Bakıda “Range Rover”lə 4 nəfəri vurub öldürməyə görə 9 il müddətinə məhkum edilmiş “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi yenidən araşdırılır.

4 nəfərin ölümünə səbəb olan qəza yerindən

 

Heftelik.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində yeni baxışa təyin olunub, birinci iclas keçirilib.
Yaddaş üçün deyək ki, Elşad Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı məlum cinayətə görə nəzərdə tutulmuş sanksiyanın ən aşağl hədddinə- 9 ilə endirib.

Lakin klub prezidenti həbsdə qalmaq istəmir. O apellasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib, işinə yenidən baxılmasını tələb edib. Keçmiş sədr Ramiz Rzayevin son iş günlərində baxılan cinayət işində verilən qərar Elşad Kəlbəliyevi qane edib. Belə ki, Ali Məhkəmə 9 illik həbs cəzasını ağır hesab edərək, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.

“Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyev

İndi isə qayıdaq qaldığımız yerə…

Artıq cinayət işinin materialları yeni hakim tərəfindən vərəqlənir. Budəfəki qərar da asan olmayacaq. Hakim ya öz qərarlarını qüvvədə saxlamalı, ya da yeni qərar qəbul etməlidir. Müdafiə tərəfi isə məhkum klub prezidentini azadlığa çıxarmaqda israrlıdırlar.
Hətta klub prezidentini müdafiəsini də bu işləri ən yaxşı bilənlərdən biri-vəkil Əli Hüseynov həyata keçirir.

Onu da qeyd edək ki, Elşad Kəlbəliyev və şirkət rəhbəri atası bu işin ən aşağı cəza ilə yekunlaşması üçün əllərindən gələni ediblər…
Məsələn, hələ Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdə məlum olmuşdu ki, qəzada həlak olanların yaxınları-zərərçəkmiş şəxslərin hüquqi varisləri şikayətçi deyillər.


Elşad Kəlbəliyev ifadəsində özünü qismən təqsirli bildiyini, oğlunun hərarətinin qalxması ilə bağlı xəbər aldığına görə maşının sürətini artırdığını deyib.

Artıq iş kuliminasiya nöqtəsindədir.

*Son çəkici Bakı Apellyasiya Məhkəməsinin yeni hakimi Fərid Əyyubov vuracaq. *

İşi diqqətdə saxlayırıq.

 

 “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzov