jurnalistlər cəmiyyəti, çalışdığı teleşirkət və özü qarşısında məsuliyyət deməkdir.

Televiziya informasiyasına uyğun olaraq, jurnalistikanın əsas etik prinsipləri hər bir xəbərin doğruluğu, təqdim edilmiş faktların tamlığı, müəllif mövqeyinin obyektivliyi və qərəzsizliyidir.

Peşəkar jurnalistika fakta əsaslanmalı, vicdanlı, ədalətli, dolğun və ardıcıl olmalıdır. Burada bitərəflilik, dəqiqlik, doğruluq da əsas prinsiplər kimi öz yerini tutmalıdır. Dünyanın hər yerində jurnalistika fəaliyyəti fərqli olsa da, onun prinsipləri

eynidir. Bütün jurnalistika kodeksləri dəqiq, balanslı, doğru olmağa səslədiyi kimi, böhtanın, təhqirin, rüşvətin yolverilməz olduğunu deyir. Dünyanın hər bir ölkəsində jurnalistikanın spesifik problemləri və vəzifələri var, lakin onların əksəriyyəti ümumi xarakter daşıyır. Vicdanlı olmaq dedikdə, fırıldaqçılıq və aldatma kimi qəbuledilməz meyllərdən uzaq olma başa düşülür. Ədalətli olmaq özündə şəxsi mənfəət, tərəfkeşlik, yaxud qərəz kimi elementləri müəyyən edib onların nəzarətdən çıxmasına yol verməmək mənasını verir.

Faktın doğruluğu, xəbərin etibarlılığı informasiya mənbəyinə inamla şərtlənir. Belə ki, tamaşaçı xəbərin haradan alındığını və ifadə olunan fikrin kimə aid olduğunu bilmək istəyir. Əgər hadisə yerində müxbir yoxdursa və ya o, yoxlanmış məlumatları əldə etməyibsə, dünya təcrübəsinə uyğun olaraq, informasiya ən azı iki mənbədən təsdiq edilməlidir.

Xəbər proqramlarında informasiya mənbələrinə istinad mütləqdir. Jurnalist yalnız ehtiyac yarandıqda sübut edilə biləcək məlumatlardan istifadə etməlidir. Material elə təqdim olunmalıdır ki, jurnalist hətta yalan informasiya verməkdə ittiham edilərsə, məhkəmə qaydası ilə özünün haqlı olduğunu sübut etməyi bacarsın.

Televiziya informasiyasının hər kəs tərəfindən qəbul edilmiş xüsusiyyəti – “xəbərlərin fərdiləşdirilməsidir”. Bu, çoxlarının düşündüyü kimi, aparıcının subyektiv fikrini ifadə etməsi azadlığı demək deyil. Xəbər proqramında faktların fikirlərdən dəqiq ayrılması ciddi prinsiplərdən biridir. Peşəkar xəbərdə subyektiv mülahizələrə, xüsusilə də, televiziya əməkdaşının (aparıcı, müxbir) qiymətləndirmələrinə yer verilməməlidir.

Tanınmış ingilis korporasiyası “BBC”nin yayımlama tövsiyələrində bildirilir ki, verilişlərdə tamaşaçı və dinləyicilərə aparıcı və müxbirlərin şəxsi baxışları çatdırılmamalıdır. Peşəkar jurnalistika onlara öz şəxsi fikirlərini formalaşdırmaqda kömək edir. Amerikanın media holdinqi olan CBS-in etik kodeksində isə qeyd edilir: “Faktlar inandırmaq üçün deyil, məlumatlandırmaq üçün təqdim olunmalıdır. Mübahisəli məsələlər müzakirə edildikdə tamaşaçılar aparıcının hansı tərəfi dəstəklədiyini anlamamalıdırlar. Xəbər jurnalistinin mövqeyi işıqlandırılan faktların seçilməsində, tamlığı və ardıcıllığındadır”.

Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri, o cümlədən televiziya kanalları da obyektivlik və tərəfsizlik kimi mühüm etik prinsiplərə əməl etməyə borcludurlar. Jurnalistlər baş verən hadisələrin təsvirini dəqiq və konkret faktlarla çatdırmalı, heç bir halda faktların təhrif olunmasına yol verməməlidirlər. İnformasiya proqramları tamaşaçıda xəbərin xarakteri ilə bağlı şübhələrə səbəb olmamalı və ya yanlış təsəvvür yaratmamalıdır. Heç bir ekran forması birbaşa və ya dolayısı ilə başqa forma kimi (şərh sübut olunmuş fakt, arxiv kadrları ani xronika, msəhnələşdirmə real hadisə kimi) verilə bilməz. Dünya telepraktikası xəbərlər rubrikasında səhnələşdirmələrdən istifadəyə icazə vermir.

Yerli televiziya məkanında nadir hallarda olsa da, cinayət hadisələri ilə bağlı xəbərlərdə səhnələşdirmələrə rast gəlmək mümkündür. Azərbaycanda medianın fəaliyyəti beynəlxalq təcrübəyə söykəndiyindən bu kimi halların qarşısının alınması zəruridir. Efirdə özünü yandıranlar göstərilməməlidir. “Özünü yandıranlar” daxili termini informasiya xidmətində öz problemlərinin həlli üçün televiziyadan istifadə etməyə çalışan insanları və ya insan qruplarını nəzərdə tutur. Eləcə də həlak olmuş şəxslərin bədənlərini iri planda göstərmək olmaz. Bu qayda uzun müddətdir ki, Rusiya və xarici televiziya şirkətlərinin əksər jurnalistləri tərəfindən qəbul edilib.

Bununla əlaqədar olaraq, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nda (15 mart 2003-cü il) da qeyd olunur ki, jurnalist və redaksiya terror hadisəsini şişirdən, terrorçuların məqsədinə xidmət edə biləcək qorxu effekti yaradan, terror təbliğ edən və terror hərəkətinə bəraət qazandıran reportajlar verməməlidir. Ümumiyyətlə, terror aktları, təyyarə və yol qəzaları, zəlzələlər, təbii fəlakətlər, ölüm, küçə zorakılığı və digər zorakılıqlar barədə material hazırlayarkən journalist onun həssas hədəf qruplarına təsirini də nəzərə almalıdır. Jurnalist zorakılığın qurbanları və vurduğu ziyan barədə xəbərin operativ çatdırılmasına deyil, necə çatdırılmasına önəm verməlidir. Məsələn, özünə xəsarət yetirməyə çalışan, intihara cəhd etmək istəyən şəxslərin görüntüsü tamaşaçılarda mənfi emosiyaların yaranmasına səbəb ola bilər. Tamaşaçılar arasında uşaq, yeniyetmə və yaşlı insanlar olduğundan bu kimi kadrların, hətta psixoloji pozuntulara yol aça biləcəyini gözardı etmək olmaz.

Məhz bu səbəbdən jurnalistin psixoloji biliklərə yiyələnməsi olduqca vacibdir. Xəbərlərdə sifarişli materiallara yer verilməməlidir. Bu, ilk baxışda, əsl peşəkarlar üçün bir aksiomadır. Lakin yüz min əhalisi olan kiçik şəhərlərdə fəaliyyət göstərən bir çox regional KİV sahibləri ona əsaslanırlar ki, reklam verən özü haqqında müsbət rəy formalaşdıran məqalə və süjetlərə, açıq formada reklamın yerləşdirilməsinə üstünlük verir. Bununla əlaqədar olaraq, hətta regional televiziya şirkətləri üçün işçilər hazırlayan bəzi tədris mərkəzləri öz kurslarında jurnalistlərə “gözə çarpmayan” sifarişli material hazırlamağı öyrədirlər.

Obyektivliyin ən əhəmiyyətli şərtlərindən biri də təqdim edilmiş informasiyanın, faktların və irəli sürülmüş fikirlərin tamlığıdır. Teletamaşaçılar “müstəqil” informasiyaya deyil, obyektiv informasiyaya ehtiyac duyurlar. Müstəqil fikirlər ola bilər, onları isə alternativ mülahizələrlə müqayisə etmədən qiymətləndirmək mümkün deyil.

Hadisə, veriliş və ya film qəhrəmanlarının kimliyindən asılı olmayaraq, jurnalist onların şəxsi həyatına müdaxilə etmək hüququna malik deyil. Burada yalnız gözlənilmədən insanların yaşadıqları əraziyə daxil olma və ya gizli çəkilişdən (gizli kamera, mikrofon, teleskopik obyektiv və s.) söhbət getmir. Analoji hədəflərə ictimai yerlərdə qəhrəmanı onun ən az diqqət mərkəzində olmaq istəyəcəyi anda yaxalayaraq, asanlıqla nail olmaq mümkündür. Müəllifin peşə borcu qəhrəmanın razı olub-olmamasından asılı olmayaraq, belə hallarda onun maraqlarına uyğun hərəkət etməkdir. Lakin bu zaman jurnalist nəticələrə görə tam məsuliyyət daşıyır.

Peşəkar jurnalistikada gözlənilməsi vacib olan əsas etik prinsiplərdən bəhs edərkən, diffamasiya haqqında qanun da xüsusi qeyd olunmalıdır. Bir çox qərb ölkələrində “zərər çəkmişlər” böhtanın, yəni insanın reputasiyasına xələl gətirən məlumatların nəşrinin yolverilməzliyi haqqında qanunun müdafiəsi üçün müraciət edirlər.

Qanunsuz işlərdə iştirakda ondan şübhələnməyə səbəb olan, ətrafdakı insanlarda qərəz yaradan və həmin insanla əlaqə və görüşlərdən çəkindirən müəyyən xəstəliklərin mövcudluğu barədə böhtan xarakterli materiallar da şəxsiyyətə ziyan vurur. Şəxsi düşüncələri ilə uyğun gəlməyən baxışlara görə və ya qeyri-qanuni fəaliyyətdə ittiham edilən insan cavab vermək hüququndan istifadə edə bilər. Mübahisəli məsələlərdə fərqli baxışlara bərabər imkanların yaradılması, plüralizm, fikri ifadə etmək azadlığı təmin olunmalı, fərqli rəylərə və maraq qruplarına yer verilməlidir. Bu, məsələyə qərəzsiz, obyektiv yanaşmaq və balansı qorumaq üçün mühüm amildir. İnformasiyanın doğruluğu, etibarlılığı və tamlığına isə yalnız qərəzsizlik şərti ilə nail oluna bilər. Deməli, jurnalistikanın qərəzsizlik, tərəfsizlik, obyektivlik, vicdanlılıq və s. kimi peşəkarlıq meyarları bir-biri ilə ayrılmaz surətdə bağlıdır.

“Şaxtaçılar kömür əldə edirlər, biz reytinq. Əlbəttə, tamaşaçının diqqətini hadisə və qalmaqallarla cəlb etmək daha asandır, nəinki innovasiya və elmi nailiyyətlərlə. Bunu baxımlı etməyin üsullarını bilmək lazımdır. Lakin reytinq arxasınca getdikdə azadlıq və özbaşınalıq arasındakı incə çizgini keçməmək önəmlidir. Çünki onun meyvələri cəmiyyət üçün zərərsiz olmaya bilər”.

Televiziyanın hadisələri vizuallaşdırmaq imkanı, görüntü ilə işləyən zaman diqqət yetirilməli incə məqamlar peşə etikası ilə əlaqədar bir sıra problemləri önə çıxarır. Bu səbəbdən televiziyada etika ilə bağlı mübahisələr çox güman ki, hər zaman olacaq.

Hacıbaba Mustafayev